Şuşaya yola düşən ilk avtobusun sərnişinləri şəhərin tarixi-mədəni məkanları ilə tanış olublar

 

Yanvarın 24-də Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb.

AZƏRTAC xəbər verir ki, saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Bakı-Şuşa avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır.

Aydın Kərimov bildirib ki, Şuşanın azad olunduğu gündən bir ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanıb. Bunların sırasında tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını xüsusi qeyd etmək olar.

Xüsusi nümayəndənin sözlərinə görə, Bakı-Şuşa avtobus reysinin ilk sərnişinləri mədəniyyət paytaxtı elan olunan Şuşa ilə əyani tanış ola biləcək, şəhərin dirçəlməsinin canlı şahidi olacaqlar. O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.

Şuşa Şəhər Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat veribqonaqlara xoş istirahət arzu edib.

Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.

 

Azərbaycan.- 2022.- 25 yanvar.- S.3.