Ədliyyə Nazirliyinin vahid Çağrı Mərkəzinin təqdimatı
olub
Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi davam etdirilir. Dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi feysbuk səhifəsində ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə canlı yayımların təşkili də əhalinin hüquqi maarifləndirilməsində mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlər çərçivəsində yanvarın 24-də Ədliyyə Nazirliyi tərəfindən onlayn qaydada növbəti canlı yayım təşkil edilib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə nazirliyin vahid Çağrı Mərkəzinin fəaliyyəti və texniki imkanları barədə ictimaiyyətə ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tövsiyə və tapşırıqları Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bununla əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə nazirliyin saytında “Vətəndaşlar üçün” ayrıca bölmə yaradılaraq bütün əlaqə vasitələri, eyni zamanda, qəbul işinin təkmilləşdirilməsi məqsədilə nazirliyin rəhbərliyinin və bütün struktur qurumlarının qəbul günləri yerləşdirilib. Hazırda pandemiya şəraiti ilə əlaqədar karantin rejiminin davam etməsi nəzərə alınaraq videoformatda qəbulların keçirilməsi mütəmadi xarakter alıb, vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin dövlət kommunikasiya siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyinin fəaliyyətində şəffaflığın və ictimai iştirakçılığın genişləndirilməsi, innovativ yanaşmanın tətbiqini şərtləndirir. Bununla əlaqədar vətəndaşların müraciətlərinə daha operativ, mütəşəkkil qaydada baxılmasının təmin edilməsi üçün çağrı mərkəzlərinin fəaliyyəti mühüm rol oynayır.
Ədliyyə Nazirliyi tərəfindən 2011-ci ildən vətəndaş müraciətlərinə təxirəsalınmadan obyektiv baxılaraq zəruri tədbirlər görülməsi, onlara ciddi nəzarət edilməsi ilə bağlı “qaynar xətt”lər yaradılaraq fəaliyyət göstərir.
Dövlətimizin başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda Ədliyyə Nazirliyinin “qaynar xətt”lərin işinin çağrı mərkəzlərinin fəaliyyətinə dair qanunvericiliyin tələblərinə tam uyğun qurulması və Çağrı Mərkəzinin fəaliyyətinin müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) tətbiq olunmaqla təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.
Bununla əlaqədar nazirlikdə fəaliyyət göstərən “qaynar xətt”lərin əsasında vahid Çağrı Mərkəzinin yaradılması və müasir İKT-nin tətbiqi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, IP telefoniya texnologiyaları əsasında zəruri proqram texniki infrastruktur formalaşdırılmış, üçrəqəmli (881) vahid telefon nömrəsi əldə edilib, əməkdaşlar üçün avtomatlaşdırılmış işçi yerləri quraşdırılıb.
Müraciət edənlər barədə asan və tez məlumat almaq, əlavə araşdırma tələb olunan müraciətləri aidiyyəti üzrə ötürmək və cavabları toplamaq işinin operativliyinin təmin edilməsi məqsədilə yeni sistem “Əhalinin dövlət reyestri” və “Elektron sənəd dövriyyəsi” ilə inteqrasiya olunub.
Diqqətə çatdırılıb ki, eyni zamanda, Çağrı Mərkəzində çalışacaq işçilər üçün vəzifə təlimatı hazırlanıb, nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşların daha çox ünvanladıqları müraciətlərlə bağlı şablon cavab formaları tərtib edilərək müvafiq sistemə yerləşdirilib.
Həmçinin aidiyyəti əməkdaşlarla Ədliyyə Akademiyası tərəfindən stressədavamlılıq və gərgin rejimdə işləmək və digər zəruri peşə bacarıqlarının artırılması ilə bağlı ünsiyyətin növləri, ünsiyyət zamanı tərəf müqabilinə təsir etmənin əhəmiyyəti, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər, konfliktlər və onların həlli metodları, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarının tələbləri və bu qaydaların pozulmasına görə məsuliyyət mövzularında təlimlər keçirilib.
Operatorlar Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul edəcək və dərhal cavablandıracaq, müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda aidiyyəti üzrə nazirliyin struktur qurumlarına ötürəcəklər.
Canlı yayımda, həmçinin maraq doğuran digər məsələlərə toxunulub, sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.
Azərbaycan.- 2022.- 25 yanvar.- S.3.