“Azərbaycan-İran
əməkdaşlığında əsas sahələrdən
biri də nəqliyyat-tranzit sektorudur”
Azərbaycan ilə İran arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Nəqliyyat-tranzit sektoru bu istiqamətdə ən öncül sahələrdən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu yanvarın 24-də jurnalistlərə açıqlamasında İran nümayəndə heyəti ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Baş nazirin müavini Şahin Mustafayev deyib.
Şahin Mustafayev bildirib ki, İranın nümayəndə heyəti Tehrandan, Azərbaycan nümayəndə heyəti isə Bakıdan birbaşa Füzuli beynəlxalq hava limanına gəlib: “Biz birlikdə işğaldan azad olunan ərazilərə səfər etdik. Qonaqlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər. Nümayəndə heyətinə məlumat verildi ki, düşmən 30 ilə yaxın bir müddətdə şəhər və kəndlərimizi vəhşicəsinə dağıdıb, bütün infrastruktur, avtomobil və dəmir yolları məhv edilib”.
Baş
nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham
Əliyevin sosial-iqtisadi inkişaf
siyasətinin əsas prioritetini işğaldan azad olunmuş ərazilərin bərpası təşkil
edir. “Qonaqlar işğaldan azad edilmiş ərazilərin bərpasının
necə sürətlə həyata keçirilməsinin şahidi oldular.
Gördülər ki, çox
qısa müddətdə Füzulidə hava
limanı inşa olunub.
Zəngilanda yeni hava
limanı tikilir. Onlara
məlumat verildi ki,
Laçında da hava
limanının inşası həyata keçirilir.
Qonaqlar Zəngəzur nəqliyyat dəhlizinin
tərkib hissəsi olan, Azərbaycanın
azad olunmuş ərazilərindən
keçən Horadiz-Ağbənd dəmir yolunun
və Horadiz-Ağbənd avtomobil
magistralının tikintisi ilə
tanış oldular. Diqqətə
çatdırıldı ki, bu infrastruktur layihələri
gələn ilin sonunadək başa çatacaq”.
Azərbaycan.- 2022.-26 yanvar.- S.2.