İşğaldan azad edilmiş ərazilərin bərpasına, sosial-iqtisadi inkişafına qadın sahibkarlarımız da öz töhfələrini verəcəklər

 

2020-ci il Azərbaycan dövlətinin və xalqının çoxəsrlik tarixinə əlamətdar il kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu hadisə Azərbaycanın çoxəsrlik tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu. Şanlı Qələbəmiz təkcə tarixi ədalətin bərpası və Azərbaycanın haqlı mübarizəsinin kulminasiya nöqtəsi deyil. Qələbə nəticəsində regionda yeni reallıqlar yarandı və Azərbaycanın onsuz da böyük olan rolunun bundan sonra daha da artması üçün yeni imkanlar formalaşdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında ifadə edib.

Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın iqtisadi rayonlarının bölgüsünə yenidən baxıldı və işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu rayonlar böyük iqtisadi potensiala malikdir. Təbii ki, həmin iqtisadi rayonların imkanlarından səmərəli istifadə və onların potensialının ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın bundan sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. İndi həmin ərazilərdə bərpa prosesi ən müasir tələblərə cavab verən səviyyədə müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qısa müddət ərzində nəhəng infrastruktur layihələri artıq reallaşdırılıb və hazırda da bu istiqamətdə işlər davam edir.

YAP Sədrinin müavini qeyd edib ki, bu gün dövlətimizin əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması, Böyük Qayıdışın təmin edilməsidir. Həmin ərazilər minalardan təmizləndikcə məskunlaşma prosesi həyata keçiriləcək. Təbiidir ki, insanlarımız doğma torpaqlarına qayıtdıqca ən aktual, ən vacib məsələlərdən biri də onların iqtisadi fəallığının, məşğulluğunun təmin edilməsidir. Bu proses ölkəmizin daha sürətli inkişafı üçün möhkəm zəmin yaratmış olacaq. Bilirsiniz ki, həmin iqtisadi rayonların iqtisadiyyatına, o cümlədən sosial infrastruktur layihələrinə böyük investisiyalar yatırılır. Dövlət büdcəsinin önəmli bir hissəsi bu ərazilərdə quruculuq işlərinin yerinə yetirilməsinə sərf olunur. Eyni zamanda, bu prosesdə xarici ölkələrin də şirkətləri iştirak edirlər. Xüsusilə, qardaş Türkiyənin şirkətləri həmin ərazilərdə fəal çalışır. Bununla belə bu prosesə yerli sahibkarlarımızın da aktiv qoşulması çox önəmli bir məsələdir.

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolumövzusunda keçirdiyimiz konfransın da əsas mahiyyəti odur ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda, həmin ərazilərin sosial-iqtisadi inkişafında qadın sahibkarların iştirakını təşviq edək. Düşünürəm ki, bu konfransda dövlət orqanlarının nümayəndələri tərəfindən verilən məlumatlar, aparılan müzakirələr nəticəsində qadın sahibkarlarımızda azad edilmiş ərazilərdə mövcud vəziyyətlə bağlı aydın təsəvvür formalaşacaq və onlar həmin ərazilərin bərpası prosesində yaxından iştirak edərək quruculuq işlərinə öz töhfələrini verəcəklər”, - deyə Tahir Budaqov əlavə edib.

 

Azərbaycan.- 2022.- 26 yanvar.- S.3.