Dünyanın qəbul etdiyi Zəfər yeni
reallıqlar yaratdı
Bu, beynəlxalq ictimaiyyət tərəfindən də
tam dəstəklənir
Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınan tarixi ərazilərinin 30
ilə yaxın müddətdə işğal altında
qalması çağdaş dövrümüzün ən
böyük ədalətsizliklərindən biri idi.
Torpaqlarımızın
təxminən 20 faizi Ermənistan tərəfindən zəbt
edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba
yurdundan didərgin salınmış,
qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində
qoyulmuşdu. Bütün bunlar sivil dünyanın gözü
qarşısında baş versə də, dövlətlərin
ərazi bütövlüyünün pozulmasının
yolverilməzliyi ilə bağlı beynəlxalq konvensiyalar
kobud şəkildə tapdalansa da, həmin sənədləri
qəbul edən təşkilatlar susqunluq, laqeydlik, biganəlik
nümayiş etdirirdilər, işğalçını
öz adı ilə çağırmaqdan uzaq olurdular.
İlham Əliyev vasitəçilərin istəmədiyi
ədaləti bərpa etdi
Ermənistanın
işğal siyasətinə göz yumulması,
ayrı-ayrı dövlətlər və təşkilatlar səviyyəsində
biganəlik əslində məqsədyönlü xarakter
daşıyırdı. Məqsəd zaman ötdükcə Azərbaycanın
işğalla barışdırılması, tarixi
torpaqlarımızda erməni dövlətinin
yaradılması olubdu. Lakin bu illər ərzində Prezident
İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni
dövlətinin yaradılmayacağını və ərazilərimizin
işğaldan azad olunacağını daim bəyan edirdi.
2020-ci ilin Vətən müharibəsində isə İlham
Əliyev öz vədini qətiyyətlə yerinə yetirdi,
dövlət başçısı, Ali Baş Komandan kimi
tarixi missiyasını layiqincə icra etdi.
Vətən müharibəsi
günlərində Azərbaycan beynəlxalq təzyiqlərlə
üzləşdi. Erməni təəssübünü
çəkənlər, dünya erməniliyi respublikamıza
qarşı əsassız şəkildə ittihamlar səsləndirdilər.
Hətta Fransanın rəsmi siyasi dairələri bu ölkənin
ATƏT-in Minsk qrupunun həmsədri olduğunu da unutdular və
Ermənistanın işğalçı siyasətini
açıq şəkildə müdafiə etməyə
qalxdılar. Müharibə günlərində BMT səviyyəsində
də Azərbaycana qarşı təzyiqlərin edilməsinə
cəhd göstərildi. Lakin Prezident İlham Əliyevin
düşünülmüş və uğurlu diplomatiyası
nəticəsində bu təşkilatda ölkəmizin milli
maraqlarına zidd olan sənədin qəbul edilməsinə
imkan verilmədi.
Beləliklə, 44
günlük Vətən müharibəsi dövründə
Azərbaycan dövləti öz milli maraqlarını qətiyyətlə
təmin etdi. Prezident İlham Əliyev beynəlxalq hüquqa
söykənərək vasitəçilərin təmin edə
bilmədiyi ədaləti müharibədə Ermənistanın
məğlub edilməsi ilə bərpa etdi.
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı
mövqeyinə şahidlik etdi
Vətən müharibəsi
tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın
beynəlxalq səviyyədə təsdiq olunmuş
hüquqlarını bərpa etməsi,
torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın
işğal siyasətinə birdəfəlik son
qoyulmasıdır.
Müharibənin
başa çatmasından sonra da Azərbaycanın haqlı qələbəsinə
qarşı çıxanlar oldu. Yerli televiziyalara müsahibəsində
Prezident İlham Əliyev bu barədə danışaraq
bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını
yada salsaq, onların yeni reallıqlardan tamamilə uzaq
olduqlarını görərik. Fransa dövləti müxtəlif
siyasi təzyiqlərdən istifadəyə cəhd göstərdi.
2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq
Qarabağdakı separatçı rejimin tanınması ilə
bağlı qətnamənin qəbulu da bu ölkənin Ermənistanın
işğal siyasətinə dəstəyinin və Azərbaycana
təzyiqinin bir forması idi. Təbii ki, torpaqlarını
döyüş yolu ilə azad etmiş Azərbaycanla təzyiq
və təsir dilində danışmaq faydasız və
yersizdir. Fransa senatının qətnaməsinin kağız
üzərində qalması da bunu təsdiq etdi.
Vətən müharibəsindən
sonra da Azərbaycan siyasi-diplomatik istiqamətdə fəal
iş apardı. Xarici diplomatik korpusun nümayəndələrinin,
respublikamıza gələn əcnəbi qonaqların
işğaldan azad olunmuş ərazilərə səfərləri
təşkil olundu. Döyüşlərin başa çatmasından
sonra dünya erməni vəhşiliyinə, Ermənistanın
işğal altında saxladığı Azərbaycan
torpaqlarında törətdiyi cinayətlərə şahidlik
etdi. Bütün bunlar dövlətimizin haqlı mövqeyini
bir daha dünyaya çatdırdı.
Döyüşlərin
başa çatmasından dərhal sonra Qarabağ və Şərqi
Zəngəzurda sürətli bərpa işlərinə
başlanıldı. Beynəlxalq ictimaiyyət Azərbaycanın
işğaldan azad etdiyi torpaqlarını yenidən qurmaq əzmini
gördü. Möhtəşəm layihələrin həyata
keçirilməsinə başlanılması və qısa
müddətdə onların başa
çatdırılması ilə dünya birliyi bir daha Azərbaycanın
44 günlük müharibədə haqlı tərəf
olduğunu gördü.
İlham ƏLİYEV: “İndi biz öz haqq işimizə
qat-qat artıq dəstək görürük”
Qeyd edək ki, hələ 2020-ci ilin
noyabrında Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, üçtərəfli
razılaşmadan boyun qaçırması Ermənistan
üçün intihar olar. Bu açıqlama müharibənin
nəticələrinə dair Rusiya dövlətinin obyektiv
münasibəti idi. 2022-ci il ərzində keçirilən
üçtərəfli Moskva və Soçi
danışıqları bir daha təsdiqlədi ki, Rusiya
İkinci Qarabağ müharibəsinin nəticələrini
tam qəbul edir.
Azərbaycanın qələbəsi
Avropada da qəbul olunur. Hələ ötən ilin iyul
ayında ölkəmizə səfər edən Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel
nitqində Dağlıq Qarabağ, status və s. bu kimi ifadələr
işlətmədi, hətta Ermənistanla Azərbaycan
arasında bəzi məsələləri “mübahisə”
adlandırmadı. Ötən ilin dekabr ayında Prezident
İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa
İttifaqı tərəfindən obyektiv mövqe ortaya
qoyuldu. Bu, onu göstərir ki, Avropa İttifaqı 44 günlük
müharibədən sonra yaranmış yeni
reallığı başa düşür və regionla
bağlı siyasətində bu reallığı nəzərə
alır. “...Bu gün beynəlxalq təşkilatlar - BMT,
Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı,
MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm
formal mənada, həm də xalis ünsiyyətdə
görürük. Üstəlik, mən beynəlxalq
strukturların çoxsaylı rəhbərləri və
dövlət başçıları ilə əlaqədə
olarkən müşahidə edirəm, indi biz öz haqq
işimizə qat-qat artıq dəstək görürük”,
- deyə Prezident İlham Əliyev bildirib. Ermənistanın
qatı müdafiəçisi olan Fransa da artıq
reallıqları qəbul edib və anlayır ki, Azərbaycana
təzyiq etmək mümkün deyil.
Vətən müharibəsinin
nəticəsində Azərbaycanın yaratdığı yeni
reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tam
qəbul olunur. 44 günlük savaşda qazanılan Zəfərin
dünyada qəbul edilməsi həm də onu göstərir
ki, Azərbaycan öz milli mənafelərini uğurla təmin
edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan. - 2022.-26 yanvar.- S.1; 5.