Yolumuz Şuşayadır

 

Mədəniyyət paytaxtımıza - Zəfər qalasına müntəzəm avtobus reysləri başladı

 

44 günlük müharibə və 44 sərnişin! Bunlar sadəcə rəqəmlər deyil, Şuşanın timsalında bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən, yeni tariximizdə xüsusi dəyəri olan hadisələrin simvolik rəmzləri, başlanğıcları, dönüş nöqtələridir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıqla döyüşən müzəffər ordumuz yurd yerlərimizi işğaldan azad etdi. 44 günlük savaşın əsas əməliyyatlarından biri isə Şuşa uğrunda oldu. Təsadüfi deyil ki, Şuşanın azad edildiyi gün təqvimə Zəfər günü kimi düşdü.

Əsrlər boyu zəngin tarixi, mədəni və mənəvi irsimizin ünvanına çevrilən Şuşa qalası, Cıdır düzü kimi tarixi mədəniyyət ocaqlarımızın yerləşdiyi qədim Şuşa, igid oğullarımızın  qanı ilə suvarılan bu torpaqlar bu gün bütün azərbaycanlılar üçün həm də müqəddəs ziyarətgaha çevrilib. İllərlə həsrətini çəkdiyimiz bu doğma torpaqlarda olmaq, bu əziz diyarı ziyarət etmək hər bir azərbaycanlının arzusudur.

Şəhərdə bərpa və yenidənqurma işlərinin getməsinə baxmyaraq, Azərbaycan dövləti öz vətəndaşlarına qədim yurd yerimizi görmək imkanları yaradıb. Bu məqsədlə Bakı-Şuşa-Bakı avtobus reysinin açılması vətəndaşların sevincinə səbəb olub. Prezident İlham Əliyevin tapşırığı ilə artıq hər bir azərbaycanlı bundan sonra müntəzəm həyata keçiriləcək avtobus reysləri vasitəsilə doğma Şuşa şəhərinə səfər edəcəklər.

Qarabağın tacı, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan doğma Şuşa vaxtilə olduğu kimi, yenə də onu görməyə gələn qonaqlarını avtovağzal ərazisində qarşılayaraq özünün əvvəlki ənənələrinə sadiq olduğunu bir daha nümayiş etdirdi. İlk səfər yanvarın 24-də həyata keçirildi. Bakı-Şuşa-Bakı reysi bundan sonra mütəmadi olaraq təşkil ediləcək. Azərbaycan vətəndaşları artıq digər bölgələrə olduğu kimi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşaya da daim səfər edə biləcəklər.

Havanın qarlı-şaxtalı olması, yola sərf edilən 13 saat müqabilində şəhərlə tanışlığa yalnız 2 saatın ayrılmasına baxmayaraq, Şuşa-Bakı-Şuşa reysinə maraq göstərənlərin sayı həddindən artıq çox olub. Lakin ilk səfərdə 6-sı Şuşa sakini olmaqla, ümumilikdə 44 nəfər bu müqəddəs şəhərə səfər etdi.

Şuşaya səfər qiymətlərinin olduqca münasib - bir nəfər üçün 10 manat 40 qəpik müəyyən edilməsi də hər bir Azərbaycan vətəndaşı üçün bunun əlçatan olmasına hesablanıb. Marşrut xətlərinə bilet satışı onlayn qaydadaYolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

Şuşa ilinin ilk ayında bənzərsiz tarixi görkəmi olan bu müqəddəs şəhəri ziyarət edənlər burada yalnız erməni vandallarının törətdiyi dağıntılarla, şəhərin işğaldan azad edilməsi üçün aparılan qanlı mübarizənin izləri ilə tanış olmayıblar. Onlar həm də azadlığa qovuşan Şuşada Azərbaycan Prezidenti

İlham Əliyevin tapşırığı ilə qısa zaman ərzində gercəkləşməyə başlayan infrastruktur layihələrinin icrasının birbaşa şahidi olublar. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması, yenidənqurma işlərinin aparılmasındakı çeviklik buraya səfər edən hər bir azərbaycanlıda qürur hissi yaradır, dövlətinin qüdrətinə, iqtisadi gücünə olan inamını daha da möhkəmləndirir.

Şuşaya bundan sonra da səfər edəcək hər bir azərbaycanlı tarixin bu dövrünü - şəhərin dirçəlməsi üçün aparılan yenidənqurma işlərini öz gözləri ilə görə biləcək.  Şuşaya səfər edənlər yalnız bunlarla tanış olmurlar, onlar həm də təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulanbu il 270 illiyi qeyd olunacaq Şuşa şəhərinin inkişaf tarixinin, onun dirçəliş dövrünün canlı şahidinə çevrilirlər.  Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşanın əsl tarixi simasının qaytarılması üçün böyük layihələr  gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyininÜzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə tarixi, dini və memarlıq abidələrinin bərpası bu mədəniyyət paytaxtında həyata keçirilən kompleks işlərin, Böyük Qayıdışa hazırlığın yalnız bir hissəsidir.

İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində daha da parlayacaq Şuşa özünün inkişafı, əzəməti ilə düşmənə getdikcə daha çox gözdağı verəcək.

Bu gün hər kəs Şuşanı, bu doğma yurdun möhtəşəmliyini görməyə, igidlərimizin ruhunu özündə daşıyan müqəddəs torpaqları ziyarət etməyə tələsir. Yolunuz açıq olsun, əziz sərnişinlər!

 

İlhamə İSABALAYEVA,

 

Azərbaycan.- 2022.- 26 yanvar.- S.1; 7.