Azərbaycan turizm sektorunu sürətlə bərpa etmək imkanına malikdir

 

Ölkəmiz qənirsiz gözəlliyi, bənzərsiz təbii mənzərələri ilə səyyahların diqqətini özünə cəlb edən nadir diyarlardandır. Bakıya ayağı dəyən istənilən əcnəbi burada insanların qonaqpərvərliyinə və tolerantlığına heyran qalır.

İzvestiya” qəzetinin keçmiş baş redaktoru V.Abramov 50-yə yaxın ölkəni gəzən turist kimi Bakıya dəfələrlə qonaq gəlib. O, paytaxtımızın gözəllikdə heç bir məşhur şəhərdən geri qalmadığını deyib: “Bilirsinizmi, Bakını dünyanın istənilən şəhəri ilə müqayisə etdikdə, lap elə məşhur bulvarı olan Neapolla yan-yana qoyduqda bura daha gözəl, daha cazibədardır. Oradakı insanlarla buradakılar eyni deyil, fərqlidirlər. Orada insanlar qapalıdırlar və sənə açıq deyillər, adama elə əcnəbi kimi də baxırlar. Azərbaycanlılar açıqürəkli və gülərüzdürlər, qonaq qarşılamaqdan zövq alırlar”.

Vitalinin həyat yoldaşı Lida isə Azərbaycanda keçirdiyi ad gününü, onun şərəfinə dağlarda gecə qalanan adi tonqalı heç vaxt unutmayacağını deyib, eləcə də Bakının gözəlliyini vurğulayıb: “Sizin şəhər yağışların və rütubətin içində gizlənən Venetsiyadan daha qədim və qat-qat gözəldır!”

Azərbaycan hər bir turistin qəlbində yer tutmağı, onu özünə çəkməyi bacaran ölkədir. İtaliyalı sosioloq Litsiya burada keçirdiyi hər günü yaddaşına bir nağıl, əfsanə kimi qeyd etdiyini, hopdurduğunu yazır. İordaniyalı jurnalist Sudah Maruan isə həyat yoldaşı Elena Neduqina ilə Azərbaycana gələcəkləri günü səbirsizliklə gözləyirlər. Bir sözlə, Bakıya aşiq olanların, onun üçün uşaq kimi darıxanların sayı-hesabı yoxdur.

Təəssüf ki, son iki ildə pandemiya iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizm sektoruna sarsıdıcı zərbələr endirdi. Ölkəyə gələn qonaqların az qala “ayağı kəsildi”. Keçən ilin ortalarında BMT-nin hazırladığı məruzədə deyilirdi ki, koronavirus pandemiyası turizm sektoruna bütünlükdə ölümcül zərbə endirəcək və 2020-2021-ci illərdə dəyən zərər təxminən 4 trilyon dollardan artıq olacaq. Məruzənin müəllifləri qeyd edirdilər ki, 2020-ci ildə beynəlxalq turizmonunla sıx bağlı olan sahələr artıq 2,4 trilyon dollar itiriblər. Belə ki, 2020-ci ildə xarici turistlərin sayı tam bir milyard nəfər və ya 73 faiz azalıb. Dünya Səhiyyə Təşkilatı isə hələ də insanları səyahətlərdən daşınmağa çağırır. Proqnozlar o qədər də ürəkaçan deyil: planetimizdə turizm sektorunun bərpası 2023-cü ildən tez gözlənilmir.

Azərbaycanla bağlı statistik rəqəmləri nəzərdən keçirəndə görürük ki, 2021-ci ildə respublikamıza dünyanın 167 ölkəsindən 797 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxslər gəlmişdir. Bu rəqəm əvvəlki illə müqayisədə 0,5 faiz azdır.

Bütün bunlar təbii ki, postpandemiya dövrünün problemləri ilə bağlıdır. Belə ki, pandemiyadan əvvəl 2019-cu ildə Azərbaycana 3 milyon 170,4 min nəfər turist gəlmişdi. Bu da 2018-ci ilin göstəricisindən 11,3 faiz artıq idi. Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olmuşdur. Bu, Dövlət Statistika Komitəsinin yaydığı məlumatdır.

2019-cu il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artmışdır. Bundan başqa, turistlərin arasında ən çox artım Türkmənistanda (84,2 faiz), Hindistanda (66,8 faiz), Çində (62,4 faiz), Misirdə (55,6 faiz) və Malayziyada (54,9 faiz) müşahidə olunmuşdur.

Keçən il isə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya Federasiyası, 25 faizi Türkiyə, 15,8 faizi İranın payına düşürdü. 2020-ci illə müqayisədə ötən il Gürcüstandan gələnlərin sayı 66, Hindistandan - 55,3, Səudiyyə Ərəbistanından - 26, Özbəkistandan - 20,3 faiz azalmışdır. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2, ABŞ-dan - 69,3, Almaniyadan - 67,7, İsraildən - 57, Böyük Britaniyadan - 33,7, İtaliyadan - 24, Türkiyədən - 23,3, Rusiya Federasiyasından 14,7 faiz artmışdır. 2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfərə çatmışdır.

Azərbaycan artıq dünyanı heyran qoyan ölkəyə çevrilmişdirburaya gəlmək istəyənlərin sayı yüz minlərlədir. Pandemiya dünya iqtisadiyyatına zərbə vurmaqla yanaşı, hər bir turistin də büdcəsini zəiflətdi. Buna görə də biz turizm axınını gücləndirmək üçün mütləq müəyyən güzəştləri tətbiq etməliyik, həm də daxili bazarda rəqabəti gücləndirməliyik. Təyyarə biletlərinin, hotellərin və iaşə xidmətlərinin qiymətlərinin hamısı turisti qane etməlidir.

Azərbaycan nə qədər sürətlə yenilikləri tətbiq edəcəksə, bir o qədər də artıq turist qəbul edə biləcək.

 

Bahadur İMANQULİYEV