Bir ildə 3 min mənzil, 164 avtomobil, 45 min şəxsə
50 min növ xidməti fəaliyyət...
İlham Əliyevin qlobal böhran şəraitində təsdiqlədiyi
sosial dəstək proqramı real nəticələr verir
Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır. Yəni hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlamasıdır.
Şəhid ailələrinin,
qazilərin sosial təminatı hər zaman prioritetdir
İki ildir bəşəriyyəti
çətin sınaqla üz-üzə qoyan qlobal böhranla
mübarizəyə baxmayaraq, Azərbaycanda bir dənə də
olsa sosial layihə təxirə salınmayıb. Bu da bir daha təsdiqləyir
ki, dövlət siyasətinin mərkəzində vətəndaş
rifahının təminatı prinsipi dayanır. Bunu Prezident İlham Əliyevin sosial sahədə
gerçəkləşdirdiyi islahatlar da bir daha təsdiqləyir.
Təkcə postmüharibə dövründə
reallaşan sosial layihələrə nəzər yetirsək,
buna şahidlik edərik.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,
Prezidentin sosial islahatları çərçivəsində
prioritiet məsələ ilk növbədə şəhid ailələrinin
və müharibə əlillərinin mənzillə təminatı
proqramının icrası olub. Ötən il bu
kateqoriyadan olanlara 3 min mənzil verilib. Postmüharibə
dövründə bu kateqoriyadan olan 45 min şəxsə 50
min növ xidmət göstərilib. Şəhid ailəsi
üzvləri olan 7942 şəxsə 15,841 sosial ödəniş,
2515 müharibə iştirakçısına əlillik və
sosial ödənişlərin təyinatı həyata
keçirilib. Mənzil proqramı 5 dəfə
genişləndirilib və 2021-ci ildə bu kateqoriyadan olan
şəxslərə 3 min mənzil verilib. 184 hərbçi
son nəsil 193 yeni protezlə, 1200 müharibə əlili 13
minə yaxın reablitasiya vasitəsi ilə təmin olunub. 1500-ə yaxın şəhid ailəsi üzvü və
müharibə iştirakçısı işlə təmin
edilib. Şəhid ailələri üzvləri,
müharibə iştirakçıları, erməni terrorundan
zərər çəkən şəxslər daxil olmaqla 10
minədək şəxsin məşğulluğuna dəstək
göstərilib, o cümlədən 6 minədək şəxs
özünüməşğulluq proqramına cəlb edilib,
4 minədək şəxs işlə təmin olunub.
Göründüyü kimi,
İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin,
müharibə əlillərinin problemlərinin həlli,
onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasıdır.
Ötən illərə nəzər
yetirsək, aydın şəkildə görərik ki, bu
sosial proqramlar ildən-ilə daha da genişlənir. Məsələn, şəhid
ailələri və müharibə əlillərinə 2018-ci
ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və
fərdi ev təqdim edilib.
Prezidentin 2021-ci il
25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara
2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin
verilməsinin nəzərdə tutulması proqramın daha da
genişlənməsinə imkan verib. Bunun nəticəsi olaraq
2021-ci ildə üç il əvvələ
nisbətən 5 dəfə çox olmaqla şəhid ailələrinə
və müharibə əlillərinə 3 min mənzilin verilməsi
proqramı icra olunub. Həmçinin əlillərin
avtomobillə təminatı da uğurla davam edir. Bu günədək 7400 müharibə əlilinə
avtomobil verilib. Ötən il isə
daha 164 nəfər müharibə əlili minik avtomobili ilə
təmin olunub.
Hər bir
addımını xalqın mənafeyinə uyğun atan
Prezident
Bütün bunlar 18 il
ərzində Azərbaycanı tarixinin ən qüdrətli
dövlətinə çevirən, fəaliyyətinin əsas
qayəsi xalqa və dövlətə sədaqətli, layiqli
xidmət prinsipi üzərində qurulan İlham Əliyevin
idarəçilik fəlsəfəsinin əsasını təşkil
edir.
Hər bir addımını
xalqın mənafeyinə uyğun atması, xalqına sədaqəti
cənab İlham Əliyevə ümumxalq sevgisi
qazandırıb. Prezidentin qlobal pandemiyanın gərgin dövrlərində
böyük sosial islahatlar paketi çərçivəsində
imzaladığı fərman və sərəncamlar, iqtisadi və
struktur islahatları, regionlara səfəri zamanı rəsmi
protokoldan kənara çıxaraq vətəndaşların
problemləri ilə maraqlanması, səbirlə onları dinləməsi,
arzu və istəklərini nəzərə alması, mehriban
təmasları İlham Əliyevin Prezident kimi üzərinə
götürdüyü öhdəliklərə sadiqliyinin,
dövlət başçısı kimi
qayğıkeşliyinin, səmimiliyinin bariz təcəssümüdür.
Son illərdə sosial sahədə
inqilabi islahatlar sosial ödənişlərin ciddi şəkildə
artırılmasına imkan verib. 2019-cu ildə əməkhaqları
və digər sosial ödənişlər orta hesabla 100 faiz,
bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat
növləri, təqaüdlər, müavinətlər təsis
olunub. 2019-cu ilin sosial ödəniş
artımları üçün dövlət büdcəsindən
illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb.
2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi
olub. COVID-19 pandemiyasının məşğulluğa
və sosial rifaha mənfi təsirlərinin
qarşısının alınması üçün sosial
dəstək proqramları icra olunub. Postmüharibə
dövründə şəhid ailələrinin, müharibə
əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60
faiz artımlar edilib, yeni təqaüd növləri təsis
olunub.
Elə bir sahə
yoxdur ki, əməkhaqqında, pensiya və təqaüddə
artım olmasın
Əməkhaqqında ciddi
artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar
indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən
11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min
pensiyaçını əhatə etdi. Ümumilikdə
2018-2021-ci illərdə sosial təminat növləri, yəni
pensiya, müavinət, təqaüd, ünvanlı dövlət
sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artırılaraq
6,4 milyard manata çatdırıldı.
2018-2021-ci illərdə orta aylıq əməkhaqqında
37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin
sayı 400 minə yaxın artıb.
Ötən il
pensiyalarda da artım oldu. İlin əvvəlindən
pensiyaların sığorta hissəsi 11,4
faiz indeksasiya edilərək artırıldı. 2021-ci ildə
pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331
manata, yaşa görə pensiyaların orta aylıq məbləği
8 faiz artaraq 358 manata çatdı. Ümumilikdə
isə son üç ildə pensiyaların orta aylıq məbləği
60 faiz artıb.
Prezidentin ötən il
imzaladığı “Əhalinin sosial rifahının
qorunması sahəsində əlavə tədbirlər
haqqında” Sərəncamı bu sahədə islahatların
uğurla davam etdirilməsinə real imkan yaratdı və
islahatların növbəti mərhələsi
reallaşdı. İllik əlavə 1,5
milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi
2,1 milyon insanı əhatə etdi.
Yeni islahat paketi çərçivəsində
minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300
manata çatdı. Həmçinin müəllimlərin və
digər təşkilatlarda işləyənlərin əməkhaqları
20-40 faiz aralığında artırıldı. Eyni
zamanda əlilliyi olan şəxslərin müavinətləri
I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə
üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə
110 manatdan 120 manata çatdırıldı.
Beşdən çox
uşağı olan qadınlara (hər uşağa görə)
müavinət 55 manatdan 70 manata, aztəminatlı
(ünvanlı sosial yardım alan) ailələrdəki
1 yaşadək uşaqlara aylıq müavinət 55 manatdan 70
manata yüksəldi. Uşağın anadan olmasına görə
birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn
üçün birdəfəlik müavinət 300-dən 350
manata qaldırıldı.
20 Yanvar faciəsinin 32-ci
ildönümü ilə əlaqədar şəhidlərin
ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik
maddi yardım edildi. Bu kateqoriyaya aid ümumilikdə 333 nəfərin
hər birinin bank hesabına 200 manat məbləğində
birdəfəlik maddi yardım köçürüldü.
Qeyd edək ki, digər sosial ödənişlərdə
artımlar edildiyi kimi, birdəfəlik maddi yardımın məbləği
də ötən ilə nisbətən 2 dəfə
artırılıb.
İşləməyən
pensiyaçı elmlər və fəlsəfə
doktorları üçün 2021-ci ilin əvvəlindən təqaüd
təsis olunub.
Elmlər doktorları üçün bu təminat 200 manatdan
300 manata, fəlsəfə doktorları üçün 120
manatdan 200 manata, “Xalq” fəxri adı üçün 150
manatdan 180 manata, “Əməkdar” fəxri adı
üçün 100 manatdan 120 manata
çatdırılıb.
Ümumilikdə əməkhaqqı və
digər sosial ödənişlərin artımı
üçün 2019-cu ildəki islahatlar üzrə illik əlavə
4 milyard manat, 2020-ci ildəki islahatlar üzrə illik əlavə
600 milyon manat, 2022-ci ildə isə yeni islahatlar üzrə
illik əlavə 1,5 milyard manat, son
üç ildə əməkhaqqı və digər sosial
ödənişlərin artırılması
üçün yalnız dövlət vəsaitləri
hesabına əlavə olaraq illik 6 milyard manat ayrılıb.
Vətəndaşın
gələcəyinə hesablanmış qətiyyətli siyasətin
təzahürü
Ölkə əhalisinin
yaşayış səviyyəsinin və sosial
rifahının yüksəldilməsi hər zaman Prezident
İlham Əliyevin apardığı siyasətin
başlıca prioritetlərindən olub. Dövlət
başçısının ötən 18 ili
əhatə edən fəaliyyətinin təhlili göstərir
ki, o, sosial məsələlərin həllinə həmişə
xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin
yaşayış səviyyəsinin
yaxşılaşdırılmasına davamlı dəstək
göstərib. İmzaladığı fərman
və sərəncamlar əsasında pensiya, ünvanlı
sosial yardım, əlilliyə görə müavinətlərin
verilməsi və məşğulluq sahələrində
şəffaflığın və sosial ədalətin tam təmin
olunması ilə bağlı mühüm addımlar
atılıb.
Dünyada çox az
ölkə tapılar ki, sosial siyasətin təzahür
formalarının müxtəlifliyinə görə Azərbaycanla
müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə
ardıcıl şəkildə islahatlar aparan dövlətlər
sırasında ölkəmizin adı öndədir. Azərbaycanın iqtisadi uğurları sosial sahədə
inqilabi islahatların gerçəkləşməsini şərtləndirib.
Bir tərəfdən
düşünülmüş və ardıcıl olaraq həyata
keçirilən islahatların nəticəsi, digər tərəfdən
isə İlham Əliyevin cəsarətli, inamlı
addımları ölkə vətəndaşlarının gələcəyinə
hesablanmış qətiyyətli siyasətinin təzahürüdür
desək, yanılmarıq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.-27 yanvar.- S.1; 3.