Azərbaycanda siyasi repressiyalar
vətənpərvər ziyalılarımızın həyatına
son qoydu
1936-cı ilin noyabr ayında trotskiçilikdə, müsavatçılıqda və casusluqda ittiham olunan onlarca görkəmli kommunist XDİK tərəfindən həbs olundu.
Hətta Bağırovun
şəxsi katibi Nikişov da “Müsavat agenti”, “terrorist”
kimi tutuldu. Azərbaycan Dövlət Universitetinin rektoru Balabəy Həsənbəyov,
Azərnəşrin direktoru
İbrahim Eminbəyli,
tanınmış etnoloq,
professorlar A.S.Bukşpan
və Nikolayev, Mübariz
Allahsızlar İttifaqının
sədri ədib Vəli Xuluflu partiyadan qovularaq həbs olundular.
Bu dövrdə
kəndlilər arasında
“üsyançı” qruplar
aşkara çıxdı.
Dekabrda repressiyalara artıq rayon rəhbərləri də
məruz qaldılar. XDİK Naxçıvanda
bütün partiya rəhbərliyini həbs etdi, Naxçıvanın
partiya bölgə komitəsinin birinci katibi M.Mehdiyev isə məhkəmə qarşısına çıxarıldı
və “düşmən
və cinayətkar elementlərlə əlaqələr”
ittihamı ilə edam edildi. Əli Bayramlı,
Göyçay, Qazax, Qasım İsmayılov, Qonaqkənd, Lənkəran,
Noraşen, Samux, Suraxanı və Şamxor rayonlarının
katibləri də onun ardınca repressiyaya məruz qaldılar.
1937-ci ilin
əvvəlində bir
qrup partiya rəhbərləri və
sovet işçiləri
siyasi xarakterli cinayət məsuliyyətinə
cəlb olundular. Həbs olunanlar
arasında Azərbaycan
Kommunist Partiyasının
Mərkəzi Komitəsinin
və Sovet İttifaqı Kommunist Partiyası Zaqafqaziya Diyar Komitəsinin keçmiş katibi Ruhulla Axundov da var idi.
Azərbaycan.-
2022.- 27 yanvar.- S.7.