Ümumtəhsil məktəblərində antinarkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

 

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun antinarkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsinə dair müvafiq tapşırıq və göstərişlərinə əsasən, təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının işçi qrupundan məlumat verilib.

Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada ümumtəhsil məktəblərində nümayişi planlaşdırılıb.

Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.

 

Azərbaycan.- 2022.-28 yanvar.- S.3.