Azərbaycan sülhə
hazırdır
İndi Ermənistan
düzgün seçim
etməlidir
Azərbaycan Prezidenti İlham Əliyevin KİV-ə vaxtaşırı müsahibə verməsi müxtəlif aspektlərdən yanaşdıqda olduqca maraqlıdır. Həmin müsahibələrdə istər dövlətimizin beynəlxalq mövqeyi, istərsə də ölkəmizin sosial-iqtisadi həyatındakı yeniliklər faktlarla öz əksini tapır.
Dövlət başçısının yanvarın 12-də yerli televiziya kanallarına verdiyi növbəti müsahibə də diqqətçəkəndir. Jurnalistlərin suallarına dövlət başçısının məntiqli cavabları dünya düzənində Azərbaycanın yerini, mövqeyini, 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbəni şərtləndirən amillər, Ermənistanın dəyişkən siyasətinə münasibət, işğaldan azad edilmiş ərazilərdə başlayan bərpa, quruculuq işlərinə və s. məsələlərə aydınlıq gətirdi.
Müsahibədə diqqətçəkən məqamlardan biri hərbi quruculuq və vətənpərvərlik məsələləri idi ki, bu da dövlət başçısının 18 illik prezidentliyi dövründə daim gündəlikdə əsas yerdə dayanıb. Bu məsələ bütünlüklə xalqımızı birləşdirirdi. Bunun da müqabilində ölkə vətəndaşları, xüsusən də gənclərimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək üçün eyni mövqedə dayandı və məqsədə nail oldu.
Təsadüfi deyil
ki, dövlət büdcəsi nəzərdən
keçirilən və hazırlanan zaman ən
böyük xərclər hərbi quruculuq üçün
ayrılırdı. Hərbi-quruculuq işlərinin mütləq
şəkildə bundan sonra
da davam etdirilməsinin
vacibliyi adıçəkilən
müsahibədə zəruri
məqamlar kimi diqqət
mərkəzində saxlanıldı. Dövlət
başçısı vurğuladı ki,
bu məsələ hələ də
aktuallığı ilə seçilir.
Əsasən də ona görə ki, Ermənistanda həm iqtidarda,
həm müxalifətdə, həm də cəmiyyətdə
güclü revanşist
əhvali-ruhiyyə var.
44 günlük Vətən müharibəsində biabırcasına məğlub olan təcavüzkar Ermənistana son bir ildə törətdiyi təxribatlar, mülki və hərbi vətəndaşlarımızın hədəf alınmaları bağışlanmayacaq: “...Əfsuslar olsun ki, bugünə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq...”
Azərbaycan Prezidentinin xüsusi qeyd etdiyi kimi, hərbi quruculuq prosesinin bu baxımdan davam etdirilməsi olduqca vacibdir. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu isə böyük təcrübədir: “...Əslində bizim hərbi quruculuğu davam etdirməyimiz bununla izah olunur. Burada bir neçə aspekt var. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam - müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü - Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar”.
Müharibə başa çatdıqdan sonra dünyanın hərb sahəsində inkişaf etmiş dövlətləri belə Azərbaycan Ordusunun apardığı XXI əsrin döyüşlərinə heyranlıqlarını gizlətmədilər. Silahlı Qüvvələrimiz 44 gün ərzində istifadə etdiyi texnika və texnologiya və dəyişilən taktika ilə işğalçı Ermənistanın ordusunu, demək olar ki, darmadağın etdi. Müharibədən sonra isə yeni ordu növü olan Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür : “Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və artıq dediyim kimi, davam etdiriləcək...”
Xüsusi təyinatlı qüvvələrin İkinci Qarabağ müharibəsi dövründə, ələlxüsus Şuşanın alınmasında göstərdiyi fədakrlıq dillər əzbərinə çevrilib. Müzəffər Ali Baş Komandan da çıxışlarının hər birində bunu xüsusi qeyd edir. Buna görə də dövlət başçısının da vurğuladığı kimi, həmin qüvvələrin təkmilləşdirilməsi vacibdir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünməliyik: “Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Söhbət revanş cəhdlərindən gedir. Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Azərbaycanın siyasəti tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcək planlarla bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir.
Daha sonra ölkə Prezidenti qeyd etdi ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan düzgün seçim etməlidir. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs, o cümlədən dünya ictimaiyyəti də yaxşı bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2022.- 30 yanvar.- S.1-2.