İtkin düşmüş baş leytenant Fuad Bağırovun axtarışları davam etdirilir

 

 

Yanvarın 29-da Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarının ərazisinin çətin relyefli, əsasən dağlıq və meşə sahələrindən ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, qış ayları bu rayonlarda çox sərt keçir və havanın temperaturu gecələr mənfi 15-20 dərəcə arasında dəyişir. Temperatur bəzən mənfi 30 dərəcəyə qədər aşağı düşür. Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddətdə burada xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb. Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissələrin istifadəsinə verilib. Bununla da bu hərbi hissələrdə qoşun xidmətinin təşkili, eləcə də döyüş növbətçiliyinin aparılması və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün münbit şərait yaradılıb. Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Bu tədbirlərə yolların qar örtüyünün təmizlənməsi və işarəedici çubuqların basdırılması da daxildir. Lakin çovğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür.

Qeyd edilib ki, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən xidməti vəzifəsini icra edən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Ərazinin çətin relyefli yüksəklikdə və qarla örtülməsini nəzərə alaraq kifayət qədər şəxsi heyət və xüsusi texnika cəmləşdirilib, axtarış işlərinə cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin edilib.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

 

Azərbaycan.-2022.- 30 yanvar.- S.3.