Sınaqlarla dolu
ömür
1887-ci ildə Şuşada dünyaya göz açan və 1943-cü ildə Rusiyanın şəhərlərindən birində həyatdan köçən Yusif Vəzir Çəmənzəminlini hamı hələ sovet dönəmindən istedadlı yazıçı, mahir qələm ustası kimi tanıyırdı. Çünki geniş ictimaiyyətə çatan onun yalnız kitabları idi. İnsanların bu ziyalının həyat və fəaliyyəti haqqında bildikləri tam deyildi.
Sovet dövrünün sərt ideoloji rejimi bu şəxsiyyətin ömür salnaməsinin müəyyən səhifələri barədə açıqlamalar verməyi qadağan etmişdi. Əslində isə Y.V.Çəmənzəminli həm də görkəmli ədəbiyyatşünas, tarixçi-etnoqraf, təcrübəli hüquqşünas, bacarıqlı müəllim, peşəkar tərcüməçi, ictimai-siyasi xadim, dövlət adamı idi. Yaşadığı dövrün keşməkeşləri onun da həyatından yan keçməmişdi. Çəmənzəminli bir çox görkəmli həmvətənləri və müasirləri kimi Stalin repressiyalarının qurbanı olmuşdu.
Yusif Mirbaba oğlu Vəzirov Şuşa bəylərindən olan bir ailədə doğulmuşdu. Atasının bəyliyi 1873-cü ildə Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmişdi. Vəzirov soyadı isə XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın yüksək savada, biliyə malik nüfuzlu, adlı-sanlı vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzifə titulu ilə bağlı olaraq nəsildən-nəslə keçmişdi.
Belə bir nəslə mənsub olan Yusifə hərtərəfli istedadı da irsən keçmişdi. Atası Məşədi Mirbaba bir çox ölkəni gəzmiş, İranda, Orta Asiyada, Türkiyədə olmuş, fars və türk dillərini mükəmməl öyrənmişdi. Ədəbiyyata böyük maraq göstərmiş, Füzulini, Firdovsini çox sevərmiş, xanəndələrə muğamatdan dərs deyərmiş. Cavan vaxtlarında yaxşı dolanışığı, var-dövləti olan Məşədi Mirbaba xeyli keçəndən sonra kasıbçılıqla üzləşmişdi. Ağdamda əttar (dərman və ədviyyat satan) dükanı açmış və bu dükan sayəsində ailəsini dolandırmışdı.
Yusif Vəzir əvvəlcə Şuşada “Kor Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur. Lakin burada təhsilin səviyyəsinin aşağı olduğunu görən atası Yusifi Ağdama gətirir. Ona türk və fars dillərini öyrədir. Lakin ata oğlunun həm də rus dilini bilməsini arzulayırdı. Buna görə Yusif Muradbəylidə oxumaq məcburiyyətində qalır. Bir il rus məktəbində təhsil aldıqdan sonra realnı məktəbə hazırlaşmaq üçün 1896-cı ildə yenidən Şuşaya qayıdır.
O dövrdə Şuşa realnı məktəbi tədris və təchizat baxımından bütün Qafqazın orta məktəbləri sırasında birinci yeri tuturdu. Yusif bu məktəbə daxil olsa da, çox yüksək nəticələr qazana bilmir. Digər tərəfdən Yusif əvvəlcə qardaşını, 19 yaşında olanda isə atasını itirir.
1905-1907-ci illərdə Şuşada baş verən milli ədavət, erməni daşnaklarının təbliğatı ilə törədilən qırğınlar Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə vadar edir. Onlar Aşqabada köçürlər.
Mübahisələr, keşməkeşli hadisələr, çətinliklər, bəzən hətta şər və böhtanlar gənc yaşlarından Yusifin yaradıcılığını da addım-addım, qarabaqara izləmişdir. 1907-ci ildə o, “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bundan sonra 20 yaşlı müəllif “Molla Nəsrəddin” jurnalında Qarabağın pir və ocaqlarını kəskin tənqid edən “Müridi-möhtəşəm” sərlövhəli məqalə ilə çıxış edir. Bu, böyük bir qalmaqala səbəb olur.
O, heç vaxt siyasətçi olmaq istəməyib
Yeniyetməlik dövründən taleyi Yusif Vəziri şəhərdən-şəhərə atırdı. Bakıda realnı məktəbdə oxumağa ona Hacı Zeynalabdin Tağıyev kömək edir. O, 1909-cu ildə buranı bitirib Sankt-Peterburqa gedir, sənədlərini Mülki Mühəndislər İnstitutuna verir. Bir aydan sonra fikrini dəyişib Daşkəndə üz tutur. Nəhayət, 1910-cu ildə Kiyevə gəlib Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə qəbul olunur.
Yusif Vəzir heç vaxt siyasətçi
olmaq istəməyib. Lakin yollar onu bu
axara qovuşdurub. Belə ki,
1915-ci ildə universiteti
bitirən Y.V.Çəmənzəminli
Saratov məhkəmə palatasında
hakimlik vəzifəsinə
namizəd qəbul olunur. Lakin bu, maaşsız vəzifə olduğu üçün iş axtarmağa yenidən Kiyevə dönür. “Müsavat”ın üzvü
olan Çəmənzəminli
burada azərbaycanlı
tələbələri ətrafına
toplayaraq Türk Ədəmi Mərkəziyyə
firqəsinin - “Müsavat”ın
Kiyev şöbəsini
yaradır və ora sədr seçilir.
Bolşevikləri daim
tənqid edən Çəmənzəminli bu
dövrdə “Azərbaycanın
muxtariyyatı”, “Biz kimik
və istədiyimiz nədir?” kitablarını
yazır, Krımdakı
“Millət” qəzetində
“Azərbaycan və azərbaycanlılar” məqaləsini
çap etdirir.
1918-ci ildə Azərbaycanda
Demokratik Cümhuriyyətin
yaradılması ərəfəsində
çox çətinliklə
Bakıya gəlir. 1919-cu ildə Türkiyədə
Azərbaycan səfirliyi
yaradılır və
Çəmənzəminli oraya səfir göndərilir. İstanbulda diplomatik
fəaliyyəti ilə
yanaşı, Yusif Vəzir ədəbi yaradıcılıqla da məşğul olur, kitablarını nəşr
etdirir.
Lakin tezliklə
Azərbaycanda sovet hakimiyyəti qurulur və o, öz missiyasını bitmiş
hesab edərək könüllü surətdə
vəzifədən çıxır. Bir faktı
da qeyd edək
ki, cümhuriyyətin
süqutu Çəmənzəminlinin
bütün həyatını
alt-üst edir.
Azərbaycanda Yusif Vəzir yazıçı, hüquqşünas
və müəllim kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq və pedaqoji fakültələrində, daha
sonra isə pedaqoji, tibb və neft institutlarında
Azərbaycan və rus dillərini tədris edir. Qeyd edək ki, Yusif
Vəzir 10-a yaxın Şərq və Avropa dillərini mükəmməl bilirdi.
Ümumiyyətlə, 1930-1935-ci illər yazıçının
yaradıcılığının qızğın dövrü
sayılırdı. O, “Studentlər”,
“1917-ci il” və s. romanlarını nəşr
etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar”
adlı komediyasını
yazıb bitirir. L.Tolstoyun, Turgenevin, Neverovun, Qoqolun, Lavrenevin, Seyfulinanın, Hüqonun əsərlərini rus dilindən azərbaycancaya
tərcümə edir.
Çəmənzəminlinin iki romanı - “Qızlar bulağı”
(1934) və “Qan içində” (əsl adı “İki od arasında”, 1936-1937) əsərləri Azərbaycan
ədəbiyyatının roman tarixində öz orijinallığı ilə
fərqlənir. Ona görə də
ədəbiyyatşünaslar, tədqiqatçılar Yusif
Vəzir haqqında söz deyəndə, ilk növbədə, ədibin
roman janrının təşəkkülü
və inkişafındakı
xidmətlərini yüksək
qiymətləndirirlər.
Odlu illər
Yüksək səviyyədə oxunan, tarixi romanları ilə tanınan, rəğbətlə qarşılanan
Yusif Vəzirə münasibət 30-cu illərin
ortalarında qəflətən
pisləşir. Onu sıxışdırmağa başlayırlar. O dövrdə
Stalin repressiyası, “xalq
düşmənləri”nin
aşkarlanması prosesi
bütün Azərbaycan
ərazisində həyata
keçirilirdi. Yaradıcılıq təşkilatlarında da
eyni ab-hava davam edir, ittifaq
üzvləri bir-birinə
qarşı qaldırılır,
iclas və yığıncaqlarda yaradıcılıq
işlərindən çox
siyasi mövqe ortaya qoyulurdu.
1937-ci ilin martında
Yazıçılar İttifaqının
plenumu keçirilir. Burada dörd məsələ müzakirəyə qoyulur:
H.Cavidin, M.Müşfiqin,
Ə.Cavadın, Y.Vəzirin
məsələsi. Üç gün
davam edən plenumda Yusif Vəzirin “Studentlər” romanı “kontrrevolyusion” mahiyyətli əsər hesab edilir. Bir müddətdən sonra o,
işdən çıxarılır.
Eyni zamanda dərs dediyi ali təhsil
ocaqlarından uzaqlaşdırılır.
Yazıçılar İttifaqının üzvlüyündən azad
olunur. Yusif Vəzir 1937-ci ilin
aprelində tamamladığı
“İki od arasında” romanını
işdən çıxarıldığı
üçün çap
etdirə bilmir.
Bir müddət ona dəymirlər
1938-ci ildə “Kommunist” qəzetində çıxan bir elan Y.Vəzirin diqqətini cəlb edir. Orada bildirilirdi ki, Özbəkistan SSR-in Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dilindən dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqustunda Urgəncə yola düşür. O, Pedaqoji İnstituta baş müəllim və eyni zamanda təhsil ocağının kitabxanasına müdir təyin olunur.
Bir müddət ona dəymirlər. 1940-cı ildə Çəmənzəminli yenidən yada düşür.
Üstəlik də 1937-1938-ci illərdə Azərbaycanın repressiyaya məruz qalmış bir sıra elm və mədəniyyət xadimlərinin verdikləri ifadələrdə Yusif Vəzirin adı çəkilir. 1940-cı il yanvarın 25-də bu ifadələr əsasında Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılır. Yanvarın 27-də onu Urgəncdə tutub Bakıya gətirirlər. Fevralın 13-də Vəzirovun istintaqına başlanır.
1940-cı
il aprelin
16-da ittiham qərarı
çıxarılır. İyun
ayının 11-də xüsusi
müşavirə Vəzirovu
antisovet fəaliyyətinə
görə 8 il müddətinə
islah-əmək düşərgəsində
həbs cəzasına
məhkum edir.
Görkəmli yazıçının, azadlıq
mücahidinin ən böyük nigarançılığı
övladlarından və
həyat yoldaşı
Bilqeyis xanımdan idi. Bir də əsərlərinin,
əlyazmalarının itib-batacağından,
məhv ediləcəyindən
qorxurdu. “Bəraət almış yazıçı” adlı
əsərini Özbəkistanda
tələbəsi ilə
birgə yazmışdı.
Həmin
əsər Azərbaycana
gəlib çatır,
sonra isə yoxa çıxır.
“İki od
arasında” romanını
və başqa əlyazmalarını qayınanası
Kiçikxanım qoruyub
saxlayır.
Y.V.Çəmənzəminli 1943-cü il yanvarın 3-də
55 yaşında Nijni-Novqorod
vilayətinin Suxobezvodnaya
stansiyasındakı həbs
düşərgəsində vəfat edir. Ölümündən 13 il sonra 1956-cı ilin fevralında ona bəraət verilir.
Xalqını ürəkdən sevən,
onun üçün çalışan, yazıb-yaradan
görkəmli Azərbaycan
ziyalıları sırasında
Y.V.Çəmənzəminlinin xüsusi yeri var. Çox təəssüflər
olsun ki, zəmanəsinin bir çox şəxsiyyəti
kimi, o da nəinki layiqli qiymətini almamış,
hətta sürgünə
göndərilmiş, əslində,
məhv edilmişdir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2022.- 30 yanvar.- S.5.