Xatirəmdə yaşayan Şuşa

 

 

Müharibədən qalib çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, qoxusunu-ətrini ciyərlərinə var gücünlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən torpağı başqa əhvalda, sevinclə qarşılayır öz sahibini.

 

Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orada doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə bu gözəl məkana aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyə, onun tarix qoxuyan hər daşına toxunmağa, Cıdır düzünün yamyaşıl çəmənliyində gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağından içməyə, tarixi küçələrini gəzməyə hər bir azərbaycanlı tələsir və buna can atır. Bu baxımdan mənim də belə bir arzuda olmağım başadüşüləndir.

 

Bu günlərdə səfərin reallaşacağını eşidəndə sevincimin həddi-hüdudu yox idi.

 

Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram-aram çəkilirdi. Bulud çəkildikcə dağların zirvəsi görünürdü. Qəribədir, adama elə gəlirdi ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını açır.

 

Qarşımıza ilk çıxan müqəddəs şəhərin qayaları oldu. Daşaltıdan səmaya doğru ucalan sıldırım qayaların məğrur, qürurlu görkəmi insanı heyrətləndirirdi. Necə də öyünməsin, necə də qürurlanmasın?! Təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçib. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları yüngül silahlarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarıblar. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzü gülürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinə  başlanılmışdı.

 

Yuxarı Gövhər ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə hər bir ölkə vətəndaşı üçün dualar oxuyuruq.

 

Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burada bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır.

 

Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir.

 

Daha sonra Cıdır düzünə qalxırıq. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə... Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən Vətən qoxusu 30 illik həsrəti sona çatdırır.

 

 

Seymur QASIMBƏYLİ,

Azərbaycan.-2022.- 30 yanvar.- S.5.