Görkəmli sərkərdə Həzi Aslanovun xatirəsi Şuşada və Daşaltıda yad edilib

 

 

Görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 112-ci, əbədiyyətə qovuşmasının isə 77-ci ildönümü ilə əlaqədar mədəniyyət paytaxtımız Şuşada və Daşaltı kəndində tədbirlər  keçirilib.

Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi polkovnik Abdulla Qurbaninin layihəsi əsasında təşkil edilən tədbirlərdə əvvəlcə generalın və bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun hərb elminə gətirdiyi yeniliklər xatırlanıb, onun Azərbaycan adını Vətəndən uzaqlarda da hər zaman uca tutduğu qeyd edilib. İstedadlı sərkərdənin tabeliyində olanlara dost, qardaş münasibətləri, yüksək əxlaqi, iradi keyfiyyətləri nümunə kimi göstərilib. Böyük iftixar hissi ilə qeyd edilib ki, bu gün müzəffər Azərbaycan Ordusunun sıralarında Həzi Aslanovun yüzlərlə, minlərlə davamçısı var.

Şuşada və Daşaltıda keçirilən tədbirlərdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov, Daşaltı və Şuşa uğrunda döyüşlərin iştirakçılarından mayor Mirzə Mehdiyev, baş leytenant Zakir Gözəlov, leytenant Fərid İmaşlı, gizir Üzeyir Süleymanov və başqaları Həzi Aslanov kimi qəhrəman ata-babalarımızın igidlik nümunələrini Vətən müharibəsi cəbhələrində də təkrarladıqlarını bildiriblər. Cəsur hərbçilər Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Dünya hərb tarixində Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun müstəsna rolu var. Onun qısa, lakin mənalı həyat və şanlı döyüş yolu dünən olduğu kimi, bu gün də hər bir Vətən müdafiəçisi üçün nümunədir, örnəkdir.

Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi olan Həzi Aslanov xalqımızın hansı yüksək mənəvi xüsusiyyətlərə, qəhrəmanlıq ənənələrinə malik olduğunu bütün dünyaya nümayiş etdirib.

Ümummilli Lider Heydər Əliyev vaxtilə deyib: “Atalarımızın, babalarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır”.

Ulu Öndərin ideyalarına həmişə sadiq olan Azərbaycan Ordusunda dahi Heydər Əliyevin bu fikirləri də real təsdiqini tapır, ata-babalarımızın qəhrəmanlıq ənənələri geniş təbliğ edilir.

 

Azərbaycan.-2022.- 30 yanvar.- S.5.