Leonardo da Vinçidən başlayan
tarix
İlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərəkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir.
İlk real avtomobilin peyda olması isə təxminən 120 il əvvəl baş verib. Avtomobillərin hazırlanması üçün ilk olaraq, buxar mühərrikli qurğular ixtira etməyə başlayıblar. İlk buxar mühərrikli qurğular hələ XVII əsrdə meydana çıxmağa başlasa da, onlar yavaş hərəkət edir, güclü səs çıxarır, həmçinin çoxlu tüstü buraxırdı.
1769-cu ildə fransız Nikola-Jozef Kyunyo özünün “buxar arabası” adlanan ixtirasını təqdim etdi. Ölçüsü 60 santimetr olan “araba” buxarla işləyirdi. Onun maksimal sürəti saatda 3,6 kilometr, yanacaq ehtiyatı isə cəmi 15 dəqiqəlik hərəkət üçün bəs edəcək qədər idi. Bu qurğunun topları daşımaq üçün vasitə kimi istifadə olunması nəzərdə tutulsa da, o, özünü doğrulda bilmədi. Ancaq buna baxmayaraq, onun bu arabası nəinki avtomobilin, hətta parovozun əcdadı hesab olunur.
Bir neçə ildən sonra İngiltərə və Almaniyada da buxar arabaları meydana gəldi. Buxar mühərriki ilə işləyən avtomobillər ağırlığına və istifadə üçün rahat olmadığına görə geniş tətbiq edilmədi.
1791-ci ildə rusiyalı ixtiraçı İvan Kulibin buxar mühərriki və pedalla təchiz olunmuş fayton hazırladı. Bu qurğu, həmçinin sürət qutusu, podşipnik, tormoz, nazimçarx və üç təkərə malik idi. Lakin onun ixtirası hökumət tərəfindən dəstəklənmədi.
XVIII əsrin 90-cı illərinin sonlarında amerikalı tədqiqatçı Evans “Oraktur Amfibilos” adlı buxar arabası hazırladı. Onun arabası həm quruda, həm də suda hərəkət etməyə imkan verirdi. Bu kəşfə dünyada ilk dəfə olaraq avtomobil üçün patent verilib.
Avtomobillərin inkişafına buxar mühərriki ilə nail olunmayacağını anlayan alimlər öz qüvvələrini elektrik enerjisi ilə işləyən mühərriklərin inkişafına yönəltdilər. XIX əsrin əvvəllərində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açıldı. Macar ixtiraçı Yedlik Anoş 1828-ci ildə dünyada ilk dəfə olaraq özünün miniatür avtomobil modeli üçün elektrik mühərriki ixtira etdi.
1900-cu ildə artıq həm buxar,
həm elektrik, həm də benzinlə
işləyən avtomobil var
idi. 1920-ci ilə qədər davam edən bu rəqabətdən
benzinlə işləyən avtomobillər qalib
çıxdılar. Benzinin neftdən asan əldə edilməsi və qiymətinin ucuz olması benzinlə işləyən
avtomobillərə üstünlüyün
verilməsinə gətirib çıxardı.
Azərbaycan.-2022.- 30 yanvar.- S.7.