Müəllim nüfuzu
Onu necə qoruyaq?
Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam!
Sovet dövründə rus yazıçısı Maksim Qorkinin bu sözünü həvəslə sitat gətirərdik!
İnsan kimi yetişəndən sonra isə “Məndə olan yaxşı cəhətlərə görə müəllimlərimə borcluyam” fikrini də səmimi-qəlbdən söyləyirəm!
Həmişə bizə təqlin olunardı ki, müəllim ikinci valideyndir!
Doğrudur!
Çünki doğma ata-ana daha çox qarnımız və əyin-başımız, eyni zamanda təhsilimiz barədə düşünür.
Müəllimlərimiz isə bizə savad, bilik verir, tərbiyələndirir, bəsirət gözümüzü açır, Vətənə layiq övlad olmağın yollarını göstərir!
Əslində kim valideynin və müəllimin dediklərindən nə öyrənir, nə götürür, onu özü və bir də ətrafdakılar görür və bilir!
Valideyn bizi təkcə əzizləyib öpmür!
Hərdən üstümüzə qəzəblənib, müxtəlif cəzalar da verir!
Müəllim isə bizi əzizləyib oxşamağa borclu deyil! (Hərçənd başımızı sığallayan, mehribanlıq göstərən, dərdimizə yanan müəllimlərimiz də az olmayıb!)
Amma tədris etdiyi fənni öyrətməyə, səhvlərimizi düzəltməyə can atmalıdırlar.
Heç vaxt müəllimə (mollaxanalardan başqa) şagirdə fiziki cəza tətbiq etmək hüququ verilməyib!
Amma müəllim də insandır, o da əsəbləşə, təbdən çıxa bilər!
Mən də bir xeyli müəllim şapalağı yemişəm!
Həmişə də narazı qalmışam, anama şikayət etdiyim vaxtlar da olub!
Həmin dövrdə müəllimdən narazı qalmışam, öz aləmimdə küsmüşəm, hətta etiraz əlaməti olaraq bir neçə gün dərsini oxumamışam.
Sonra barışmışıq!
Daha sonralar həmin şapalaqların xeyrini görmüşəm!
Bu gün bütün müəllimlərimi hörmətlə anıram, dünyasını dəyişənlərə rəhmət diləyirəm, şapalaqlarını halal edirəm!
Şapalaq tərəfdarı deyiləm!
Müəllimin uşağı döyməsini, falaqqaya salmasını düzgün hesab etmirəm!
Amma şagirdlə ucadan danışmasını, onun üstünə qışqırmasını “şiddət” adlandıraraq əliyalın qoyulmasını da düzgün saymıram.
Bəs müəllim yaxşı oxuyanla, tərbiyəli uşaqla digərlərini necə fərqləndirməlidir?
Axı jurnala yazılan qiymət onun biliyini əks etdirir, bəs dövlətimiz üçün vətənpərvər insanı kim yetişdirməlidir?
Bəli, qəbul edirəm: tərbiyə təkcə cəza ilə verilmir!
Yaxşı, əgər uğursuz ailədən çıxan bir şagird sinifdə özünü ədəbsiz aparırsa, dərsin gedişinə mane olursa, müasir dildə desək, şagird yoldaşlarının da hüquqlarını pozursa, onda müəllim nə etməlidir?!
***
Bu gün Azərbaycan xalqının qürur duyduğu, həmişə hörmətlə andığı şəxsiyyətlərin böyük əksəriyyəti - Həsən bəy Zərdabi, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli və başqaları müəllim olublar, uşaqlara elm öyrədiblər, vətənə şərəflə xidmət edən insanlar yetişdiriblər!
Biz belələrinin timsalında daim müəllimlərimizi sevmişik, onları ucalıqda görməyə adət etmişik.
İnsaf naminə deyək ki, indi bəyənmədiyimiz sovet dövründə müəllimlər həmişə hörmətli tutulardı, onlara xüsusi diqqət yetirilərdi...
Heç zaman unutmadığım bir fakt: dərs demək üçün ucqar kəndlərə işləməyə gedən müəllimlərə hətta 1941-1945-ci il müharibəsi dövründə belə dövlət qış aylarında odun payı ayırırdı...
Kənd camaatı isə evlərində yerləşdirər, verdikləri otaqlardan kirayə pulu almazdılar.
Bu gün isə “azad söz meydanı” saydığımız sosial şəbəkələrdə müəllimlərin tənqid obyektinə, lağ hədəfinə çevrildiyini ürək ağrısı ilə izləyirik.
Müəllim də səhv edə bilər, çünki o da insandır, onun da səbrinin həddi, əsəbi var!
Amma nə vaxtsa şagird və tələbə olmuş insanlar da müəllim haqqında etik normalar çərçivəsində danışmağı bacarmalıdırlar!
Görünür yaxşı şagird olmadıqlarına görə bunu zamanında müəllimlərindən öyrənməyiblər!
Heç olmasa ədalət hissini, obyektivliyi unutmamalıdırlar!
Birisi bir söz yazıb, bir şəkil paylaşan kimi hamı dönür olur ittihamçı, hakim, nə bilim nə!
Axı həqiqəti bilmədən, məsələnin mahiyyətini öyrənmədən, hər iki tərəfi dinləmədən necə düzgün qərar vermək olar!
Həm də bəzən etik normalardan belə kənara çıxmaqla!
Görünür, bu da vaxtında müəllimə qulaq asıb, düzgün öyrənməməyin nəticəsidir!
Sanki müəllimi hallandırmaq üçün fürsət gəzirik!
Sanki müəllimi nüfuzdan salmaq üçün girəvə axtarırıq!
Sanki müəllimi töhmətləndirmək üçün bəhanə tapmağa çalışırıq!
Halbuki bunu edənlərin hamısının müəllimi olub, müəllimin necə zəhmətə qatlaşdığını oxuduqları müddətdə gözləri ilə görüblər.
Halbuki müəllimi məsxərəyə qoymağa həvəslə can atan sosial şəbəkə istifadəçiləri də yazmağı və oxumağı müəllimdən öyrəniblər.
Halbuki o insanlar da oxuduqları müddətdə dəcəllik ediblər, müəllimi hövsələdən çıxarmağa çalışıblar və bəzən buna nail də olublar!
***
Təəssüf ki, müəllimi əsrlər boyu gördüyümüz və görmək istədiyimiz müqəddəs yüksəklikdən aşağı endirmişik!
İndi isə şagirddən də aşağı tutmaq istəyirik!
Bu nə münasibətdir!
Bu nə yanaşmadır!
Bu nə qisasdır!
Bundan nə qazanacağıq!
Bununla nəyə
nail olmaq istəyirik!
Axı müəllim
də insandır!
Onun da əsəbləri var!
Onun da səbri tükənə bilir!
Onun da səbir-kasası daşa bilir!
Onda nə etməlidir?
Ata-ana uşağını tənbeh
edə bilirsə, niyə müəllimin bu hüququ olmamalıdır?!
Ata-ana övladını cəzalandıra
bilirsə, onda niyə müəllim şagirdi ilə hündürdən danışa
bilməməlidir?!
Axı müasir
valideynin ən yaxşı halda 2 övladı olur!
Müəllim isə ən azı 30-40 uşağa ata-analıq edir.
Niyə valideynin
etdikləri öyüd-nəsihət,
müəlliminki isə
şiddət sayılır!
Axı müəllim
cəzanı da uşağın tərbiyəsi,
təhsili, özünü
insanlar arasında, cəmiyyətdə normal aparması,
tərbiyəli davranışı
naminə verir!
Müəllim manyak deyil, qışqırmaqdan,
cəza verməkdən
zövq almır!
Sovet dövrünün bir Makarenko soyadlı nümunəvi, istinad edilən müəllimi var idi.
Xalq Cumhuriyyəti dövrünün
də Firidun bəy Köçərli
kimi pedaqoqları nümunə sayılırdı.
Sovet dövründə
ən yüksək mükafatlara, hətta Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən orta məktəb müəllimləri
vardı!
İndi göstərin görək
nümunə hesab edilən, sevilən və sevdirilən, fərqləndirilən bircə
müəllim tapıb
ortaya çıxarmışıqmı?!
Yalnız irad, narazılıq, töhmət,
işdən qovma!
İndi kifayət
qədər uğursuz
ailələr var!
Ya zəlzələdən,
ya vəlvələdən!
Təkcə ötən
ilin 11 ayında 15,6 mindən çox
boşanma faktı olub.
Kobud hesablasaq, bu, 10 minə qədər yetim uşaq deməkdir!
Ana öhdəsində
qalan uşaq!
İşləyən gənc ananın ailə qayğıları,
dolanışıq çətinlikləri
övlada kifayət qədər vaxt və diqqət ayırmağa imkan vermir.
Xırdalamaq istəmədiyimiz
digər ailələr
də var!
Problemli və yarımçıq ailələrin
“məhsulu” olan uşaqlar da məktəbə gəlir!
Bütün yük - təhsil, təlim və tərbiyə yükü məktəbin və müəllimin üzərinə
düşür.
Görün bir sinifdə neçə uğursuz ailənin uşağı oxuyur!
Müəllim yazıq neyləsin?!
Axı bəzən
müəllimin də
ailə vəziyyəti
ürəkaçan olmur!
Axı müəllimin
də içini yandıran dərd-səri
ola bilər!
Müəllim belə ailələrin övladlarına dayaq durub onu oxutmağa,
tərbiyə etdirməyə
çalışır.
Bəzən öz dərdini və problemlərini belə unudaraq!
Onda cəmiyyət niyə müəllimə
dayaq durmasın, onu anlamağa çalışmasın!
Təbii ki, söhbət sosial şəbəkədə “formalaşan”
“cəmiyyətdən” gedir:
* milçəyi
böyüdüb filə
çevirməyə çalışan;
* məsələnin
mahiyyətini bilmədən
rəy söyləyən;
* hər
iki tərəfi dinləyib əsl həqiqəti öyrənmədən
“hökm” çıxaran:
* hətta
müqəddəsliyi belə
şəbədə hədəfinə
çevirməkdən zövq
alan sosial şəbəkədən!
Niyə rəhbər və məmurlar sosial şəbəkənin təsiri
altında qərar çıxarmalıdırlar?!
Niyə əsl həqiqəti bilənlər belə sosial şəbəkədəkilərə
xoş gəlsin deyə onun istədiyi cəzanı icra etməlidir?!
Bax, onda ayağını partanın
üstünə qoyub
müəllimə, məktəbə,
təhsilə hörmətsizlik
nümayiş etdirən
şagird qalib sayılır!
Bax, onda müəllim haqsız cəzadan yayınmaq ücün belə tərbiyəsizliyi görməzliyə
qoyur!
Bax, onda gələcək üçün
vətənpərvər, təhsilli,
tərbiyəli vətəndaş
əvəzinə müəllim,
valideyn qədri bilməyən savadsız və cəmiyyətə yararsız insan yetişə bilir!
Gəlin ədalətli
olaq!
Gəlin həqiqəti
öyrənib biləndən
sonra rəy söyləyib, qiymət verib, hökm çıxaraq!
Gəlin valideynin
uşağa çəkdiyi
zəhməti də, müəllimin əməyini
də düzgün qiymətləndirək!
Belədə hamı
qazanar: ata-ana da, müəllim və məktəb də, hətta cəmiyyət də!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2022.-28 yanvar.- S.1; 4.