Nuranənin hünəri
Qarabağ söhbətləri
“Salam, əsgər əmi! Mənim adım Banudur, ikinci sinifdə oxuyuram. İndi sənə bu məktubu yazıram, nənəm də yanımda oturub corab toxuyur. Məktubla bərabər bu corabı da sənə yollayacağıq. Nənəm deyir ki, sənin xidmət etdiyin yerlər çox soyuq, şaxtalı olur. Bilirsən, əsgər əmi, mənim babam da vaxtilə sənin kimi əsgər olub, amma mən onu heç zaman görməmişəm. Ancaq divardakı əsgər formalı şəklindən tanıyıram. Babam Şuşada xarıbülbülü qoruyan zaman şəhid olub, xarıbülbül də düşmənlərə əsir düşüb. Nənəm deyir ki, indi sənin kimi əsgər əmilər tezliklə düşmənləri Şuşadan qovub xarıbülbülü azad edəcək. Onda həm xarıbülbül, həm də göydə, Allah babanın yanında olan babam bunu görüb sevinəcək... Əsgər əmi...”
Qəfil qarşıdakı qayalara dəyən mərminin partlayış dalğası bayaqdan bəri yalquzaq kimi ulayan çovğunla birləşərək vahiməli burulğan yaratdı və yarımçıq oxunmuş bu məktubu bir həmlədəcə onun əllərindən alıb sıldırım yuxarı uçurmağa başladı. O an orada olan hər kəs, döyüşçülər də, müharibənin od-alovuna baxmayaraq, ön səngərə əsgərlərimizə məktub gətirən o qız da təəccüblü baxışlarla ağ göyərçinə dönüb ətrafından şütüyüb keçən güllələrin, mərmilərin arası ilə üzü Şuşaya doğru qanad açan ağ zərfi, “əsgərə məktub”u izləyirdilər...
Ön cəbhənin mülki qəhrəmanı
Neçə vaxt idi ki, gecə-gündüz demədən müharibənin od-alovu içərisindən keçərək, qəhrəman oğullarımızın qarış-qarış azad etdiyi Vətən torpaqlarımıza ayaq basır, döyüşçülərimizə məktublar, kiçik sovqatlar çatdırır, onlara arxa cəbhədəki milyonların tükənməz sevgisini yetirirdi.
Düzdür, dilinə gətirməsə də, əvvəllər qorxurdu. Hələ yenicə işğaldan azad olunan ərazilərimizə ayaq basanda lap yaxından eşidilən tank-top səsləri, ətrafda partlayan mərmi uğultuları onda dəhşətli hiss yaradırdı. Həmin anlarda elə bilirdi ki, daha bu sondur...
Bir dəfəsində isə lap ölümlə burun-buruna gəlmişdi. “Vilis” markalı maşınla dolama, çala-çuxur yollarla Cəbrayıla doğru yol almışdılar, önləri ilə isə bir neçə təminat maşını gedirdi. Birdən sanki ayaqlarının altından yer qaçmış, dəhşətli partlayış səsi eşidilmiş və günün günorta çağı ətrafı duman bürümüşdü. O anda qulaqları tutulmuş, gözlərini tor bürümüş, nə baş verdiyini anlamamışdı... Amma bir müddətdən sonra ətrafdakı toz dumanı yatmış və ömrü boyu unutmayacağı qanlı müharibə mənzərəsi ilə rastlaşmışdı. Cəmi bir neçə dəqiqə öncə gözləri önündə irəliləyən təminat maşınını düşmənin atdığı mərmi paramparça etmişdi...
Və bu mənzərədən sarsılan qız orada şəhid olan əsgərlərimizin əziz ruhu qarşısında özünə söz vermişdi ki, bir daha heç vaxt öz canı üçün qorxmayacaq. Hər nə olursa-olsun, hansı çətinliyə düşürsə-düşsün, müharibədə üzərinə götürdüyü missiyanı sonuna qədər yerinə yetirəcək, bu qan-qadanın içərisində daim əsgərlərimizin yanında olacaq, xalqımızın onlara olan ümid, inam və dualarını çatdıracaqdı...
Dəfələrlə şahidi olmuşdu ki, şagirdlərin əsgərlərə ünvanladığı məktubları döyüşçülərimiz qarşısında oxuyanda (baxmayaraq ki, onlar yenicə döyüşdən çıxmış, yorğun, aralarında yaralananlar olurdu, yaxud da çiyin-çiyinə döyüşdükləri silah qardaşlarının hansınınsa şəhidliyindən olduqca kədərli, məyus olurdular) görürdü ki, orada yazılanlar döyüşçülərimizdə inanılmaz ruh yüksəkliyi yaradır, gözlərindən düşmənə artan qisas hissi oxunur. Belə anlarda qız da gözlərindən axan sevinc gözyaşları içərisində fəxrlə öz-özünə deyirdi: “Şükürlər olsun sənə, İlahi, taleyimə bu cür qürurlu bir qismət yazmısan. Döyüşməsəm də, güllə atmasam da, Vətən müharibəmizdə əlimdən gələn bu kiçik xidmətimlə döyüşçülərimizə dəstək oluram və mən də mənfur düşməndən 30 illik qisasımızı bu cür alıram...”
Və ürəyindəki əminliklə əlavə edirdi: “Bilirəm, o gün də uzaqda deyil ki, Şuşada qalib əsgərlərimiz qarşısında “Zəfər məktubları” oxuyacam...”
Ot kökü üstündə bitər
“Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Xanoğlan qızı Şıxəliyevadır “Qarabağ söhbətləri”ndə...
1983-cü ildə Göyçay rayonunda anadan olan Nuranə xanım atası Xanoğlan Şıxəliyevin hüquq-mühafizə orqanlarında xidməti işi ilə əlaqədər olaraq müxtəlif rayonlarda orta məktəb təhsilini davam etdirib və nəhayət, 1999-cu ildə Bakı şəhərində 160 saylı məktəbi bitirib. Azərbaycan Dillər Universitetinə qəbul olub. Təyinatla Sabirabad rayonunda müəllim kimi pedaqoji fəaliyyətə başlayan Nuranə Şıxəliyeva 2005-ci ildən Bakı şəhəri Nərimanov rayonunda yerləşən 66 saylı Tərəqqi liseyində ixtisası üzrə müəllim, fənn metodbirləşmə sədri, uşaq birliyinin rəhbəri, Yeni Azərbaycan Partiyasının lisey üzrə təşkilatının sədr müavini kimi fəaliyyət göstərib. 2008-ci ildə Xətai rayonu Heydər Əliyev adına liseydə Təlim-tərbiyə və təşkilatı işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib, 2017-ci ildən isə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, YAP Xətai Rayon Təşkilatı İdarə Heyətinin və Qadınlar Şurasının üzvüdür.
23 illik pedaqoji staja malik olan Nuranə Şıxəliyeva vətənpərvərlik istiqamətində fəal ictimai fəaliyyətlə məşğuldur. Elə 44 günlük Vətən müharibəsi ərəfəsində də “Əsgərə xatirə” layihəsi çərçivəsində ön cəbhəyə yollanıb, təhlükəli olmasına baxmayaraq, yenicə düşməndən azad olunan ərazilərimizə gedərək əsgərlərimizə arxa cəbhədən məktub və sovqatlar çatdırıb.
Nuranə xanıma bu cəsarəti verən, ruhuna vətənpərvərlik hissləri aşılayan amil isə yetişdiyi ocaqdan qaynaqlanır. O, gözünü açandan atası mərhum Xanoğlan Şıxəliyevi daim vətənin keşiyində duran, elinin, obasının qayğısına qalan görüb. Təsadüfi deyil ki, bu gün də Xanoğlan müəllimi vaxtilə işlədiyi bölgələrin əhalisi, xüsusilə də qarabağlılar ədalətli, vətənpərvər, xeyirxah bir insan kimi daim anır, xatirəsini hörmətlə yad edirlər.
Əslən Ermənistan SSR-in Vedibasar rayonundan olan və Sabirabadda məskunlaşan Xanoğlan Şıxəliyev 1977-ci ildən 2015-ci ilə qədər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə Göyçayda, Ağdaşda, Şəkidə, Cəliabadda, Bərdədə çalışıb. Bərdədə çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə “İgidlik ordeni” ilə təltif edilib. O, xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə baş ədliyyə müşaviri rütbəsinə layiq görülüb.
Heydər Əliyevlə bağlı 2 kitabı - “Heydər Əliyev çörəyi” və “Heydər Əliyev okulu” adlı kitabları işıq üzü görən Xanoğlan Şıxəliyev “Qızıl qələm” mükafatına da layiq görülüb.
Nuranə Şıxəliyeva vurğulayır ki, atası Xanoğlan Şıxəliyev Ümummilli Lider Heydər Əliyev məktəbi keçdiyi üçün hər zaman dövlət və dövlətçiliyə sadiqliyini sübut edib, xalqının, millətinin yanında olub, onlara hər vəchlə kömək etməyə çalışıb.
Keçmişimizi unutsaq, gələcəyimizi
qura bilmərik
- Birinci Qarabağ müharibəsinin qızğın vaxtlarında atam Bərdədə rayon prokuroru vəzifəsində işləyirdi, buna görə biz də orada yaşayırdıq. Bərdə rayon 1 nömrəli orta məktəbin ibtidai sinfində oxuyurdum, 27 şagird idik. Yadımdadır, bir səhər məktəbə gedəndə gördüm ki, hər şey tamamilə dəyişib. Məktəbimizin əksər sinif otaqlarında ermənilər tərəfindən zorla yurdlarından didərgin salınan məcburi köçkünlər yerləşdirilmişdi. Digər siniflərdə isə biz, 40-50 uşaq bir yerdə təhsil alırdıq. O zaman atam da qaldığımız qonaq evinə aid qarajda, yay mətbəxində məcburi köçkün ailələrini gətirib yerləşdirmişdi. Onlara hər cür kömək göstərirdi.
Yaşım az olsa da, o insanların çəkdiyi hər cür məhrumiyyətləri, aclığı, mənəvi sıxıntıları görür, dərindən hiss edirdim. O da yadımdadır ki, həmin günlərdən sonra atamın əynindən “buşlat” çıxmadı. O əsgərlərə, yuxarı mövqe deyilən Murov dağı istiqamətinə ərzaq təminatı aparırdı. Bir dəfə isə 6 saat orada qar uçqununun altında qalmışdılar. Həmin vaxtlar demək olar ki, atamın üzünü görmürdük. O, evə biz yatandan sonra gəlir, biz yuxudan oyanana qədər də çıxıb gedirdi...
İndi düşünürəm ki, bəlkə də o günləri görüb yaşadığıma görə mənim də hərb məktəbinə, hərb sisteminə sevgim yarandı. Fəaliyyətimin böyük bir hissəsini uşaqlara, yeniyetmələrə, gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində olan işlərə yönəltdim. İndi də tariximizlə, keçmişimizlə, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərlə bağlı şagirdlərimə ətraflı məlumat verməyə çalışıram, bununla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirirəm. Çünki biz tariximizi, keçmişimizi unutsaq, gələcəyimizi qura bilmərik.
“Əsgərə xatirə kitabı”
- 2016-ci ilin uğurlu Aprel döyüşlərindən sonra isə “Əsgərə xatirə kitabı” layihəsinə start verdik. Məqsədimiz Silahlı Qüvvələrimizin ön xətdə xidmət edən hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəmizi vermək idi. Layihənin ana xəttini tələbələr, şagirdlər, ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən təqdim edilmiş bədii, vətənpərvərlik, tarixi, hərb sənəti mövzüsunda yazılmış kitabları ön xətdə yerləşən hərbi hissələrə çatdırmaq və əsgərlərlə görüşməkdən ibarət idi. Eyni zamanda bu kitabların ön səhifəsinə şagirdlərimiz öz ürək sözlərini yazırdılar. Hərbi hissələrə yollanaraq bu kitabları əsgərlərimizə çatdırırdıq. Eyni zamanda deputatlar, ictimaiyyət nümayəndələri, müəllimlər və valideynlərlə onların görüşlərini təşkil edirdik.
Sözügedən layihə çərçivəsində Tərtər, Ağdam, Beyləqan istiqamətlərində olduq. Amma ən unudulmaz görüşlərimizdən biri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərimiz zamanı olmuşdu. O zaman Lələtəpəyə qalxıb üçrəngli bayrağımız dalğalandırılan yeri də ziyarət etmişdik. Deyim ki, həm orada, həm də, ümumiyyətlə, baş çəkdiyimiz bütün hərbi hissələrdə döyüşçülər arasında olan yüksək vətənpərvərlik əhvalı hər zaman bizi qürurlandırırdı. Müşahidə edirdik ki, əsgər və zabit heyətimizin hər bir üzvü Ali Baş Komandanın “İrəli” əmrini gözləyir ki, işğalda qalan digər torpaqlarımızı da azad etsinlər...
“Ön cəbhəyə gedib məktubları əsgərlərimizə
şəxsən çatdırırdım”
- Nəhayət, 2020-ci ilin 27 sentyabrında o böyük gün yetişdi və Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Vətən uğrunda irəli” əmrini verdi. Və haqq savaşımızın ilk günündən etibarən igid oğullarımız arxa cəbhəyə qələbə xəbərləri göndərməyə, xalqımıza zəfər sevinci yaşatmağa başladılar.
Mən özüm də hərbi mülki müdafiəçi olduğum üçün döyüşlər başlayanda müraciət etdim və rəsmi qeydiyyatdan keçdim ki, nə zaman müharibədə tibb bacısı kimi mənə ehtiyac olsa, canla-başla gedib xidmət edim.
Lakin bu istəyimə çatmasam da, 44 günlük müharibənin ilk günlərindən etibarən “Əsgərə xatirə” layihəsinə yenidən start verdik. Layihə çərçivəsində şagirdlərimiz əsgərlərimizə məktublar yazırdılar, bununla yanaşı, məktubların yanına kiçik hədiyyələr də qoyurdular. Layihəmizin məqsədi əsgərlərimizə inamımızla, güvənimizlə, dualarımızla onların yanında olduğumuzu bildirmək idi. Qeyd edim ki, “Əsgərə xatirə” layihəsinin 11 nəfərdən ibarət təbliğat və təşviqat qrupu var, hansı ki onun tərkibində bəzi deputatlar, iş adamları, sahibkarlar, müəllim, həkim kontingenti fəaliyyət göstərir. Bu qrupumuzu Müdafiə Nazirliyi təsdiq etmişdi.
Amma 2020-ci ilin oktyabrından etibarən ön cəbhəyə tək gedir, yardımları, məktubları əsgərlərimizə şəxsən özüm çatdırırdım. Yəni döyüşçülərimiz, xüsusi təyinatlılarımız addım-addım torpaqlarımızı azad edib irəlilədikcə, mən də arxalarınca gedib onları ziyarət edirdim. Bəzən döyüşçülərimizlə görüşəndə şahidi olurdum ki, onlar günlərlə ac, susuz qalıb (çünki yollar təhlükəli olduğu üçün təminat bəzən gecikirdi), amma mətanətlə dözürdülər ki, təki torpaqlarımızı azad edək, qələbə çalaq. Yadımdan çıxmaz, Hadrutun Tuğ qəsəbəsində olanda çox yaxınlıqda qızğın döyüşlər gedirdi, dəhşətli atışma səsi gəlirdi. Görürdüm ki, əsgərlərimizin hamısı məndən ötrü narahat olurlar ki, qorxaram, gərginlik keçirərəm. Amma elə bil mən də o oğullarımızda olan mətinlikdən güc-qüvvət alaraq cəsarətlənirdim. Hətta heç bir təhlükəyə baxmadan Tuğdakı qədim Alban kilsəsini ziyarətə getmişdim. Onu da deyim ki, döyüşlər gedə-gedə azad olunan torpaqlarımıza ayaq basan ilk mülki şəxslərdən biri kimi, çox qəribə hisslər keçirirdim. Bir tərəfdən insanı barbar düşmənin yurdlarımızı necə talayıb viranə qoymasından yaranan qəzəb hissi bürüyürdüsə, digər tərəfdən də 30 illik nisgildən sonra azad torpaqlarımıza ayaq basmağın təsvirəgəlməz qürurunu yaşayırdın.
Şuşa zirvəsində qələbə
sevinci
- Müharibə ərəfəsində, oktyabrın 2-dən Cəbrayılda, Füzulidə, Hadrutda olmuşam. Şuşaya isə azadlığından bir ay sonra, dekabrın 8-də getmişəm. Şuşaya qəhrəman döyüşçülərimizin dağların döşü, meşələrin içərisi, qayaların üstü ilə açdıqları “Zəfər cığırı” ilə gedirdik. Yollarda qalın qar var idi, hətta orada maşınımız qar uçqununda batdı. Bir neçə saatdan sonra kiçik, zirehli təminat tankı gəlib bizi çıxardı və yolumuza davam etdik. Yolboyu bir ay əvvəl buralarda gedən döyüşlərin izlərini daşıyan mənzərələrə qürurla şahidlik etdik. Ətraf düşmənin məhv edilmiş hərbi texnikasının qalıqları ilə dolu idi. Daşaltıdan Şuşaya qalxanda həyatımda heç zaman duymadığım qəribə hisslər yaşadım. Həyəcandan, qürurdan ürəyim az qalırdı yerindən çıxsın, sevinc göz yaşlarını saxlaya bilmirdim, onlar qeyri-ixtiyari öz-özünə süzülürdü...
Şuşada yerləşdirilmiş Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin döyüşçüləri ilə görüşdük, hünərlə, misilsiz qəhrəmanlıqla azad etdikləri Qarabağın baş tacında Zəfər sevincimizi bölüşdük, məktublarımızı oxuduq, sovqatlarımızı çatdırdıq...
Bilirsiniz, Zəfərdən sonra azad Şuşada qalib döyüşçülərin qarşısında qələbə əhvallı məktubları oxumaq tamamilə ayrı bir xoşbəxtlik idi və bu hisslərin sözlə ifadəsi mümkün deyil, gərək onu yaşayasan...
Bu təsvirəgəlməz xoşbəxtliyi Azərbaycan xalqına yaşatdığı üçün ömür boyu müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusunun hər bir qulluqçusuna minnətdarıq, Vətənin azadlığını canlarından əziz bilən müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik...
“Mehriban xanım Əliyevanın
humanizmə köklənmiş fəaliyyətini örnək
götürürəm”
- Hazırda vətənpərvərlik istiqamətində müxtəlif aksiyalar həyata keçiririk. Belə ki, Müdafiə Nazirliyi ilə əməkdaşlıq edirik və məhz bu əməkdaşlıq sayəsində onların nümayəndələri ilə birlikdə ölkənin müxtəlif rayonlarında olmuş, şəhid və qazi ailələri ilə görüşmüşük. Görüşdüyümüz ailələrə əlimizdən gəldiyi qədər mənəvi, psixoloji və maddi dəstək göstərməyə çalışmışıq. İndiyə qədər 74 qazimizə “Əsgərə xatirə” layihəsi xətti ilə əməkdaşlıq etdiyimiz klinikalarda fizioterapiya, reabilitasiya, nevrologiya və psixologiya istiqamətində kömək göstərmişik.
Şəhid və qazi övladlarına dəstək olmaq üçün onlarla mütəmadi olaraq toplu, ya da şəxsi görüşlər təşkil edirik. Eyni zamanda əlamətdar günlərdə həmin uşaqlar üçün tədbirlər keçiririk. Məsələn, ötən il 1 İyun Uşaqları Müdafiə Günündə Şəkidə açıq havada “Xarıbülbül igid yadigarları” adlı böyük bir festival keçirdik və orada Bakıdan və müxtəlif bölgələrimizdən olan 100-dən artıq şəhid övladı iştirak etdi.
Planlaşdırırıq ki, həmin festivalı bu il “Şuşa ili”nə də bir töhfə olaraq mədəniyyət paytaxtımızda keçirək...
Baş çəkdiyimiz bütün şəhid, qazi ailələrində dövlət qayğısının şahidi olduq. Birinci xanım Mehriban Əliyevanın bu ailələrə göstərdiyi xüsusi diqqət və qayğı onların hər birində hörmət və minnətdarlıqla xatırlanır.
Mən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sağlam dəst-xətindən özüm üçün örnək götürərək çalışıram ki, onun mərhəmət, humanizm, xeyirxahlıq və daha saymadığım digər yüksək insani xüsusiyyətlərindən ibarət yol xəritəsi ilə addımlayam, birinci xanımın insanpərvərliyə köklənmiş fəaliyyət planından bəhrələnəm.
Göyərçin-məktublar...
“Salam, Banu qızım... Xatırladın məni? Düz ilyarım əvvəl mənə məktub yazmışdın. O zaman dediyin kimi, əsgər əmilərin xarıbülbülü azad etdilər və həm xarıbülbül sevindi, həm də sənin babanın göylərdəki ruhu şad oldu. Bax, indi mən sənə Şuşadan məktub yazıram, buradakı digər əsgər əmilərin də sənə çoxlu salam göndərirlər. İstəyirik ki, sən də bir gün Şuşaya gələsən və biz birlikdə Cıdır düzündə gəzək, xarıbülbülü tapıb onunla görüşək, birlikdə Topxananın üzərində uçan qartalları seyr edək...”
Qəfil coşan rüzgar yarımçıq oxunmuş bu məktubu bir həmlədəcə onun əllərindən alıb parlayan səmaya qaldırdı... O an orada olan hər kəs - şagirdlər də, müəllimlər də, valideynlər də, azad torpaqlarımızın keşiyini çəkən əsgərlərimizdən məktub gətirən o qız da ağ göyərçinə dönüb bütün ellərimizin, obalarımızın, bütöv Vətənimizin səmalarında qanad çalan ağ zərfi, “əsgərdən məktub”u izləyirdilər...
Və o anda həmin qız gözlərindən axan sevinc göz yaşları içərisində fəxrlə öz-özünə deyirdi: “Şükürlər olsun sənə, İlahi, taleyimə bu cür qürurlu bir qismət yazmısan. Döyüşməsəm də, güllə atmasam da, Vətən müharibəmizdə əlimdən gələn bu kiçik xidmətimlə də olsa, döyüşçülərimizə dəstək oldum və mən də mənfur düşməndən 30 illik qisasımızı bu cür aldım...”
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.-28 yanvar.- S.6.