Ata qədər əziz ata
ocağı
Bura nə Hirosima, nə də Naqasakidir. Atom bombardmanı da olmayıb. Gördüyünüz bu acı mənzərə acımasız erməni qonşularımızın “əl işi”dir . Düz 28 il xəyalımızda bir daşının belə qopub düşməsinə qıymadığımız evlərimizin daşı daş üstündə qalmayıb.
Ayrılığın 28 ili - bir igidin ömrü qədər... Əslində, 100 ilin həsrəti, ağrısı, acısı var canımda. Bu, bizim evimizdir. Uçuq-sökük daşlarına sığal çəkirəm.
Xəyalım məni 28 il əvvələ aparır. Evimiz indiki kimi uçuq-sökük deyildi, ikimərtəbəli, aynabəndli, geniş, işıqlı evlər idi. Həyətimizdə sıra ilə əkilmiş bütün meyvə ağacları da öz yerindədi. Hələ ağ daşlardan hörülmüş hündür hasarımız, ağ rəngdə boyadığım dəmir darvazamız - hər şey öz yerində... Heç soyuq da deyil, atam doğradığı odunları bir-bir sobanın içinə atır ki, gecə bizə soyuq olmasın.
İkili həyat yaşamaq nə qədər çətinmiş, İlahi! Uzun illərdir ki, iki evdə yaşayıram. Birində cismim, birində ruhum. Birinin içində yaşayıram, biri içimdə yaşayır. Bu ev bizim evimizdir, doğma ata ocağımızdır. Qəlbim quş kimi çırpınır, evimiz mənfur düşmən tərəfindən talanıb çapılsa da, inanın ki, ata ocağı atanın özü qədər doğmadır, əzizdir.
Kəndimizə gedən yol
Bir vaxtlar bu yollarla işə gedən, təhsilini artırmaq üçün böyük şəhərlərə üz tutan kim, qohum-əqrabaya baş çəkməyə gedən kim... İndi həmin yollar bizi gözləyir. Elə biz də illər öncəki kimi, danışıb gülə-gülə bu yollarla kəndimizə qayıdacağımız günü gözləyirik. Az qalıb yollarımızı sevindirməyimizə...
Bilirsinizmi, o dəhşətli gün - 1993-cü il iyun ayının 16-da ilk dəfə olaraq biz kəndimizin yolundan istifadə edə bilmədik. Düşmən kəndin yollarını addım-addım vururdu. Çayqırağı, Qaraman dağının ətəyi ilə təpələri aşaraq kənddən çıxdıq. Topun, qradın mərmiləri dəhşət saçırdı. Ölümlə çarpışırdıq... Fəqət kəndi tərk etməyə məcbur idik.
İndi o acı günləri xatırlamaq belə istəmirəm. Qəhrəman Azərbaycan Ordusu, qalib sərkərdə İlham Əliyev yolkəsən düşmənə həddini, sərhədini bildirib artıq... Yollar bizi gözləyir, öz doğma yokçularını...
İnsanlarımız bu yolu axın-axın geri dönmək üçün səbirsizliklə günləri sayır.
Torpaq yeyən əcaib məxluq eşitmisiniz?!
“Yumru təpə” adlanan yerin bir üzü bizim kəndimiz - Ağdam rayonunun Qalayçılar kəndi, o biri üzü bağrı şan-şan olan dağ-dərə isə Ağdərənin ermənilər yaşayan Canyataq kəndidir. Torpaqlarımızı işğal etdikdən sonra düşmən burada xarici havadarlarının köməyi ilə qızıl emalı zavodu açıblar. Kəndimizə dağlardan süzülüb gələn Qabartı çayının axarını da dəyişib yaşadıqları əraziyə yönləndiriblər. Canyataq kəndində tikilən qızıl zavodunun kimyasal axıntısı ətrafa, xüsusən qonşu kəndlərin təbiətinə illərlə böyük zərər vurub. Acgöz ermənilər Qarabağdakı dağları belə “yeyib” əridiblər, ton-ton torpaq yeyən bu əcaib məxluqatlara insan demək olarmı?!
Biz tezliklə öz doğma evimizə, elimizə dönəcəyik, amma tək dönməyəcəyik, şəhidlərimizin, qərib qəbirli əzizlərimizin ruhu, əlillərimizin ağrılı canı, analarımızın göz yaşları da bizimlə bərabər geri dönəcək. Bax, onda necə olacaq? “Torpaq yeyən”lərlə, körpə qatilləri ilə qonşu kimi yaşaya biləcəyikmi?!
Zəkurə QULİYEVA
Azərbaycan.- 2022.- 28 yanvar.- S.8.