Azərbaycanın Baş prokuroru İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
sədri ilə görüşüb
Azərbaycanın Baş prokuroru Kamran Əliyev yanvarın 28-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan Prokurorluğu ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əlaqələrin səmərəliliyini qeyd edən Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib.
Baş prokuror qeyd edib ki, prokurorluq orqanlarında İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Məhkəmənin presedent hüququnun öyrənilməsinə və implementasiyasına xüsusi önəm verilir.
Söhbət zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan Prokurorluğunun əməkdaşlıq perspektivləri, o cümlədən prokurorların Məhkəməyə təlim-tədris səfərlərinin təşkili, Məhkəmənin hakimləri tərəfindən Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının konfranslarında hüquq elminin müxtəlif sahələri üzrə aktual məsələlərə həsr olunan mühazirələrlə çıxışları ətrafında müzakirə aparılıb. Həmçinin Avropa Şurası və onun qurumları ilə əməkdaşlıq məsələlərindən məmnunluq ifadə olunub və bu yaxınlarda Azərbaycan Prokurorluğunun nümayəndəsinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratında müsabiqədə uğur qazanaraq bir il müddətində staj keçəcəyi qeyd olunub.
Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak ediblər.
Azərbaycan.- 2022.- 29 yanvar.- S.3.