Ağdamda minaaxtaranlar üçün yeni mobil sahə düşərgəsi salınıb

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi məqsədilə maddi-texniki bazasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən, ANAMA tərəfindən Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb.

Açılış mərasimində Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət SüleymanovPrezidentin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Ağdam rayonunda salınan yeni mobil düşərgə Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin olunub.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilib və heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlifölçülü konteynerlərdən ibarətdir. Burada yataqxana, hamam, sanitar qovşaq, yeməkxana, camaşırxana, anbar, ofistibb məntəqəsi var. Həmçinin minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol-voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib. Qeyd edək ki, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.

 

Azərbaycan.- 2022.-29 yanvar.- S.3.