Naxçıvanın inkişaf modeli

 

Qədim yurdun müasir siması, modern quruculuğu, səmərəli islahatları

 

...Təyyarə eniş zolağına doğru yaxınlaşdıqca illüminatordan bəyaza bürünmüş ecazkar şəhəri, sevimli diyarın inzibati mərkəzini seyr edirik.

Kiçik Qafqaz sıra dağları, möhtəşəm Gəmiqaya, buludlara dikilən Qapıcıq zirvəsi, mistik Əshabi-Kəhf, heyrətamiz Haçadağ, qarlı Nəhəcir dağı bütün əzəməti ilə göz qamaşdırır. Bu müqəddəs ucalığın qoynunda füsunkar təbiətin, mərd camaatın, qürurlu tariximizin alınmaz, əyilməz məskəni yerləşir...

Nuh Peyğəmbərin gəmisinin ilk dayanacağı, həm də Qədim Türk-Oğuz yurdu, Dədə-Qorqud binəsi, İslam mədəniyyətinin sütunlarından biri...

Əmir Temurdan başlayaraq neçə-neçə dünya fatehinə baş əyməyən, son onilliklər boyu isə rəzil düşmənə qan udduran iftixar mənbəyimiz...

5,5 min kv.km-lik ərazi, 462 min insan...

Üç tərəfdən düşmənlə sərhəd, Ana Vətəndən uzaq düşmə nisgili...

Amma daim yüksəlişdə olan, torpağının altı tarixin möcüzələrini, üstü isə inkişafın möcüzələrini yaşadan əziz yurdumuz...

Mistika ilə gerçəkliyi, ənənələrlə modernliyi, əzmkarlıqla nailiyyəti, zəhmətlə nəticəni, gedilən yolun uğur hesabatı ilə sabahın düzgün hədəflərini ləyaqətlə birləşdirən göz bəbəyimiz...

Nuhçıxandayıq, Nəqşi-Cahandayıq, Naxçıvandayıq, muxtar respublikadayıq...

 

Qafqazın lider ölkəsinin lider bölgəsi

 

“Naxçıvan” məfhumunun doğurduğu təəssürat hər kəsdə dəyişməzdir, bu, məhz tarixlə bağlı olur. Qədim dövrlərin örnək olaylarına, Orta əsrlərin qəhrəmanlıq hadisələrinə, müasir çağımızın isə ən mühüm dövlətçilik və müstəqillik ilklərinə müəlliflik edən bu yurd və onun insanları daim tarixin gərdişini dəyişdirib. Amma müsbətə doğru dəyişdirib!

Tarixə nəzər salıb, fikirlərimizi faktlaşdırmağa əslində nə hacət?!. Bunları bilməyənmi var?!.

Amma bəlkə bəzilərinin hələ də bilmədikləri var. Məsələn, Naxçıvan müstəqillik illərində inkişaf dinamikasına görə Azərbaycanda ən öncül region olub. Hələ 10 il əvvəl Prezident İlham Əliyev bunu rəsmən bəyan etmişdi: “Muxtar respublika inkişafa görə Azərbaycanda liderdir”. Ötən il isə dövlət başçısı bu mövzuya yenidən qayıtdı və dedi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordçu bölgədir”.

“Lider region”, “rekordçu bölgə” ifadələri əlbəttə ki, iltifat sözləri deyil, konkret faktlara, real göstəricilərə və elə adi gözlə görüləsi genişmiqyaslı dəyişikliklərə əsaslanan Ali Qiymətdir!

Blokadanın min cür ağırlığına, fəsadlarına baxmayaraq, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü olan fədakarlığa, Vətən naminə çəkilən zəhmətə verilən Prezident Dəyəridir!

Dünyanın Qafqazın lider ölkəsi kimi tanıdığı bir məmləkətin lider bölgəsi olmaq nə deməkdir? Yəni Naxçıvan artıq bütün Qafqazın ən inkişaf etmiş regionudur!

Onilliklər öncə dövlətçilik və müstəqillik istiqamətində ən mühüm başlanğıclara, rekordlara müəlliflik edən Naxçıvan indi sosial-iqtisadi sahədə artıq Qafqaz miqyasında rekordlara imza atır!

Rəqəmlər adətən insanları, oxucuları yorur. Amma nəzərə alaq ki, rəqəmlər təkzibedilməz faktlardır və bu faktlar görün nələri göstərir: Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri isə 61 dəfə artıb...

Diqqət edin: faizlə yox, dəfələrlə!

Digər göstəriciləri bir kənara qoyub, yalnız birinə baxaq: Naxçıvan sakinlərinin gəlirlərinin 61 dəfə artması onların yaşam səviyyəsinin 61 dəfə yüksəlməsi deməkdir!

Vaxtilə çıraq işığında oturan, üşüyən Naxçıvan indi enerji ixracatçısıdır

 

Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti Azərbaycan tarixinin dönüş mərhələsi və qürur mənbəyidir. Bu dövrə daim təkrar-təkrar qayıdır, onu ən dərin incəliklərinə qədər araşdırmağa ehtiyac duyuruq. Bu illərlə bağlı xatirələrdə həmişə vurğulanan bir məqam olub: blokadanın ilk illərində Naxçıvan enerji təminatından məhrum olmuşdu, kəndlərdəki, şəhərlərdəki mənzillər, o cümlədən muxtar respublika rəhbərinin kabineti isidilmirdi. Ulu Öndəri ziyarət etmiş çoxsaylı insanlar qeyd edirlər ki, Heydər Əliyevin kabinetində paltoda oturmağa məcbur olurmuşlar. Ümummilli Liderin masasındakı çıraq (indi o, Naxçıvandakı Heydər Əliyev Muzeyində sərgilənir) isə həm otağı işıqlandırarmış, həm də onun cüzi istisində əllər isidilərmiş...

Prezident İlham Əliyev də o tarixi günlərin şahidlərindəndir: “Yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu Öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi”...

Bəli, Heydər Əliyev bu vəziyyətdə olan Naxçıvana rəhbərliyə gəlmişdi. İndi isə...

Naxçıvan Muxtar Respublikası enerji ixracatçısıdır!

Nəinki bütün şəhər və kəndlər işıqla 100 faiz təmin olunur, hətta bunu xaricə ixrac edirlər!

Əgər 2003-cü ildə muxtar respublikada cəmi 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, ötən ildə bu göstərici 11-ə çatdırılıb!

Naxçıvan uğur göstəricilərində modern innovasiyalara əsaslanmasa, Prezidentin təbirincə desək, rekordsmenlik göstərməsə, Naxçıvan olmaz axı: elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir! Bu isə hətta inkişaf etmiş ölkələr üçün çox nadir hal hesab edilir.

Müstəqillik illərində sənaye məhsulunun həcminin 117 dəfə artmasını yuxarıda qeyd etdik, bundan əlavə, indiyədək yüzlərlə sənaye müəssisəsi də istifadəyə verilib. Tarixən aqrar bölgə olan Naxçıvanın bu gün güclü potensiallı sənaye-aqrar regionuna çevrilməsinin əsas mahiyyəti də məhz enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu amil muxtar respublikada sənayenin inkişafına möhkəm zəmin yaradıb.

“Güclü sənaye müasir və qüdrətli iqtisadiyyatın açarıdır” fikri Naxçıvan nümunəsində ən real təsdiqini tapır. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması nəticəsində yeni sənaye məhsullarının istehsalına başlanılıb. İndi Naxçıvanda avtomobildən tutmuş hər cür tikinti materialına qədər, ərzaqdan geyimədək yüzlərlə məhsul istehsal olunur və xaricə satılır.

Çıraqdan enerji ixracatına keçilən yol bəlkə də möcuzə sayıla bilər...

Bu möcüzələr silsiləsinə muxtar respublikanın 100 faiz qazlaşdırılmasını, ən ucqar dağ kəndində belə insanların istiliklə bağlı ən kiçik problem yaşamamasını da əlavə edək...

“Ağıllı kənd” modeli ilə onlarla yaşayış məntəqəsinin formalaşdırıldığını, kəndlərin artıq qəsəbə yox, elə müasir şəhər formatında inkişafını, kənddə hələ adi məktəbləri demirik, musiqi məktəblərinin belə üçmərtəbəli binalarda yerləşdiyini və bütün otaqların uşaq-yeniyetmələrlə dolu olduğunu və bu xüsusda xeyli əlavə faktları da möcüzələr sırasına qataq...

Amma möcüzə yalnız mifik anlamda olmur ki, elə Naxçıvanın timsalında onu gerçək həyatın yüzlərlə təzahüründə görürük!

Özü də hələ də blokadanın məhrumiyyətlərini, çətinliklərini yaşayan, üç tərəfdən düşmənlə əhatələnən Naxçıvanın...

 

Naxçıvanda İlham Əliyevin quruculuq izləri

 

Muxtar respublikada əldə olunan nailiyyətlər birmənalı olaraq Heydər Əliyev kursunun uğurla gerçəkləşməsinin, Ulu Öndərin bu bölgə ilə bağlı arzularının, hədəflərinin, vəsiyyətlərinin layiqincə həyata keçirilməsinin təzahürüdür.

Eyni zamanda Prezident İlham Əliyevin siyasətinin, qayğısının, şəxsi nəzarətinin təntənəsidir. Dövlət başçısı kimi bölgəyə 15 dəfə səfər edən Prezident burada 100-dən artıq təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışını edib. Ölkə rəhbərinin himayəsi, tapşırığı, tövsiyəsi ilə ərsəyə gələn obyektlərin sayı isə minlərlədir.

Muxtar respublikada son illərdə 232 elm və təhsil ocağı, 642 mədəniyyət, səhiyyə, idman obyekti inşa olunub, 109 körpü, 352 inzibati bina, 61 nasos stansiyası, 328 subartezian quyusu tikilib. 98 min 775 iş yeri açılıb. 1346 istehsal və xidmət sahəsi yaradılıb. Bu müddətdə Naxçıvanın yalnız inzibati mərkəzindən kəndlərinə doğru deyil, həm də elə kəndlərdə küçələrarası yollar belə tam asfaltlaşdırılıb. 4 min km-dən artıq yol isə yenidən qurulub.

Muxtar respublikada bütün istiqamətlər üzrə iqtisadi sabitlik qazanılıb, daxili imkanlardan səmərəli istifadə edilib, müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin olunub, sosial layihələrin əhatə dairəsi genişləndirilib. Xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcmi ildən-ilə artırılıb, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, vergi və gömrük güzəştlərinin tətbiqi özəl sektorun fəaliyyətinin inkişafına müsbət təsirini göstərib. Ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi yüksəlib.

Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcminin 15 dəfə artması ərzaq təhlükəsizliyinin təmininə xidmət edib. Aqrar sahəyə diqqət və qayğının bir təzahürü də yüzlərlə ailə təsərrüfatlarının formalaşdırılmasıdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır.

İndi muxtar respublikada 16 min hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri aparılır. Naxçıvanda indi elə bir şəhər, qəsəbə, kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əgər ötən əsrin 90-cı illərində yaşıllıqların ümumi sahəsi 0,6 faiz idisə, hazırda 20 faizdən artıqdır.

İnkişafın modern istiqamətlərindən biri də rabitə və yeni texnologiyalar sahəsidir. Naxçıvanda müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur, qlobal internet sisteminə dördtərəfli çıxış var, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb.

 

Davamlı inkişafın sürətli mərhələsi

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri 2021-ci ildə də mühüm nailiyyətləri əks etdirir. Statistikaya baxaq və nəzərə alaq ki, bu göstəricilər sadəcə rəqəmlər toplusu deyil, böyük zəhmətin, fədakarlığın, düzgün yolun ürəkaçan nəticələridir.

Ötən il ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat, bir il öncəki göstəricidən 2,4 faiz çox olub. Hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat, orta aylıq əməkhaqqının məbləği isə 548,8 manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutur və maddi istehsalın payı 59 faizdir. Ötən il muxtar respublikada bir il öncəki göstəricini 1,7 faiz üstələyən həcmdə - 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bunda özəl bölmənin payı 92,3 faizdir. Sənayenin inkişafı məqsədilə təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib. 194 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, yaxud yaradılması davam etdirilib. İndi Naxçıvanda 384 növdə məhsul istehsal olunur.

2021-ci ildə muxtar respublikada sahibkarlara verilən 38 milyon manatdan artıq kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. 52 hüquqi və 2389 fiziki şəxs qeydiyyata alınıb. 2021-ci ildə bir il öncəyə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə “Şərur” Günəş-Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılıb, Şərur rayonunda Günəş- Elektrik Stansiyasının tikintisi davam etdirilir.

Muxtar respublikada inkişafı xarakterizə edən əsas cəhətlərdən biri də tikinti-quruculuq işlərinin həcminin ilbəil artmasıdır. Hər il yaşayış məntəqələrində yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi, yeni yolların çəkilməsi əhalinin rahat yaşayışına xidmət edir. 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 149 obyektdə tikinti və yenidənqurma işləri davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib və ötən il əhalinin şəxsi vəsaiti hesabına 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Tikintidən söz düşmüşkən, Türkiyənin İqdır vilayətinə keçərkən Sədərək Gömrük Sərhəd-Buraxılış məntəqəsinin yeni inşa olunan binasının əzəməti, tətbiq edilən texniki innovasiyalar, xidmət keyfiyyətinin yüksəkliyi növbəti təəccübümüzə səbəb oldu. Ötən il istifadəyə verilən buraxılış məntəqəsi, ümumilikdə, Qafqazda son nəsil gömrük nəzarəti, müşahidə texnologiyaları ilə təmin edilən ən müasir infrastrukturdur. Yəni bu da növbəti rekord! Ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə sürətli keçid üçün şərait, yüklərin rəsmiləşdirilməsi, yoxlama-baxış sistemləri, giriş və çıxış istiqamətlərinin çoxsaylı hərəkət zolaqları, ən nəhayət əhaliyə operativ və maneəsiz xidmət, əslində, bütün gömrük buraxılış məntəqələri üçün örnək olmalıdır. Amma bunu da yetərli saymayan Naxçıvan gömrükçüləri xidməti daha da asanlaşdırmaq üçün buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin keçidinin və gömrük rəsmiləşməsinin sürətlənməsinə dəstək məqsədilə Sədərək Ticarətin Asanlaşması Mərkəzinin tikintisinə başlayıblar. Ötən il isə büdcə öhdəliyini 108 faiz yerinə yetiriblər.

Bir məqamı unutmayaq, ağır blokada və çətin pandemiya dövründə artımın hətta 0,1 faizlik göstəricisi belə əsl qəhrəmanlıq nümunəsi sayıla bilər, sayılmalıdır da...

 

Qədim ənənələrin möhtəşəm davamı

 

Çoxəsrlik təhsil, elm ənənələrinə malik Naxçıvanda bu istiqamətlər indi sözün əsl mənasında intibah dövrünü yaşayır. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində oxuyan 53 mindən çox şagirdin təhsili ilə 7257 müəllim məşğul olur. Ötən tədris ilində məzunlardan ali təhsil müəssisələrinə qəbul göstəricisi 73 faiz təşkil edib. 261 məzun 500-dən yuxarı bal toplayıb, 3-ü Prezident təqaüdünə layiq görülüb. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb, tələbə və müəllimlər üçün vahid geyim forması tətbiq edilib.

İstedadı ilə fərqlənən şagirdlərin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılır və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünü alırlar. 103 ümumtəhsil məktəblərində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunur. Məktəblərdə 205 idman klubu yaradılıb. Son iki ildə 2000-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına və təlimlərə gedib.

6 elmi-tədqiqat institutunu birləşdirən AMEA Naxçıvan Bölməsi 22 ildir ki, apardığı tədqiqatlar, araşdırmalarla həm elmə töhfələr verir, həm mükəmməl alim formalaşdırma məktəbinə çevrilir. Naxçıvan ali təhsilinin flaqmanı olan 55 yaşlı Dövlət Universitetinin nailiyyətləri isə o qədər çox və genişdir ki, həm də nüfuzu ölkə miqyasını aşaraq qlobal məkana keçdiyindən, barəsində məxsusi yazı yazılmağı haqq edir...

Ən nəhayət, son illərdə Naxçıvan şəhəri İslam Mədəniyyətinin paytaxtı, Avropa Gənclər paytaxtı missiyalarını da şərəflə yerinə yetirib.

 

Böyük Zəfərdə Naxçıvanın şanlı imzası

 

İki əsrlik münaqişəyə, 32 illik müharibəyə son qoyan Vətən savaşı müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin və xalqımızın sarsılmaz vəhdəti nəticəsində qələbə ilə yekunlaşdı. Zəfərin gerçəkləşməsi üçün bütün bölgələrin sakinləri, bütün xalqların təmsilçiləri sıx səfərbər oldular və arzulanan nəticəni əldə etdilər.

Zəfərdə Naxçıvanın da, naxçıvanlıların da əzəmətli imzası, mühüm töhfəsi, böyük qurbanları oldu. Onilliklər boyu rəzil düşmənə qarşı cəsarətlə döyüşən, muxtar respublikanın ərazisini ləyaqətlə qoruyan, Günnüt zəfərinə imza atan Əlahiddə Ümumqoşun Ordu Vətən müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərdi, yeni şərəf missiyasını Qarabağda yazdı. Oktyabrın 10-da Əlahiddə Ümumqoşun Ordunun 300 nəfərdən artıq xüsusi təyinatlısı (sonradan yenidən 100 nəfərdən artıq heyət əlavə edildi) Qarabağa gələrək, ertəsi gündən etibarən Hadrut istiqamətində kəskin zərbələri ilə güclü erməni müdafiəsini yardılar, Şuşayadək rəşadətlə döyüşərək, əsl qəhrəmanlıq örnəyi yaratdılar. Ən çətin döyüşlərdə, alınmaz mövqelərdə, keçilməz sədlərdə aslanlar kimi vuruşdular, güllələri tükənəndə bıçaqla, süngüləri qırılanda yalın əlləri ilə savaşdılar. Tarix və xalqımız Naxçıvan igidlərinin bu ali, səmimi, böyük Qarabağ sevgisini, Azərbaycan vurğunluğunu əsla unutmayacaq!

Hər gün həm qələbə, həm də şəhid xəbəri alan naxçıvanlıların sevinc və qüssə gözyaşları bir-birinə qarışmışdı. Onlarla şəhidin istisnasız olaraq hər biri Naxçıvan aeroportunda muxtar respublika rəhbərinin öncüllüyündə minlərlə insan tərəfindən qarşılandı, öz şəhərinə, kəndinə, son əbədiyyət məkanına böyük ehtiramla yola salındı. İndi onların ailələri, eləcə də savaşda yaralananlar, müharibə iştirakçıları davamlı qayğı, diqqətlə əhatələniblər, mənzillərlə, avtomobillərlə, işlə təmin olunurlar, sosial ehtiyacları dərhal həllini tapır.

Postsavaş dövründə Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə aparılan yeni islahat mərhələsində Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yenə də ön sıradadır. Ən müasir silah və texnikalarla təminat, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb. Müstəqillik illərində tikilən, yenidən qurulan 306 müxtəlif təyinatlı hərbi obyekt indi daha müasir tələblərə uyğun formalaşdırılır.

 

Naxçıvan gerçəklikləri

 

Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi də davam etdirilir. Amma Naxçıvanda ucqar dağ kəndindən inzibati şəhər mərkəzinədək xidmətlər zatən uzun illərdir asanlaşdırılıb. Prezidentin tələbləri əsasında, Naxçıvanda bütün dövlət xidməti əhali üçün tam əlçatan, ən əsası isə effektiv nəticə verən fəaliyyətə çevrilib.

Bunlar Naxçıvanda aparılan sistemli islahatların yalnız bir istiqamətidir. Necə ki, müstəqilliyin ilk illərində Heydər Əliyevin şəxsində Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi olaraq dövlət quruculuğunun bütün sahələri üzrə ilk islahatlara başlamışdı, eyni əzm, eyni yol, eyni hədəflə bu islahatlar indi də aparılır və Ulu Öndərin irsinə, Prezidentin siyasətinə mühüm töhfə kimi səciyyələnir.

Bəzən Naxçıvan reallıqlarını ölkə miyqasında təhrif etməyə də cəhd göstərilir. Məsələn, açıq danışaq, Naxçıvanda güclü intizam və nəzarətin olması barədə sosial şəbəkə dedi-qoduları baş alıb gedir...

Əslində, bəlkə də haqlıdırlar, Naxçıvanda güclü nəzarət var! Amma bu nəzarət vətəndaşın özü-özünə, hərəkətinə, davranışına, hüquqi və mənəvi öhdəliklərinə şəxsi nəzarətidir!

Nəzarətin rəsmi təminatçısı olan hüquq-mühafizə orqanlarının isə nə avtomobilləri, nə də ki, özləri küçələrdə gözə dəyir. Sanki muxtar respublikada polis deyiləcək bir kəs yoxdur. Bunun hansısa fəsad yarada biləcəyi ehtimalı ilə maraqlanırıq. Bu məqsədlə də kriminal xronikaya nəzər salırıq. Naxçıvanın nəhayət ki, öndə olmadığı, əksinə, ən geridə qaldığı bir sahəni də tapdıq: cinayətkarlıq! İctimai qaydalar və əhali kriminal durumun sabitliyini artıq rəsmi təsir olmadan, məhz özü tənzimləyir!

Kəskin qarın yağdığı vədədə Naxçıvanı şəhərdən kəndlərədək gəzdik, sübh tezdən kişilər əllərində belləri ilə evlərinin, küçələrinin, iş yerlərinin qarşısında qarı kürüyürdülər. Tam könüllü! Amma əlbəttə ki, 20 il öncə bu qaydalar könüllü icra edilmirdi, necə ki, Azərbaycanın dörd bir yanında bu ənənəni hələ də yaratmaq mümkün deyil! Yaxud yas və toy mərasimləri məsələsi, hər şənbə keçirilən iməciliklər... Naxçıvanda bunun kimi onlarla prosesin uğurlu həllini camaat özü tapıb və onu qətiyyətlə də qoruyurlar!

Minillik tarixi olan Naxçıvan, 98 yaşlı muxtar respublika böyük sürətlə, müasir zövqlə, qətiyyətli təşəbbüskarlıq və səmimi təəssübkeşliklə, düzgün istiqamətdə hər gün yeniləşir, uğuruna uğur qatır.

Yeni Naxçıvan indi bütün vüsəti, cəlalı ilə tarixin ən qüdrətli Azərbaycanının və Prezident İlham Əliyevin möhtəşəm əsərlərindən birinə çevrilib!

Uğurların əslində kiçik qismindən bəhs etdik. Onların sayı, miqyası, əhatəsi, təsiri o qədər böyük və genişdir ki, tam halında qəzet səhifəsində ümumiləşdirmək mümkünsüzdür. Növbəti saylarımızda Naxçıvandakı ordu quruculuğundan, ixrac potensialından, elm, təhsil, mədəniyyət, mətbuat mənzərəsindən, dağ kəndlərindən, turizm potensialından və digər mövzulardan silsilə məqalələrimiz dərc olunacaq...

 

Naxçıvanın uğur formulu

 

Səfərdən qayıtdıqdan sonra qəzetimizin dostu AMEA-nın vitse-prezidenti, həm də naxçıvanlıların ölkə parlamentində təmsilçisi olan İsa Həbibbəyli ilə təəssüratlarımızı bölüşürdük. “Muxtar respublikanın uğur formulunun əsl zəmini nədir” sualıma akademikin cavabı konkret idi: “Prezident İlham Əliyevin regionun geosiyasi vəziyyətini, xüsusi çətinliklərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasına daim böyük diqqət və qayğı göstərməsi buradakı inkişafı ardıcıl olaraq stimullaşdırır. Naxçıvandakı böyük və hərtərəfli inkişaf həm də yorulmaz fəaliyyətin və məqsədyönlü idarəetmənin qanunauyğun nəticəsidir. Muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan dövlətçiliyində xüsusi tarixi hadisə olan Heydər Əliyev - İlham Əliyev dövlətçilik siyasətinə sədaqəti, mükəmməl idarəetmə təcrübəsinə malik olması, düşünülmüş quruculuq siyasəti və əzmi qədim diyarın müasir inkişafında mühüm rol oynayır. Eyni zamanda Naxçıvan əhalisinin dövlətçilik və quruculuq proseslərində yorulmadan fəal iştirakı paralel şəkildə davam etdirməsi də Naxçıvanın yüksəlişini təmin edir”.

Həqiqətən də Azərbaycan Prezidentinin qayğısı - muxtar respublika rəhbərliyinin uğurlu fəaliyyəti - əhalinin zəhmətkeş fədakarlığı, məhz bu üç faktorun vəhdəti Yeni Naxçıvanın təməlidir!

Həm də inkişafın Naxçıvan modelinin davamlı təminatçısıdır!

İnkişafa görə Azərbaycanda lider, Qafqazda rekordçu olan Naxçıvan bütün nailiyyətləri, yüksəliş göstəriciləri ilə əslində, Heydər Əliyevin irsinə, əbədiyaşar xatirəsinə ucalan möhtəşəm monumental abidədir!

Naxçıvan həyata keçirdiyi islahatların səmərəliliyinə, dövlət siyasətinin uğurlu gedişinə görə həm də İlham Əliyev idarəçilik kursuna və siyasətinə mükəmməl töhfə nümunəsidir!

Əsas odur ki, bu nümunəni hamı görür, dəyərləndirir, ən ali qiyməti isə Lider verir. Prezident İlham Əliyevin Naxçıvan ictimaiyyətinə xitabən söylədiyi bu fikirlər yüksək dəyərdir, ancaq ən əsası USTAD DƏRSİdir: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Həqiqətən də, fəaliyyətdə uğuru əldə etməyin, xalqa ləyaqətli xidmətin sadə yolu var: Heydər Əliyev örnəyinə, İlham Əliyev nümunəsinə tapınmaq, istinad etmək!..

İlham Əliyevin özünün idarə etdiyi avtomobillə Zəngəzur dəhlizindən Naxçıvana gələcəyi günə isə çox az qalıb...

Bu, Naxçıvanın yeni dirçəliş mərhələsinin, yeni inkişaf salnaməsinin başlanğıcı olacaq!

 

İxtiyar HÜSEYNLİ,

Bakı-Naxçıvan-Bakı

 

Azərbaycan.- 2022.-29 yanvar.- S.1; 4.