Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 12-ci və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının
Mülki Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (I kitab), maddə
250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə
420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10,
maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə
466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə
1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6,
maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə
80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə
1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə
456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5,
maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə
75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 7, maddə
586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6,
maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə
1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə
768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10,
maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2 (I kitab), maddələr
186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə
1005, ¹ 7, maddə 1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2,
maddələr 151, 153, ¹ 4, maddə 524, ¹ 5, maddələr 703,
735, ¹ 6, maddə 1035, ¹ 11, maddə 1953, ¹ 12 (I kitab), maddələr
2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr
845, 851, ¹ 11, maddə 2212, ¹ 12 (I kitab), maddələr 2467, 2518,
2526, 2533; 2019, ¹ 1, maddələr 23, 50, ¹ 5, maddələr 806,
812, 814, ¹ 6, maddələr 994, 996, ¹ 7, maddə 1202, ¹ 8, maddə
1369, ¹ 11, maddə 1681, ¹ 12, maddə 1908; 2020, ¹ 5, maddə 515,
¹ 7, maddələr 822, 832, 839, 843, ¹ 12 (I kitab), maddələr
1423, 1435; 2021, ¹ 1, maddə 8, ¹ 4, maddə 307, ¹ 6 (I kitab), maddələr
556, 558, ¹ 7 maddə 711, ¹ 8, maddə 894, ¹ 11, maddə 1206, ¹ 12,
maddə 1335; 2022, ¹ 6, maddə 580, ¹ 8, maddələr 824, 828,
833; Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli
651-VIQD nömrəli və 2 dekabr tarixli 669-VIQD nömrəli
qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
194.2-ci maddənin ikinci və 431.1-ci maddənin
üçüncü cümləsindən "Banklar
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq" sözləri çıxarılsın;
1.2.
331-ci maddə üzrə:
1.2.1. 331.1-ci maddəyə
aşağıdakı məzmunda ikinci və
üçüncü cümlələr əlavə edilsin:
"Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.";
1.2.2. 331.2-ci maddədə "Tərəflərin" sözü "Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin" sözləri ilə əvəz edilsin;
1.2.3. 331.3-cü maddəyə "tərəflərin" sözündən əvvəl "qanunda, digər hüquqi aktlarda və ya" sözləri əlavə edilsin;
1.2.4. 331.5-ci maddədə "formada bağlanılması" sözləri "ticarət zamanı bağlanılması və elektron imza ilə təsdiq edilməsi" sözləri ilə əvəz edilsin;
1.3. 406.3-cü maddədə "poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər" sözləri "bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin" sözləri ilə əvəz edilsin;
1.4. 428.4-cü maddəyə "kreditor" sözündən sonra ", qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa" sözləri əlavə edilsin;
1.5. 445.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.";
1.6. 449-cu maddə üzrə:
1.6.1. 449.1-ci maddənin ikinci cümləsində "Faizlərin" sözü "Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin" sözləri ilə, üçüncü cümləsində "ödəyə" sözü isə "təmin edə" sözləri ilə əvəz edilsin;
1.6.2. 449.4-cü maddəyə "müqavilədə" sözündən əvvəl "bu Məcəllədə və ya" sözləri əlavə edilsin;
1.7.462.1-ci maddənin birinci cümləsinə "müqavilə" sözündən əvvəl "qanun və ya" sözləri əlavə edilsin;
1.8. 478-ci maddədə "idarəsi" sözü "təşkilatı" sözü ilə əvəz edilsin;
1.9. 37-ci fəsil aşağıdakı redaksiyada verilsin:
"37-ci fəsil.
Borc
§ 1. Borc müqaviləsi
Maddə 739. Borc müqaviləsinin anlayışı və
forması
739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.
Maddə 740. Borc müqaviləsi üzrə faizlər
740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.
740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.
740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.
740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.
740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.
740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.
Maddə 741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi
741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər.
Maddə 742. Borcun qaytarılması
742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.
742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır.
742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
742.5.4. borcun təyinatı
borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə
borcun təyinatı üzrə istifadə edilməsinə
müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət
etməyə imkan vermədikdə və ya borc təyinatı
üzrə istifadə olunmadıqda.
§ 2. Kredit
müqaviləsi
Maddə 743. Kredit müqaviləsinin
anlayışı
743.1. Kredit müqaviləsinə
görə borcverən pul vəsaitinə mülkiyyət
hüququnu müqavilədə göstərilən məbləğdə
və şərtlərlə borcalana verməyi, borcalan isə
aldığı pul vəsaitini müqavilədə müəyyən
edilmiş müddətə faizlərin və (və ya)
müqavilədə göstərilən digər ödənişlərin
ödənilməsi şərtilə borcverənə
qaytarmağı öhdəsinə götürür. Kredit
müqaviləsi üzrə borcverən yalnız normativ
hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin
həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
743.2. Bu Məcəllənin
bu paraqrafının müddəalarından ayrı qayda irəli
gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin
borc müqaviləsi haqqında müddəaları müvafiq
surətdə tətbiq edilir.
743.3. Azərbaycan
Respublikasının adından borc alınması, habelə
ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan
Respublikası Mərkəzi Bankının vəsaitləri
hesabına, eləcə də lombardlar tərəfindən
kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun
olaraq həyata keçirilir. Kreditlərin verilməsi
ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən
məsələlər bu Məcəlləyə uyğun
olaraq tənzimlənir.
Maddə 744. Kredit müqaviləsinin
bağlanma qaydası və məzmunu
744.1. Kredit müqaviləsi tərəflər
arasında yazılı formada bağlanılır və kredit
müqaviləsinin bir nüsxəsi borcalana verilir.
744.2. Kredit müqaviləsində ən
azı aşağıdakılar göstərilməlidir:
744.2.1. borcverənin
adı və ünvanı;
744.2.2. borcalanın
adı və ünvanı;
744.2.3. kreditin məbləği
və valyutası;
744.2.4. kreditin
qaytarılma müddəti və ödəniş şərtləri;
744.2.5. kreditin təyinatı;
744.2.6. kredit
üzrə tətbiq edilən faizlərin illik dərəcəsi
və (və ya) digər ödənişlərin məbləği,
həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə
üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə,
ilkin faktiki illik faiz dərəcəsi);
744.2.7. tətbiq
edildikdə, kredit üzrə faizlərin tutulmadığı
müddət barədə aydın və dəqiq məlumat.
744.3. Bu Məcəllənin
743.3-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi
Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən
etdiyi qaydaya uyğun olaraq hesablanır.
Maddə 745. Kredit müqaviləsinin
xüsusiyyətləri
745.1. Bu Məcəllənin
742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının
itirilməsi və yaxud dəyərinin azalması hallarına
yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit
müqaviləsində müəyyən edilmiş müddətdə
təminatı əvəz etməmiş və ya əlavə
təminat təqdim etməmiş olsun.
745.2. Kredit müqaviləsi üzrə
borcalan tərəfindən öhdəlik vaxtından əvvəl
ödənilərsə, borcverən bu Məcəlləyə
uyğun olaraq zərərin əvəzinin ödənilməsi
üçün kompensasiya ödənilməsini yalnız
kredit müqaviləsində nəzərdə tutulduqda tələb
edə bilər.
745.3. Bu Məcəllənin
740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn
münasibətlərə bu şərtlə tətbiq edilir
ki, ödəniş əməliyyat gününün (borcverənin
ödənişlərin qəbulu üçün müəyyən
etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən
kredit müqaviləsində daha qısa müddət müəyyən
edilməmişdirsə, əməliyyat günü bitdikdən
sonra ödəniş terminalı vasitəsilə və ya digər
üsulla həyata keçirilən ödəniş növbəti
iş günündən gec olmayaraq həyata keçirilən
ödəniş hesab edilir.
745.4. Borcverənin kredit müqaviləsindən
irəli gələn tələbləri üzrə iddia
müddəti bir ildir.
745.5. Kredit müqaviləsində
ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin
müəyyənləşdirilməsi istisna olmaqla), kredit
üzrə ödənişlərin gecikdirilməsinə
görə faizlər (gecikdirilmə faizləri) kredit
müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə
pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra
edilmə günü üçün Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilən uçot dərəcəsi əlavə
edilməklə hesablanır. Bu maddədə
müəyyən edilən həddə gecikdirilmə faizləri
tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə,
penya) və ya digər formada hər hansı ödəniş
tələb edilə bilməz.
745.6. Əgər kredit üzrə
ödənişlərin gecikdirilməsinə görə
borcverənə dəyən zərər bu Məcəllənin
745.5-ci maddəsinə əsasən ona çatası faizlərin
məbləğindən çoxdursa, borcverən borcalandan həmin
məbləğdən çox olan hissədə zərərin
əvəzini ödəməyi məhkəmə qaydasında
və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla
ayrıca razılıq əldə etməklə tələb
edə bilər.
§ 3. İstehlak
krediti müqaviləsi
Maddə 746. İstehlak krediti müqaviləsinin
anlayışı
746.1. İstehlak krediti müqaviləsinə
görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti
ilə bağlı olmayan məqsədlər üçün
fiziki şəxs olan borcalana (bundan sonra - istehlakçı)
pul vəsaitini borc verməyi, istehlakçı isə
aldığı borcu faizlər və (və ya) müqavilədə
göstərilən digər ödənişlərin ödənilməsi
şərtilə müqavilə ilə müəyyən
edilmiş qaydada və müddətdə qaytarmağı
öhdəsinə götürür.
746.2. Bu Məcəllənin bu
paraqrafının müddəaları aşağıdakı
müqavilələrə şamil edilmir:
746.2.1. daşınmaz
əmlaka dair hüquqların əldə edilməsi ilə
bağlı və ya daşınmaz əmlakın ipotekası
ilə təmin edilən kredit müqavilələrinə;
746.2.2. kredit
müqaviləsinin bağlandığı anda məbləği
ölkə üzrə müəyyən olunmuş minimum
aylıq əməkhaqqı məbləğindən
aşağı və ya həmin məbləğin 300
(üç yüz) mislindən çox olan müqavilələrə;
746.2.3. 90 (doxsan) gün müddətinədək
bank hesabının kreditləşdirilməsinə;
746.2.4. kredit
ittifaqlarının öz üzvlərinə verdiyi kreditlər
üzrə müqavilələrə;
746.2.5. bu Məcəllənin
743.1-ci maddəsinə uyğun olaraq kreditlərin verilməsi
fəaliyyətini həyata keçirən borcverənin öz
işçilərinə verdiyi kreditlər üzrə
müqavilələrə;
746.2.6. investisiya
xidmətlərini həyata keçirən təşkilatlar tərəfindən qiymətli
kağızlar və ya törəmə maliyyə alətləri
ilə onların həyata keçirdiyi əqdlərin
bağlanması üçün verilən kreditlər üzrə
müqavilələrə;
746.2.7. məhkəmə
və ya mediasiya vasitəsilə bağlanan barışıq
sazişinə əsasən bağlanmış kredit
müqavilələrinə;
746.2.8. kredit
borcunun və digər ödənişlərin yeni müddətə
ödənilməsini nəzərdə tutan və faizsiz
müəyyən edilən restrukturizasiya müqavilələrinə;
746.2.9. öhdəliyin
icrası borcverənin sahibliyinə verilən əşya ilə
təmin edilən və istehlakçının öhdəliyinin
yalnız həmin əşya ilə məhdudlaşmasını
nəzərdə tutan kreditlər üzrə müqavilələrə.
746.3. Bu Məcəllənin
bu paraqrafının müddəalarından ayrı qayda irəli
gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin
borc müqaviləsi və kredit müqaviləsi haqqında
müddəaları müvafiq surətdə tətbiq edilir.
Maddə 746-1. İstehlak krediti müqaviləsi
üzrə ilkin məlumatlandırma
746-1.1. İstehlak krediti müqaviləsinin
bağlanılmasından əvvəl borcverən
aşağıdakılar barədə məlumatları
kağız və ya digər davamlı daşıyıcıda
(məlumatın məqsədlərinə uyğun müddət
ərzində saxlanılmasına imkan verən və
saxlanılan məlumatın dəyişiklik olmadan əks
etdirilməsi mümkün olan istənilən vasitə)
istehlakçıya təqdim etməlidir:
746-1.1.1. kreditin növü;
746-1.1.2. borcverənin adı və
ünvanı;
746-1.1.3. kreditin məbləği və
valyutası;
746-1.1.4. kreditin qaytarılma müddəti
və ödəniş şərtləri;
746-1.1.5. kredit müəyyən
malın alınması və ya xidmətin göstərilməsi
ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi
vasitəsilə verildikdə, həmin mal və ya xidmət və
onun nağd qiyməti (malın və ya xidmətin
alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-1.1.6. kredit üzrə tətbiq
edilən faizlərin illik dərəcəsi və (və ya)
digər ödənişlərin məbləği və
onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi;
746-1.1.7. tətbiq edildikdə, kredit
üzrə faizlərin tutulmadığı müddət barədə
aydın və dəqiq məlumat;
746-1.1.8. istehlakçı tərəfindən
edilməli olan ödənişlərin məbləği,
sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və
ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin
icrasından silinmə ardıcıllığı;
746-1.1.9. tətbiq edildikdə
(hesabın açılması zəruri olmayan hallar istisna
olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının
qeydiyyatını aparan bir və ya bir neçə hesabın
saxlanma xərcləri, o cümlədən ödəniş və
nağdlaşdırma əməliyyatları üçün
ödəniş vasitələrindən istifadə xərcləri,
kredit müqaviləsindən irəli gələn digər xərclər
və bu xərclərin dəyişdirilmə şərtləri;
746-1.1.10. tətbiq edildikdə, kredit
müqaviləsinin bağlanılması ilə bağlı
istehlakçı tərəfindən ödənilməli olan
notarial xərclərin mövcudluğu;
746-1.1.11. kreditin alınması
üçün əlavə xidmət müqaviləsinin, o
cümlədən sığorta müqaviləsinin
bağlanılması məcburi olduğu hallarda
istehlakçının istehlak krediti müqaviləsi ilə
bağlı belə müqaviləni bağlamaq vəzifəsi;
746-1.1.12. istehlakçının
ödənişlərini vaxtında etməməsinin
hüquqi nəticələri;
746-1.1.13. tətbiq edildikdə,
gecikmiş ödəmələrə tətbiq edilən zaman
ödənilməli olan dəbbə pulu;
746-1.1.14. tətbiq edildikdə,
kreditin verilməsi üçün tələb olunan təminatlar;
746-1.1.15. istehlakçının
istehlak krediti müqaviləsindən imtina hüququ, belə
bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-1.1.16. istehlakçının
istehlak kreditini vaxtından əvvəl ödəmək
hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya
hüququ, kompensasiyanın məbləği və müəyyən
edilməsi qaydası;
746-1.1.17. tətbiq edildikdə, borcverənin
bu Məcəllənin 742.5-ci maddəsində göstərilən
borcun vaxtından əvvəl qaytarılmasını tələb
edə bildiyi hallar;
746-1.1.18. ödəmə qabiliyyətinin
qiymətləndirilməsi məqsədilə kredit
bürolarından alınmış məlumatlar əsasında
istehlakçıya kredit verilməsindən imtina edildikdə,
bu barədə istehlakçının ödənişsiz
olaraq məlumat almaq hüququ;
746-1.1.19. istehlakçının
müraciəti əsasında müqavilə layihəsinin surətini
borcverəndən ödənişsiz almaq hüququ;
746-1.1.20. borcverənin verdiyi
məlumatların qüvvədə olduğu müddət.
746-1.2. Bu Məcəllənin
746-1.1-ci maddəsində göstərilən məlumatlar
standart məlumatlandırma formasında əks etdirilir. Standart məlumatlandırma
forması Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən təsdiq edilir.
746-1.3. Borcverən tərəfindən
standart məlumatlandırma formasına kreditlə bağlı
digər məlumatlar da daxil edilə bilər.
746-1.4. Borcverən tərəfindən
verilən məlumatlar aydın və başa düşülən
şəkildə ifadə edilməlidir.
746-1.5. Məsafəli istehlak krediti
müqaviləsinin bağlanması üçün rabitə
vasitəsi kimi səsli rabitə vasitəsi (telefon zəngi,
video zəng və s.) istifadə edildikdə, borcverən zəngin
əvvəlində yalnız aşağıdakı məlumatları
istehlakçıya təqdim edir:
746-1.5.1. borcverənin adı və zəngin
məqsədi;
746-1.5.2. istehlakçı ilə əlaqə
saxlayan şəxsin adı, soyadı və borcverənlə əlaqəsi;
746-1.5.3. təklif olunan xidmətin
istehlak krediti olması;
746-1.5.4. təklif olunan istehlak
kreditinin məbləği, kredit üzrə ödənilən
faizlərin illik dərəcəsi və faktiki illik faiz dərəcəsi;
746-1.5.5. təklif olunan istehlak krediti
ilə bağlı istehlakçının üzərinə
düşəcək əlavə xərclərinin ola biləcəyi barədə qeyd;
746-1.5.6. istehlakçının
istehlak krediti müqaviləsindən imtina hüququ, belə
bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-1.5.7. borcverənin verdiyi
məlumatların qüvvədə olduğu müddət.
746-1.6. Bu Məcəllənin
746-1.5-ci maddəsi tətbiq edildikdə, borcverən bu Məcəllənin
746-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin
maddədə göstərilən digər məlumatların
istehlakçının müraciəti əsasında ona təqdim
edilməsinin mümkünlüyü barədə
istehlakçını məlumatlandırır və
istehlakçının müraciəti əsasında həmin
məlumatların təqdim edilməsini təmin edir.
746-1.7. İstehlakçı bu Məcəllənin
746-1.1.18-ci maddəsində göstərilən hüququndan
istifadə edərək borcverənə müraciət edərsə,
borcverən müvafiq məlumatı növbəti iş
günündən gec olmayaraq istehlakçıya yazılı
şəkildə təqdim etməlidir.
Maddə 746-2. İstehlak krediti müqaviləsinin
bağlanma qaydası və məzmunu
746-2.1. İstehlak krediti
müqaviləsi yazılı formada kağız və ya digər
davamlı daşıyıcıda tərtib edilir.
746-2.2. İstehlak krediti müqaviləsində
aşağıdakılar aydın və dəqiq şəkildə
göstərilir:
746-2.2.1. kreditin növü;
746-2.2.2. tərəflərin adı və
ünvanı;
746-2.2.3. kreditin məbləği və
valyutası;
746-2.2.4. kreditin qaytarılma müddəti
və ödəniş şərtləri;
746-2.2.5. kredit müəyyən
malın alınması və ya xidmətin göstərilməsi
ilə əlaqədar olaraq əlaqəli kredit müqaviləsi
vasitəsilə verildikdə, həmin mal və ya xidmət və
onun nağd qiyməti (malın və ya xidmətin
alınması zamanı birdəfəlik ödəniş
edildikdə);
746-2.2.6. kredit üzrə tətbiq
edilən faizlərin illik dərəcəsi və (və ya)
digər ödənişlərin məbləği və
onların tətbiq edilmə şərtləri, həmçinin
faktiki illik faiz dərəcəsi və onun hesablanmasına
daxil edilən bütün ödənişlər;
746-2.2.7. tətbiq edildikdə, kredit
üzrə faizlərin tutulmadığı müddət barədə
aydın və dəqiq məlumat;
746-2.2.8. istehlakçı tərəfindən
edilməli olan ödənişlərin məbləği,
sayı və dövriliyi, habelə yetərli miqdarda olmayan və
ya artıq miqdarda edilən ödənişlərin öhdəliyin
icrasından silinmə ardıcıllığı;
746-2.2.9. tətbiq edildikdə
(hesabın açılması zəruri olmayan hallar istisna
olmaqla), ödəniş və nağdlaşdırma əməliyyatlarının
qeydiyyatını aparan bir və ya bir neçə hesabın
saxlanma xərcləri, o cümlədən ödəniş və
nağdlaşdırma əməliyyatları üçün
ödəniş vasitələrindən istifadə xərcləri,
kredit müqaviləsindən irəli gələn digər xərclər
və bu xərclərin dəyişdirilmə şərtləri;
746-2.2.10. tətbiq edildikdə, kredit
müqaviləsinin bağlanılması ilə bağlı
istehlakçı tərəfindən ödənilməli olan
notarial xərclər;
746-2.2.11. istehlakçının
ödənişlərini vaxtında etməməsinin
hüquqi nəticələri;
746-2.2.12. tətbiq edildikdə,
gecikmiş ödəmələrə tətbiq edilən zaman
ödənilməli olan dəbbə pulu (gecikdirilmə faizləri);
746-2.2.13. tətbiq edildikdə, kredit
öhdəliyinin icrasının təminatına dair şərtlər
və sığorta tələbləri haqqında məlumatlar;
746-2.2.14. istehlakçının
istehlak krediti müqaviləsindən imtina hüququ, belə
bir hüququn həyata keçirildiyi müddət və şərtlər;
746-2.2.15. istehlakçının
istehlak kreditini vaxtından əvvəl ödəmək
hüququ və tətbiq edildikdə, borcverənin kompensasiya
hüququ, kompensasiyanın məbləği və müəyyən
edilməsi qaydası;
746-2.2.16. tətbiq edildikdə, borcverənin
bu Məcəllənin 742.5-ci maddəsində göstərilən
borcun vaxtından əvvəl qaytarılmasını tələb
edə bildiyi hallar;
746-2.2.17. istehlakçının
müqavilə müddətində sorğu əsasında
ödənişsiz olaraq kağız daşıyıcıda
təqvim ili ərzində iki dəfə (müqavilədə
daha əlverişli hal nəzərdə tutulmadıqda), digər
davamlı daşıyıcıda isə istənilən zaman
kreditin qalığı barədə hesabdan
çıxarışı kreditin ödəniş qrafiki
şəklində əldə etmək hüququ (ödəniş
qrafikində həyata keçirilməli olan ödənişlər,
belə ödənişlərin müddətləri, ödənişlərin
strukturu, o cümlədən illik faiz dərəcəsi
üzrə hesablanmış faizlər və tətbiq olunan
digər əlavə xərclər göstərilir);
746-2.2.18. mübahisələrə məhkəmədənkənar
qaydada baxılması imkanlarının olub-olmaması, olduqda
onun qaydası;
746-2.2.19. tətbiq edildikdə, digər
müqavilə şərtləri;
746-2.2.20. Mərkəzi
Bankın adı və ünvanı.
746-2.3. İstehlak krediti
müqaviləsi üzrə dəyişən faiz dərəcəsinin
tətbiq edilməsi və faizlərin və digər ödənişlərin
artırıla bilməsi imkanının şərtləndirilməsi
yolverilməzdir.
746-2.4. Bank hesabının kreditləşdirilməsi
hallarında borcverən istehlakçını
vaxtaşırı olaraq kağız və ya digər
davamlı daşıyıcıda hesabdan
çıxarış vasitəsilə
aşağıdakılar barədə məlumatlandırır:
746-2.4.1. hesabdan
çıxarışın aid olduğu dövr;
746-2.4.2. kreditləşdirilmənin
tarixləri və məbləğləri;
746-2.4.3. əvvəlki
çıxarış üzrə balans və onun tarixi;
746-2.4.4. cari çıxarış
tarixinə yeni balans;
746-2.4.5. istehlakçı tərəfindən
edilmiş ödənişlərin məbləğləri və
tarixləri;
746-2.4.6. müqavilə üzrə
faiz dərəcəsi;
746-2.4.7. tətbiq edilən istənilən
xərclər və digər haqlar;
746-2.4.8. tətbiq edildikdə,
ödənilməli olan minimum məbləğ.
746-2.5. İstehlak krediti müqaviləsi
bağlanıldığı an da daxil
olmaqla həmin ana qədər məsafədən bir və ya
bir neçə rabitə vasitəsinin istifadə edilməsi
yolu ilə borcverən və istehlakçının eyni
zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin
406.3-cü maddəsinə uyğun olaraq məsafədən
bağlana bilər.
746-2.6. İstehlak krediti
müqaviləsinin məsafədən bağlanılmasına
dair digər tələblər Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən
müəyyən edilir.
Maddə 746-3. İstehlakçının
istehlak krediti müqaviləsindən imtina hüququ
746-3.1. İstehlakçı
istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona
verildiyi gündən 30 (otuz) gün müddətində
heç bir səbəb göstərmədən istehlak krediti
müqaviləsindən imtina edə bilər. Bu halda,
istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini
və həmin pul vəsaitinin verildiyi gündən
qaytarıldığı günədək hesablanan faizləri
ödəməlidir. Borcverən tərəfindən
ödənilən dövlət rüsumu və xidmət
haqlarının məbləği istisna olmaqla,
istehlakçıdan kompensasiya və hər hansı digər
ödənişlərin alınması yolverilməzdir.
746-3.2. İstehlakçı
bu Məcəllənin 746-3.1-ci maddəsində nəzərdə
tutulmuş hüququndan istifadə etdikdə, istehlak krediti
müqaviləsi ilə bağlı borcverənlə və ya
borcverənlə bağladığı müqavilə əsasında
xidmət göstərən üçüncü şəxslə
bağlanmış əlavə xidmət müqavilələrinə
xitam verilir və istehlakçı həmin müqavilələr
üzrə hər hansı öhdəlik daşımır.
Maddə 746-4. İstehlak krediti müqaviləsinin
vaxtından əvvəl icrası
746-4.1. İstehlakçı
istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən
tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda,
kreditin qalıq müddətinə görə
hesablanmış faizlər və (və ya) digər haqlar
vaxtından əvvəl ödənilmiş məbləğə
mütənasib olaraq azaldılır.
746-4.2. Borcverən istehlak
krediti müqaviləsinin vaxtından əvvəl icrası
zamanı bu Məcəlləyə uyğun olaraq zərərin
əvəzinin ödənilməsi üçün
istehlakçıdan bu Məcəllənin 746-4-cü maddəsinin
tələbləri nəzərə alınmaqla, müqavilə
ilə müəyyənləşdirilmiş kompensasiya məbləğini
tələb edə bilər.
746-4.3. Bu Məcəllənin
746-4.2-ci maddəsində göstərilən kompensasiyanın
məbləği müqavilə müddətinin bitməsinə
bir ildən çox müddət qaldıqda, istehlak krediti
üzrə vaxtından əvvəl ödənilmiş məbləğin
1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda
isə 0,5 faizindən çox olmamalıdır.
746-4.4. Kompensasiya məbləği
aşağıdakı hallarda tələb edilə bilməz:
746-4.4.1. vaxtından əvvəl
ödəniş həmin müqavilə üzrə
bağlanan sığorta müqaviləsinin əsasında həyata
keçirildikdə;
746-4.4.2. bank hesabının kreditləşdirilməsi
halında.
746-4.5. İstehlakçı tərəfindən
son on iki ay ərzində istehlak krediti üzrə vaxtından əvvəl
ödənilmiş məbləğ ölkə üzrə
müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin
qırx mislindən çox olarsa, borcverən ona belə
ödəmələr zamanı dəymiş zərəri məhkəmə
qaydasında və ya zərərin baş verdiyi tarixdən
sonra istehlakçıyla ayrıca razılıq əldə
etməklə sübut etmək şərtilə bu Məcəllənin
746-4.3-cü maddəsində göstərilmiş kompensasiya məbləğlərindən
daha yüksək (dəymiş zərərə mütənasib)
kompensasiya tələb edə bilər. Bu halda,
borcverənə dəymiş zərər qaytarılan kreditin
kredit müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi
ilə vaxtından əvvəl ödənilmə anında
borcverənin borc verdiyi eyni təyinatlı kreditin faiz dərəcəsi
arasındakı fərqdən ibarətdir.
746-4.6. Kompensasiya məbləği hər
bir halda istehlak kreditinin istehlakçı tərəfindən
vaxtından əvvəl ödənilməsi anı ilə
müqavilənin müddətinin başa çatması
anı arasındakı müddətdə ödənilməli
olan illik faiz dərəcəsi üzrə hesablanmış
faiz məbləğlərindən çox ola
bilməz.
Maddə 746-5. İstehlak krediti müqaviləsinin
digər xüsusiyyətləri
746-5.1. İstehlak krediti
müqaviləsi üzrə istehlakçının borcverənə
hər hansı ödənişinə (bu Məcəllənin
746-3-cü və 746-4-cü maddələrində nəzərdə
tutulan hallar istisna olmaqla), habelə borcverənin
istehlakçıya məlumat verməsinə görə (bu Məcəllənin
746-2.2.17-ci maddəsinin tələbləri nəzərə
alınmaqla) haqq alına bilməz.
746-5.2. İstehlak krediti müqaviləsində
ödənişlərin gecikdirilməsinə görə faizlər
(gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin
faizlərin məbləği istehlak krediti müqaviləsində
nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə
hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə,
penya), komissiya və ya digər formada hər hansı ödəniş
tələb edilə bilməz. Gecikdirilmə
faizlərinin hesablanması 180 gündən çox davam edə
bilməz. Əgər borcverənə dəyən
zərər gecikdirilmə faizlərinin məbləğindən
çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən
çox olan hissədə zərərin əvəzini ödəməyi
tələb edə bilər.
746-5.3. Bu Məcəllənin
742.5.3-cü maddəsi istehlak krediti öhdəliyinin
icrasının təminatının itirilməsi və yaxud dəyərinin
azalması hallarına yalnız bu şərtlə tətbiq
edilir ki, istehlakçı borcverən tərəfindən tələb
irəli sürüldükdən sonra iki ay ərzində təminatı
əvəz etməmiş və ya əlavə təminat təqdim
etməmiş olsun.
746-5.4. İstehlak krediti
müqaviləsinin bütün ziddiyyətləri və
qeyri-müəyyənlikləri istehlakçının xeyrinə
şərh edilməlidir.
746-5.5. İstehlak krediti
müqaviləsində göstərilməyən hər
hansı xərclər və digər ödənişlər
istehlakçıdan tələb edilə bilməz.
746-5.6. Borcverənin istehlak
krediti müqaviləsinin hər hansı şərtini birtərəfli
qaydada dəyişdirə bilməsi barədə kredit
müqaviləsinin müddəası etibarsızdır. Bu tələb
istehlakçının vəziyyətini
yaxşılaşdıran, o cümlədən borc
yükünü yüngülləşdirən hallara
şamil edilmir.
Maddə 746-6. Əlaqəli kredit
müqaviləsi
746-6.1. Müəyyən malların
alqı-satqısı və ya xidmətlərin göstərilməsi
üzrə müqavilənin maliyyələşdirilməsi üçün
bağlanan və həmin müqavilə ilə
iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli
kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə
aşağıdakı hallardan birinin mövcudluğu ilə
şərtləndirilir:
746-6.1.1. kredit müqaviləsinin
hazırlanması və bağlanması ilə əlaqədar
olaraq borcverən satıcının (xidmət göstərənin)
xidmətlərindən istifadə edir;
746-6.1.2. müəyyən
malın alqı-satqısı (xidmətin göstərilməsi)
kredit müqaviləsində aşkar göstərilir.
746-6.2. Əlaqəli kredit müqaviləsi ilə əhatə olunan mallar istehlakçıya verilmədikdə (xidmətlər göstərilmədikdə), qismən verildikdə (xidmətlər qismən göstərildikdə), yaxud alqı-satqı (xidmət) müqaviləsinə uyğun olmadıqda, istehlakçının əlaqəli kredit müqaviləsindən yaranan öhdəliklərinin icrasını dayandırmaq və ödənişlərin geri qaytarılmasını borcverəndən tələb etmək hüququ vardır.
746-6.3. İstehlakçı bu Məcəllənin 746-6.2-ci maddəsində göstərilən hüquqlarını yalnız aşağıdakı hallarda həyata keçirə bilər:
746-6.3.1. istehlakçı alqı-satqı (xidmət) müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə dair satıcıya (xidmət göstərənə) müraciət etmişdir və bu müraciət tarixindən sonra bir ay müddətində müvafiq alqı-satqı (xidmət) müqaviləsinin şərtləri yerinə yetirilməmişdir;
746-6.3.2. alqı-satqı müqaviləsi malların lazımi keyfiyyətdə olmaması səbəbindən ləğv edildiyi halda, bu şərtlə ki, istehlakçı borcverənə malların lazımi keyfiyyətdə olmaması barədə müraciət etmişdir;
746-6.3.3. alqı-satqı (xidmət) müqaviləsinə satıcı (xidmət göstərən) tərəfindən malların verilməməsi (xidmətlərin göstərilməməsi) səbəbindən xitam verilməsi halları istisna olmaqla, istehlakçı ləğv edilmiş alqı-satqı (xidmət) müqaviləsi əsasında aldıqlarını qaytarmışdır.
746-6.4. İstehlakçı bu Məcəllənin 746-6.3-cü maddəsində göstərilən halların baş verməsi ilə bağlı borcverənə müraciət etdikdə, borcverən 10 (on) iş günü ərzində istehlakçıya ödənişləri geri qaytarır və satıcıdan (xidmət göstərəndən) istehlakçıya geri qaytarılmış ödənişləri və digər xərcləri tələb etmək hüququnu əldə edir.
746-6.5. Bu Məcəllənin 746-6-cı maddəsində xidmətlərin göstərilməsi üzrə müddəalar işlərin görülməsi üzrə münasibətlərə də şamil edilir.";
1.10. 960.2-ci maddəyə "bu şərtlə ki," sözlərindən sonra "bu Məcəllədə və ya" sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun dərc edildiyi gündən 6
(altı) ay sonra qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2023-cü il
Azərbaycan.- 2023.-1 aprel.- S.3-4.