Yaroslav Kurfürst: Çexiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir

 

Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, konsulluq məsələləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Müzakirələr zamanı nazir müavini X.Xələfov 2023-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri haqqında məlumat veribbu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

X.Xələfov qarşı tərəfə postmünaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda, Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.

Y.Kurfürst Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və 2015-ci ildə imzalanmış müvafiq Birgə Bəyanatdan irəli gələrək münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Çexiyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, bölgədə davamlı sülhünsabitliyin bərqərar olmasının əhəmiyyətini vurğulayıb. Cari il martın 3-də Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının məhsuldar keçirildiyinibunun iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini bildirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 1 aprel.- S.2.