Azərbaycan haqlı
mübarizəsini bir an belə dayandırmır
Ordumuz tərəfindən
hakim yüksəkliklərin və yolların nəzarətə götürülməsinin
mühüm hərbi-siyasi
əhəmiyyəti var
Bir neçə gün əvvəl Laçın
rayonunun Cağazur və Zabux kəndləri
arasında yerləşən
bir neçə hakim yüksəklik, əsas və yardımçı
yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətimizə götürülüb. Bundan öncə
isə Azərbaycan Ordusunun bölmələri
tərəfindən ermənilərin
qeyri-qanuni fəaliyyətlərinin
qarşısını almaq
üçün Laçın
yolunun şimalında
lokal nəzarət tədbirləri həyata keçirilib. Ordumuz tərəfindən
yüksək peşəkarlıqla
həyata keçirilən
bu əməliyyatlardan
sonra Laçın-Xankəndi
yoluna nəzarət imkanları genişlənib.
Bununla bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik. Deputatların
sözlərinə görə,
son əməliyyat tədbirləri
Azərbaycanın öz
məqsədlərinə çatmaq
üçün mübarizəsini
bir an belə
dayandırmadığını sübut edir.
Azərbaycan zəfərini
davam etdirir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib
ki, Azərbaycan Vətən müharibəsindən
sonra əraziləri üzərində suveren və konstitusion hüquqlarını bərpa
etməyə yönəlmiş
tədbirlərini bir
an belə dayandırmayıb:
"Burada söhbət
təkcə diplomatik siyasi məkanda aktivlikdən getmir, dövlətimiz azad olunmuş ərazilərin
hər bir strateji nöqtəsində
möhkəmlənmək üçün
işləri dayandırmır,
əlavə mövqelər
qazanmaq, orada tank, top, texnika və texnologiya, müxtəlif avadanlıqlar, qurğu və insan resurslarını
yerləşdirir. Yəni məsələ
yalnız hərbi tədbirlərin reallaşdırılması
ilə məhdudlaşmır.
Düşünürəm ki, bu mənada
düşmənin, özünü
separatçı rejimin
xarici siyasətinə
məsul adam
kimi təqdim edən Roman Babayan adlı şəxsin mövqeyini xatırlatmaq yerinə düşər.
O deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin postmüharibə dövründə
həyata keçirdiyi
iqtisadi, ekoloji, aqrar, yol və
infrastruktur layihələrinin
hər biri müharibənin tərkib
hissəsidir. Doğrudan da,
burada doğruluq payı var, o mənada ki, Azərbaycan hələ də mübarizəsini dayandırmayıb".
Komitə sədrinin sözlərinə
görə, biz dinc erməniləri Xankəndidə
girov kimi saxlayan, sadə xalqa təhlükə yaradan dünya erməniçiliyinin qarşısını
almağa davam edirik. Reallaşdırdığımız və planlaşdırdığımız
bütün tədbirlər,
hərbi əməliyyatlar
Azərbaycan ərazisində
yaşayan dinc ermənilərin əleyhinə
deyil, lehinə hesablanıb.
"Laçın
rayonunun Cağazur və Zabux kəndləri
arasında yerləşən
bir neçə hakim yüksəkliyin, əsas və yardımçı
yolların, eləcə
də sərhədboyu
geniş sahələrin
nəzarətimizə keçməsi
mühüm hərbi-siyasi
nəticələr doğurur. Bu o deməkdir ki, Azərbaycan Vətən müharibəsindəki zəfərin
nəticələrini sadəcə
mexaniki olaraq qəbul etməyib. Bu zəfərin davamı
gəlir, hər addımımızda Ali Baş
Komandan İlham Əliyevin strateji iradəsi güclü formada təqdim olunur. Həyata keçirilən tədbirlər müharibənin
dinc davamıdır.
Həmin
44 gün yalnız gerçək baş vermiş hərbi toqquşmaların zaman müddətidir. Yəni
əslində ötən
2,5 ildə mübarizəsiz günümüz
olmayıb. Diplomatik, siyasi-iqtisadi, informativ, mədəni-mənəvi, sosial,
ekoloji və digər müstəvilərdə
müharibə hələ
də davam etdirilir", - deyə komitə sədri vurğulayıb.
Zahid Oruc qeyd edib
ki, Azərbaycanın həyata keçirdiyi əməliyyat tədbirləri
təkcə regional deyil,
qlobal faydalarını
da göstərir. Avropada çirkli
pulların dövriyyəsinə
səbəb olan erməni separatizmi ilə ciddi mübarizə aparılır,
aylardır ki, Laçın-Xankəndi yolunda
ekoaksiya keçirilir.
Azərbaycan müəyyən tədbirlər həyata keçirməklə güclü
strateji mövqeyini ortaya qoyur. Hayastanla sərhəddə yeni mövqelər qazanır, həmçinin Hayastanın
daxilindəki hərbi
proseslərə nəzarət
imkanı əldə edir. Bütün bunlar Azərbaycanın
sülh danışıqlarındakı
mövqeyini gücləndirdiyi
halda, düşmənin
mövqelərini hər
keçən gün daha da zəiflədir".
Komitə sədri
vurğulayıb ki, Azərbaycan yaxın gələcəkdə bütün
coğrafiyası üzərində
hüquqlarını bərqərar
edəcək: "Son əməliyyatlar
da bu mənada
ümidlərimizi artırır.
Hesab edirəm ki, uğurlu əməliyyat tədbirləri nəticəsində
Zəngəzur dəhlizinin
açılması ilə
bağlı da yeni imkanlar yaranır.
Bu da faktiki
olaraq onu deməyə əsas verir ki, biz artıq
yekun əməliyyatlar
mərhələsindəyik. Laçın yolunun sonunda
nəzarət-buraxılış məntəqəsinin açılması
artıq qaçılmazdır.
Ermənilər də gec-tez
başa düşəcəklər
ki, Azərbaycan Ordusunu nümayəndələri
ilə əhatələnmək
mühasirəyə alınmaq
deyil, əksinə, Azərbaycan əsgəri elə ən etibarlı təhlükəsizlik
sipəridir".
Hayastan müxtəlif
bəhanələrlə münasibətlərin
normallaşdırılmasından yayınır
Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, yeni Laçın
yolunun istifadəyə
verilməsi ilə bağlı bir neçə hakim yüksəkliyin,
əsas və yardımçı yolların
nəzarətimizə keçməsi
əhəmiyyətli hadisədir:
"Azərbaycan Ordusunun
Laçın yolu yaxınlığında son mövqe
dəyişikliyi Hayastanda
böyük səs-küylə
qarşılanıb. Ümumiyyətlə,
ordumuzun suveren ərazilərimizdə mövqelərini
dəyişdirməsi ilə
bağlı erməni
təbliğat maşınında,
KİV-də yer alan ajiotaj
anlaşılan deyil. Azərbaycanın beynəlxalq şəkildə
tanınmış sərhədləri
çərçivəsində mövqe dəyişikliyi Hayastanı niyə bu qədər narahat edir?! Buradan yalnız bir nəticə hasil olur ki, Hayastan
Azərbaycanın ərazi
bütövlüyünü tanımaqdan imtina edir, suveren ərazilərimizdə
hər-hansısa addım
atmağımızı qəbul
edə bilmir. İkincisi isə, bu, bir
daha göstərir ki, rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasında və münasibətlərin normallaşmasında
hələ də maraqlı deyil. İndi Hayastan Azərbaycan Ordusunun öz ərazilərindəki yüksəklikləri
nəzarətinə götürməsinə
qıcıqlanır".
Deputatın sözlərinə görə,
Azərbaycan 44 günlük
Vətən müharibəsində
torpaqlarını işğaldan
azad etdikdən sonra hələ də həll olunmayan məsələlərin
məhz diplomatiya yolu ilə tənzimlənməsi
ilə bağlı sülh sazişi layihəsini Hayastana təqdim edib. Əgər rəsmi
İrəvan da postmüharibə dövründə
normallaşma prosesində
maraqlı olsaydı, təkliflərimizə konstruktiv
şəkildə cavab
verər, "e-mail diplomatiyası"
yürütməzdi. Açıq-aydın ortadadır ki, Hayastan müxtəlif bəhanələr altında
münasibətlərin normallaşmasını
ləngidir, sülh müqaviləsini imzalamaqdan
hər vəchlə boyun qaçırır.
Bunun nəticəsidir ki, Azərbaycan Ordusunun mövqe dəyişikliyinə,
yüksəklikləri nəzarətə
götürməsinə görə
səs-küy salır.
Ordumuz tərəfindən həyata
keçirilən bütün
uğurlu əməliyyatlar
isə bizim gücümüzün göstəricisidir.
"Hayastan
əsas məqsədindən
imtina edə bilmir, davamlı olaraq "qurban" rolunu oynayır, dünya ictimaiyyətinə
guya "Azərbaycanın
təcavüzünə məruz
qalmış Ermənistan"
imicini təlqin edir. Bütün bunların reallaşmasında
isə erməni diasporu və Aİ-nin Hayastandakı missiyası ciddi rol oynayır. Təsadüfi deyil ki, Hayastanın son zamanlar atdığı bütün addımlar onların sülhə maraqlı olmadıqlarını,
yalnız revanşizm duyğuları ilə yaşadıqlarını, ölkəmizə
qarşı yeni ərazi iddialarının,
yeni təxribat planlarının olduğunu
göstərir", - deyə
T.Gəncəliyev qeyd
edib.
Deputat deyib ki, rəsmi
İrəvan Azərbaycan
Ordusunun suveren ərazilərində yerdəyişməsini
səs-küylə qarşılamaq
əvəzinə, qanunsuz
hərbi dəstələrini,
silahlı qurdurlarını
Qarabağdan çıxarmaq
öhdəliyini yerinə
yetirməlidir.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.- 2023.-1 aprel.- S.5.