Ermənilər xofdadır: Laçını unutduq, sırada Xankəndidi

 

Son günlərdə cərəyan edən siyasi hadisələr fonunda bir daha azərbaycanlıların Qarabağa və digər tarixi torpaqlarına qayıdacaqları ilə bağlı səslənən fikirlərin Hayastanda nə dərəcədə ciddi qəbul edildiyi bu ölkənin mediasında və sosial şəbəkələrin erməni seqmentində aydın görünür. Əslində, ermənilərin bu məsələdə haqsız olduğu da deyilə bilməz. Axı, Azərbaycan lideri İlham Əliyev ermənilərin etiraf etdiyi kimi bütün vədlərini yerinə yetirir.

Azərbaycan Ordusunun yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar sözügedən rayonunun CağazurZabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsi Ermənistanda əsas müzakirə mövzusudur.

Ermənistan mediasına, ekspertlərin, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, onlar sülh müqaviləsinin imzalanmasını yubatmaqla bir çox mənfəətdən məhrum olduqlarını anlamağa başlayıblar.

"Hraparak" qəzeti Azərbaycan Ordusunun əlverişli yüksəkliklərə nəzarətində birbaşa Paşinyanı ittiham edir: "Zəngəzurda Azərbaycan Ordusu bir neçə kilometr irəliləyərək, Dağ icmasının aşağı hissəsində əlverişli mövqelər tutub. Məsələ burasındadır ki, İrəvan və Bakı razılaşıb ki, Ermənistanı Qarabağla birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın və Qarabağdan Ermənistana gedən yol əvvəllər Dağ kəndindən keçsə də, indi yalnız Gorunzurdan (Kornidzordan) keçsin. Bu isə o deməkdir ki, dəhliz və 5 kilometrlik bufer zonası da Dağ kəndindən Gorunzura köçürülməlidir. Azərbaycan faktiki olaraq 2 gün əvvəl bu sektorda öz qoşunlarının yerləşdirilməsinə və mühəndislik işlərinə başlayıb".

Qəzet iddia edir ki, Ermənistanı Qarabağla birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Paşinyan Azərbaycan qüvvələrinin gəlməməsi üçün ordunu və ölkənin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını bu əraziyə vaxtında yerləşdirməkdən yayınıb: "Əvəzində İrəvan hakimiyyətinin hərəkətsizliyi nəticəsində Azərbaycan əlverişli yüksəkliklər əldə edib. Və indi Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq".

Erməni ictimai xadim, kartoqraf Şahen Şahinyan deyib ki, Azərbaycan son bir-iki ildə kifayət qədər böyük əraziləri nəzarət altına alıb. Onun sözlərinə görə, ərazilərin nəzarət altına alınması iki mərhələdə baş tutub, birinci mərhələ may hərbi əməliyyatları, Qızılcıq və ona bitişik ərazilərin nəzarət altına alınması zamanı olub: "İkinci böyük mərhələ sentyabr-noyabr aylarında baş verən döyüşlər idi, bu döyüşlərdə İstisunun (Cermuk) kifayət qədər böyük bir hissəsi, eləcə də Basarkeçər-Zod hissəsinin müəyyən hissəsi nəzarət altına alındı".

Erməni tarixçi, ictimai xadim Aşot Nersisyan isə bildirib ki, onlar başqa ölkələrdə təhlükəsizlik qarantları axtarırlar.  Sülhməramlılar tərəflərin bir-birinə atəş açması üçün yox, münaqişəni həll etmək üçün oradadırlar: "Ermənistanın xarici siyasətinin tendensiyası Rusiyaya qarşı çıxmaq və problemlərin həllini Qərbin öhdəsinə buraxmaqdır. Biz problemləri Qərb vasitəsilə həll etməyə çalışırıq, amma Qərb problemləri həll etmir. Belə çıxır ki, Ermənistanda nə Qərb, nə də Rusiya maraqlı deyil. Qərb başqa oyun oynayır, Laçın yolunu açmağa meyilli deyil".

Tiqran Xaçikyan adlı biri isə tviterdə yazıb: "Niyə sülh müqaviləsi imzalamırıq? Artıq azərbaycanlılar bizim Qarabağa gəlişimizə mane olublar. Vətənşüvənlik etmək lazım deyil, Qarabağ heç vaxt biz ermənilərin olmayıb. Qohumlarımdan bir çoxu Stepanakertdə (red.Xankəndi) qalır. İndi onların yanına getmək də çətinləşib. Dostluq zamanıdır. Müharibədən sonrakı qorxu hələ də canımızdadır. Paşinyan, sülh müqaviləsini niyə uzadırsan, kimlərdən qorxursan?"

Petros Manuçaryan adlı feysbuk istifadəçisi isə məkan olaraq Laçın şəhərini qeyd edərək vahimə dolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Azərbaycanlıların Qarabağa qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub, çarəsizik. 15 ildən artıq yaşadığım Laçına getmək olmur. Belə qorxu nəyə lazımdır?"

Tevos Petrosyan adlı feysbuk istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Atam ehtiyatda olan hərbi zabitdir. Qeyd edir ki, Laçını unutduq, sırada Xankəndidi. Həmin bölgəyə çağırıblar, gizlənib getmir. Deyir ki, Paşinyan Ermənistan üçünedib? Qarabağ savaşında lazımsız itkilər verdik. Rəhbərlik müharibə adı ilə ciblərini doldurdu".

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2023.- 1 aprel.- S.1; 5.