Çökən Hayastan yolunu düzgün
seçməlidir
Erməni "siyasətçiləri" illərdir Qarabağda yaşayan soydaşlarını özlərinin fantaziyalarının əsirinə çeviriblər.
Görünən
budur ki, beyinləri
"böyük Ermənistan
havası"na uyan haylar
öz çürük
niyyətlərini sınaqdan keçirmək üçün
həmişə ikinci, üçüncü,
hətta ən axırıncı dərəcəli hesab etdikləri Qarabağ
ermənilərini qurbanlıq seçiblər. 11 min əsgəri
fərarilik edən, ordusu
tamamilə darmadağın olan,
canlarını xilas etmək üçün yüzlərlə əsgəri
əsir düşən, 30 illik işğal müddəti zamanı yalnız istehkamlar tikən və tikdikləri istehkamlar özlərinə məzar olan "bir orduya" güvənib yenidən xam xəyala düşməyin bir
adı var: axmaqlıq!
Müharibəni qələbə ilə başa vuran Azərbaycan ona qarşı edilən bütün qeyri-insani davranışlara, amansız düşmənçiliyə rəğmən Hayastana barışıq təklif etdi. Qısa bir zamanda 5 bənddən ibarət sülh təklifini hazırlayaraq imzalamaq üçün masanın üstünə qoydu. İqtisadi tənəzzül dövrünü yaşayan, dalana dirənmiş Hayastana doğru olan yolu göstərdi. Bəs əvəzində nə gördü? Ölkəmizin xoş niyyəti haylar tərəfindən oyunbazlıqla qarşılandı. İrəvan vaxt udmaq, yenidən revanş götürmək kimi sərsəm niyyətə düşdü. İmzaladığı üçtərəfli Bəyanatın şərtlərini müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınmağa cəhd etdi. Ordusunun qalıqlarını Qarabağdan çıxarmadı. Humanitar məqsədlər üçün verilmiş Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdi. Sərhədlərimizdə təxribatlar törətdi. Ərazilərimizə yeni minalar daşındı. Azərbaycanı qəzəbləndirmək üçün faydalı qazıntılarla zəngin yataqlarımız qanunsuz istimar edilərək Hayastana aparıldı. Ermənilər bilirdilər ki, Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hayların bu hərəkətlərinə dözməyib mütləq qanuni tədbir görəcək. Hərbi meydanda biabırçı məğlubiyyətə uğrayan hayların məqsədi "gücləri"ni siyasi meydanda sınamaq idi. Əslinə qalsa, 44 günlük Vətən müharibəsində hərbi məğlubiyyətə uğrayan yalnız Hayastan yox, həm də onları şirnikləndirib arxalarında duran, maddi və hərbi-texniki cəhətdən təchiz edən Qarabağı hərbi bunkerlərə, istehkamlara çevirən Fransa və İran idi. İş o yerə gəlib çatdı ki, adıçəkilən dövlətlər Azərbaycanın qələbəsini həzm etmək niyyətində olmadıqlarını, ölkəmizə qarşı apardıqları düşmənçiliyi açıq şəkildə sərgilədilər. Məsələ burasındadır ki, yenə ortalıqda qalan Qarabağ erməniləri oldu.
Torpaqlarımızda ekoloji terror törədən ermənilərə vətənpərvər Azərbaycan gəncliyindən sərt təpki gəldi. Ekofəallar Laçın-Xankəndi yolunda müddətsiz dinc etiraz aksiyasına başladılar. Ölkəmizə qarşı qərəzli dövlətlər, xüsusilə Fransa ekofəalların başladıqları bu etiraz aksiyasından ölkəmizə siyasi təzyiqlər etmək üçün cəhd göstərdi, Azərbaycana qarşı təbliğata başladı. Lakin istər haylar, istərsə də onları qızışdıran qüvvələr bir şeyi düzgün hesablaya bilmədilər: aksiyanın müddətini və gənclərin qətiyyətini. Elə zənn edirdilər ki, etiraz aksiyası cəmi bir neçə gün çəkəcək, etirazçılar, həm havanın soyuqluğuna tab gətirə bilməyəcək, həm də ölkəmizə qarşı olan haqsız təzyiqlər qarşısında geri çəkiləcəklər. Amma əksinə oldu. Necə deyərlər, qətiyyət, iradə, haqq qalib gəldi.
İlk günlər saxta, yalan təbliğata uyanlar da anladılar ki, heç bir blokadadan, humanitar böhrandan söhbət gedə bilməz. Xankəndiyə rus sülməramlıları vasitəsilə ərzaq da, tibbi ləvazimat da daşınır. Yollar da mülki əhalinin üzünə hər zaman açıqdı. Sadəcə olaraq, Hayastan və onlara kirvəlik edənlər ekofəalların başladıqları etiraz aksiyasından ölkəmizə qarşı siyasi təzyiq məqsədilə istifadə etmək üçün avtomobillərindən istifadə etməməklə blokada görüntüsü yaratmağa cəhd edirlər.
Gənc fəallar yolda etiraz aksiyası keçirdiklərindən həmin yol ilə Qarabağa silah-sursat daşınmasının qarşısı alınıb, separatçı qüvvələrin, silahlı terrorçuların Xankəndiyə gəlişi dayandırılıb, təbii sərvətlərimizin talan edilib Hayastana daşınmasına son qoyulub. Beləliklə, Laçın-Xankəndi yolunun gənc vətənpərvərlər tərəfindən nəzarətə götürülməsi 44 günlük müharibədən sonra Hayastanın növbəti sarsıdıcı, acı məğlubiyyəti oldu. Bu bir həqiqətdir ki, istər Qarabağda, istər Hayastanda olan, sülh danışıqlarını pozub, revanş götürmək niyyətinə düşən qüvvələr etiraz aksiyası uzandıqca anladılar ki, Azərbaycanla şərtlə, təzyiq, şantaj yolu ilə danışmaq mümkün deyil. Etiraz aksiyası keçirən gənclər gücü hər hansı xarici qüvvədən yox, vətən sevgisindən, torpağa sahiblik hissindən alırlar.
Hayastan anlamalıdır ki, dəvət etdikləri, güvəndikləri "müşahidə missiyası" ilə birlikdə yalnız Qarabağa, Azərbaycana sərhədlərimizdən kənardan boylanıb baxa bilərlər. Necə ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Tərtər rayonunun Talış kəndindən ermənilərə sonuncu xəbərdarlığını etdi. Haylar anlamalıdırlar ki, Azərbaycan heç kimin təzyiq edə biləcəyi ölkə deyil. Artıq bu həqiqəti ermənilər də, onları müharibəyə təhrik edənlər də bilməlidirlər. Dövlətimizin başçısının son xəbərdarlığından sonra qüdrətli Azərbaycan Ordusu yüksək peşəkarlıqla, uğurlu əməliyyat keçirərək qan tökmədən olduqca əhəmiyyətli strateji yolları nəzarətə götürdü. Hətta qarşı tərəfin mediası da Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatdan bəhs etdi.
Bu gün qəhrəman Azərbaycan əsgəri, cəsur sərhədçilərimiz torpaqlarımıza tam nəzarət edirlər. Azərbaycanın məqsədi qonşularla sülh və əmin-amanlıq içində yaşamaqdır. Ölkəmizi müharibəyə cəlb etmək niyyətinə düşənlər anlamalıdırlar ki, Azərbaycan işğaldan azad etdiyi torpaqları müharibə poliqonuna yox, yaşam, həyat, gözəllik meydanına çevirmək niyyətindədir. Bu məqsədlə Qarabağa işıq, yol, su çəkib ermənilərin xarabazara çevirdiyi torpaqlarımıza yenidən həyat veririk. Ermənilərdən fərqli olaraq hərbi bunkerlər, istehkamlar, sığınacaqlar deyil, məktəblər, uşaq bağcaları tikirik. İnsanların işləmələri üçün yeni iş yerləri yaradırıq. Qanunlarımıza əməl edib vətənimizdə yaşamaq istəyənlərin hüquqları ən yüksək səviyyədə qanunlarımızla qorunacaq. Yox, əgər kimlərsə xam xəyallara düşüb, altına sığınmağa qanad axtarmaq niyyətinə düşəcəklərsə, öz qanadları qırılacaq.
Bu gün Hayastanın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etmək, sülh sazişini imzalamaqdır. Hayastan bunu hələ də dərk etmirsə, günahı özlərində axtarmalıdır.
Elşən QƏNİYEV
Azərbaycan.-
2023.- 1 aprel.- S.1; 5.