Hamı niyə İrandan şübhələnir?

 

Fazil Mustafaya qarşı sui-qəsddə qlobal terrorizm beşiyinə çevrilən ölkənin izləri aydın görünür

 

Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafa evinin qarşısında sui-qəsdə məruz qalaraq güllələndi. Cəmiyyətdə hər kəs, birmənalı olaraq, Fazil Mustafaya qarşı həyata keçirilən bu silahlı hücumda beynəlxalq terrorizmin beşiyi olan İranın əli olduğunu düşünür, xain qonşumuzun bu güllələri dolayısı yolla dövlətimizə atdığını hesab edir. Siyasi şərhçilər, politoloqlar, ictimai-siyasi xadimlər, hətta sosial şəbəkələrdə sadə vətəndaşlar da cinayətə münasibətlərini bildirirlər və əksəriyyət qanlı hadisəni terrorçu İranın Azərbaycana hədə-qorxu gəlmək istəyi kimi şərh edirlər.

 

Bu terror aktıdır

 

Fazil Mustafaya qarşı törədilən hadisəni Dövlət Təhlükəsizliyi Xidməti terror aktı kimi qiymətləndirib. Qurumdan bildirilib ki, faktla bağlı DTX-nin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyindən də bildirilib ki, cinayət işi üzrə polisprokurorluq əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Təbii ki, əlaqədar qurumların deputata qarşı törədilən terror aktı ilə bağlı araşdırmalarının nəticələri bəlli olana qədər bu qanlı əməli törədənlərin kimya kimlər olması barədə konkret fikir bildirmək mümkün deyil. Əminik ki, tezliklə hadisəni törədən terrorçuya terrorçuların kimliyi rəsmi qaydada üzə çıxarılacaq.

 

Görünən dağa bələdçi lazım olmur

 

O da reallıqdır ki, bəzən elə situasiyalar olur ki, görünən dağa bələdçi lazım olmur. Buna görədir ki, hər kəs Fazil Mustafaya qarşı törədilən terror hadisəsini məhz İrandan başqa kimsənin həyata keçirməməsi qənaətindədir.

Ola bilər ki, martın 28-i təqvim vərəqlərində adi tarix kimi görünsün, amma bu tarixin özündə, bir neçə gün əvvəlində və sonrasında baş verən və verəcək hadisələr fonunda görürük ki, Fazil Mustafanın məhz həmin təqvimdə hədəf alınması təsadüfi deyil, xalqımıza, dövlətimizə qarşı qurulmuş məkrli plan, xain, təhdidedici mesajdır.

Azərbaycanda İranın yaratdığı casus şəbəkələri ard-arda ifşa edilir. Martın 28-i isə Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı günüdürFazil Mustafa da məhz bu gün terror aktına məruz qalıb. Bu, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsinin terrorçu İranın xoşuna gəlmədiyinin bariz göstəricisidir.

Digər bir mühüm məqam isə qanlı aktın İsraildə Azərbaycan səfirliyinin açıldığı, xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilməsi idi. Bu, Azərbaycanın müstəqil siyasət yürütməsini heç zaman gözü götürməyən xain İranın İsraildə səfirliyimizin açılmasını heç cür həzm edə bilməməsi və hikkəsini özünəməxsus formada, yəni terror törətməklə nümayiş etdirməsi idi.

 

Beynəlxalq terrorun beşiyi 

 

Hadisə ilə bağlı yaranan digər bir sual isə, molla rejiminin niyə məhz deputat Fazil Mustafanı nişan almasıdır. Məlumdur ki, Fazil Mustafa çıxışlarında da, publisistik yazılarında da fars rejiminin ölkəmizdə qurduğu dini şəbəkəni, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdalamasını hər zaman sərt tənqid edib, bunlarla bağlı fikirlərini açıq dilə gətirməkdən çəkinməyib. O da bəllidir ki, fars mollaları azad fikrə, sözə hər zaman düşmən mövqedədir və istibdadçı İranın eybini üzünə deyənləri mütləq terrorla cəzalandırmaq istəyir.

Hələ tarixin müxtəlif dövrlərindən İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətli İranın terror əməllərinin bariz nümunəsidir. Eləcə də 2012-ci ildə Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə terror planlaşdırması barədə çoxsaylı məlumatlar var idi.

Azərbaycan Vətən müharibəsində Hayastan üzərində qələbə qazandıqdan sonra xain İran ölkəmizə qarşı açıq düşmənçiliyə keçib. Ərazilərimizin 30 illik işğalı dövründə Hayastana əl altdan hər cür kömək göstərən dinsiz molla rejimi hər addımda Azərbaycana olan kin və nifrətini, haypərəst mövqeyini açıq müstəvidə nümayiş etdirməyə başlayıb. Gah köhnə texnikalarla sarhədlərimizdə hərbi təlim keçirərək "güc"ünü sərgiləməyə çalışır, gah da ölkəmizə qarşı terror həyata keçirərək hədə-qorxu gəlmək istəyir.

 

İki xain, məkrli, terrorçu düşmənlə üz-üzəyik

 

Yanvarın 27-də Tehrandakı səfirliyimizdə törətdiyi hadisə də ermənipərəst İranın ölkəmizə qarşı terror siyasətinin təsdiqidir. Onu da vurğulayaq ki, səfirliyimizə qarşı hücuma görə molla fars rejimi heç kəsi cəzalandırmayıb və bu da bir daha sübut edir ki, əmmaməli mollalar bu ölkəni beynəlxalq terror beşiyinə çevirib.

Şübhəsiz, Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı məsələnin əsl mahiyyəti əlaqədar qurumların hadisə ilə bağlı verəcəkləri rəsmi açıqlamadan sonra məlum olacaq.

Ümumi götürdükdə isə, xalq, dövlət olaraq Hayastan və İranın timsalında iki xain, məkrli, terrorçu düşmənlə üz-üzə olduğumuz gerçəkliyi gün kimi ortadadır.

Azərbaycan vətəndaşı olaraq hər birimiz ayıq-sayıq olmalı, ölkəmizə uzanan terror əllərini zamanında sındırmalıyıq.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2023.-1 aprel.- S.8.