Lələtəpə, Günnüt, Şuşa

 

2020-ci il oktyabrın sonlarında, Vətən müharibəsinin davam etdiyi günlərdə Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsi zamanı jurnalistin Birinci Qarabağ müharibəsi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev demişdi: "Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq". Dövlət başçısının müdrikcəsinə söylədiyi bu lakonik fikir özündə böyük tarixi həqiqətləri əks etdirirdi və hələ Vətən müharibəsinə qədər Azərbaycan praktik şəkildə sübut etmişdi ki, hərbi əməliyyatlar yenidən başlasa, işğalçı Ermənistan döyüş meydanında darmadağın ediləcək. Bu möhtəşəm sübutlardan biri tarixi Aprel döyüşləri idi.

Hərb tariximizin ən şərəfli səhifələrindən olan Aprel döyüşlərinin başlamasının bu gün 7-ci ili tamam olur. 2016-cı il aprel ayının 2-də başlayan və 4 gün davam edən döyüşlər bəlli həqiqətlərə yeni işıq saldı və ilk növbədə onu göstərdi ki, sülh danışıqları nəticəsiz qalacağı və ya Ermənistan öz xoşu ilə işğal etdiyi ərazilərimizi tərk etməyəcəyi təqdirdə Azərbaycan dövləti hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir.  

Aprel döyüşlərinə qədər xalqımız Silahlı Qüvvələrimizin malik olduğu qabaqcıl döyüş imkanlarına, Prezident İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi ordu quruculuğuna əsasən hərbi paradlarda və təlimlərdə şahidlik etmişdi. Hər bir parad və təlim respublikamızın dinamik inkişafına paralel olaraq Silahlı Qüvvələrimizdə həyata keçirilən islahatların, qoşun növlərinin  döyüş imkanlarının artırılması istiqamətində görülən işlərin nümayişi olmuşdu. Aprel döyüşlərində isə Azərbaycanın artan hərbi gücü döyüş meydanında praktik şəkildə öz təsdiqini tapmışdı.

Aprel döyüşlərinin ortaya qoyduğu başqa bir həqiqət ondan ibarət idi ki, ermənilərin yaratdıqları, möhkəmləndirdikləri istehkamlar, fəxrlə keçilməz hesab etdikləri "Ohanyan səddi" və digər bu kimi müdafiə qurğuları Azərbaycan əsgərinin zəfər yürüşünə heç bir əngəl yarada bilməz.  Ermənilərin təxribatının qarşısını almaq üçün ordumuzun bölmələri əlverişsiz mövqelərdən əks-hücum əməliyyatları həyata keçirərək bir həmlədə düşmənin 22 il ərzində möhkəmləndirdiyi istehkamları ələ keçirdilər. Bu baxımdan  Aprel döyüşləri Azərbaycan əsgərinin yüksək döyüş hazırlığını, peşəkarlığını göstərdi.  Lələtəpə yüksəkliyinin azad edilməsi isə Aprel döyüşlərinin rəmzinə çevrildi. Prezident İlham Əliyev Aprel döyüşlərini müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri kimi qiymətləndirmişdir: "Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi".

Aprel döyüşləri göstərdi  ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu baxımdan Aprel döyüşlərindən iki il sonra Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı müasir hərb salnaməmizin növbəti böyük uğuru olmaqla bizi böyük zəfərə bir addım da yaxınlaşdırdı. Günnüt əməliyyatı öz əhəmiyyətinə görə olduqca mühüm hərbi nailiyyətimiz kimi tarixə həkk olundu və Naxçıvan istiqamətində ordumuzun strateji üstünlüyünün daha da gücləndirilməsində böyük rol oynadı.

Xatırladım ki, Şərur rayonunun Günnüt kəndi ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın hücumlarına məruz qalmış, qaynar həyatın hökm sürdüyü qədim yaşayış məskənimizdə evlər, inzibati binalar dağıdılmışdı. Bu səbəbdən kənd camaatı Naxçıvanın digər yaşayış məntəqələrinə köçməyə məcbur qalmışdı. 2018-ci ilin may ayında keçirilən hərbi əməliyyat zamanı 11 min hektara yaxın ərazi düşməndən azad olunmuş və nəticədə Günnütün hərbi təhlükəsizliyi təmin edilmişdir.

Bu əməliyyatın əsas uğurlarından biri ordumuzun 1683 metr hündürlükdəki "Qızılqaya" yüksəkliyinə nəzarəti təmin etməsi oldu.  Bu isə ordumuza İrəvan-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təntənəli hərbi paradda Prezident İlham Əliyev   Günnüt əməliyyatı barədə demişdir: "Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş

11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla".

Qürur hissi ilə qeyd etməliyik ki, ordumuzun bu qələbələri bizi ərazi bütövlüyümüzün bərpasına aparan Zəfər yolunun başlanğıcı idi. Bu qələbələrin hər biri göstərdi ki, Azərbaycan dövləti işğalla heç vaxt barışmayacaq. Belə bir həqiqət də təsdiqini tapdı ki, xalqımız torpaqlarımız uğrunda savaşa hazırdır. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri isə xalqımızın səfərbərliyinin, əzminin, xüsusən gənclərimizin milli vətənpərvərliyinin təcəssümü oldu.

Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatlardan sonra başlanan Vətən müharibəsi ordumuzun Lələtəpə və Günnütdəki qələbələrinin davamı oldu. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həmin döyüşlərdə yazdıqları qəhrəmanlıq salnaməsini 44 gün davam edən Vətən müharibəsində daha da zənginləşdirdilər. Şəhər və kəndlərimizin işğaldan azad olunması bu savaşın şərəfli səhifəsinə çevrildi. Şuşanın azad edilməsi isə ordumuzun 44 günlük savaşdakı ən möhtəşəm qələbəsi oldu.

Beləliklə, Lələtəpə və Günnütdən başlanan Zəfər yürüşü Şuşanın azad edilməsi ilə öz möhtəşəmliyinin zirvəsinə çatdı. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bəyan etdiyi kimi, hər kəsə, bütün dünyaya sübut etdik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzlə bərpa edən ölkə kimi bundan sonra da ancaqancaq irəliyə gedəcəyik.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan. - 2023.-2 aprel.- S. 5.