Ədalət
rəmzi
Heydər
Əliyev İli - 2023
Dövlətin və
xalqın taleyində, xüsusən müstəqillik və
dövlətçilik mücadilələrinin
aparıldığı situasiyalarda lider amilinin böyük
rol oynaması tarixin sübuta ehtiyacı olmayan
reallığıdır. Mürəkkəb mərhələlərdən,
milli mübarizələrdən keçmiş istənilən
dövlətin tarixinə nəzər yetirsək, istisnasız
olaraq lider faktoru ilə rastlaşmaq mümkündür.
Ədalətə tapınan və öz xalqından güc alan liderlər uğrunda mübarizə
apardıqları dövlətçilik və müstəqillik
ideallarının reallaşmasına nail ola bilmişlər,
adlarını öz milli salnamələrinə əbədi həkk
etdirmişlər.
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev məhz belə tarixi
missiyanı qətiyyətlə həyata keçirmiş
fenomenal lider kimi bəşəriyyətin əbədiyaşarlıq
hüququ qazanmış şəxsiyyətləri ilə bir cərgədə
dayanır. Anadan olmasının 100 illiyində bir daha Heydər
Əliyevin dövlətimiz və xalqımız
qarşısındakı xidmətlərindən söz
açmaqla Ulu Öndərin əziz xatirəsini ehtiramla yad
edirik. Bütün
bunlar həm də Ümummilli Liderin əbədiyaşar
ideyalarının təbliği və böyüməkdə
olan nəsillərə çatdırılması
baxımından mühüm aktuallıq kəsb edir. Xüsusilə qeyd etmək istərdim ki, möhtərəm
Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin
"Heydər Əliyev İli" elan edilməsi bu
baxımdan mükəmməl imkanlar yaradır.
Ölkəmizə rəhbərlik
etdiyi hər bir tarixi mərhələdə - həm sovet
hakimiyyəti illərində, həm müstəqillik
dövründə Ulu Öndər Heydər Əliyevin
bütövlükdə Azərbaycan cəmiyyətinin yüksəlişi
ilə bağlı xidmətlərinin əhatə dairəsi
olduqca geniş və qürurvericidir. Bunların
sırasında Heydər Əliyevin xüsusi diqqətlə
yanaşdığı məsələlərdən biri cəmiyyətdə
hüquqi dəyərlərin bərqərarı, ədalətin,
qanunçuluğun və qanunun aliliyinin təmin edilməsi
olmuşdur. Məsələyə bu kontekstdən
yanaşdıqda "Qoy ədalət zəfər
çalsın!" tezisini irəli sürən Heydər
Əliyevin hələ sovet hakimiyyəti illərində
ağır sosial bəla olan korrupsiya və rüşvətxorluqla
mübarizəsi, hüquqi islahatlardan xalqımızın maraqları naminə uğurla bəhrələnməsi,
qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi
istiqamətində prinsipial addımlar atması, məhkəmə
və hüquq-mühafizə orqanlarında sağlam mühitin
təmin olunmasına diqqətlə yanaşması xüsusi
qeyd edilməlidir. Bu baxımdan Heydər
Əliyev hələ sovet hakimiyyəti dövründə
respublikamızda vətəndaş-dövlət münasibətlərinin
mükəmməl hüquqi müstəvidə tənzimlənməsi,
insan hüquqlarının maksimum qorunması, qətiyyətli
ədalət mühakiməsinin həyata keçirilməsi,
humanizm ideyalarının möhkəm təmələ
çevrilməsi yolunda böyük nailiyyətlərə
imza atmış, bu istiqamətdə gözəl ənənələr
formalaşdırmışdı.
Heydər Əliyevin sovet
dövründə xalqımız qarşısında
hüquqi müstəvidə tarixi xidmətlərindən biri
də ittifaq səviyyəsində həyata keçirilən
hüquqi islahatlardan xalqımızın milli maraqları naminə
yararlanması olmuşdur. Xalqımızın
milli düşüncəsinə yeni nəfəs verən Heydər
Əliyev hüquqi islahatların yaratdığı imkanlardan
bu məqsədlə layiqincə bəhrələnmişdir.
Bu mənada bir tarixi faktı xatırlayaq. 1978-ci ildə yeni qəbul edilən Azərbaycan
Konstitusiyasında Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi Heydər Əliyevin xalqımızın
milli düşüncəsi naminə hüquqi sferada da cəsarətli
mübarizəsinin təcəssümü olmuşdur.
Heydər Əliyevin ilk dəfə
respublikamıza rəhbərliyi dövründə xüsusi
diqqət yetirdiyi məsələlərdən biri
bacarıqlı, intellektual və yüksək bilik səviyyəsi
ilə fərqlənən kadrların, əsasən də bu
keyfiyyətlərə malik yerli vətəndaşların məsul
vəzifələrdə önə çəkilməsi idi.
Heydər Əliyev hüquqşünas
kadrların seçilməsində də millilik amilinə diqqət
yetirməklə yanaşı, peşəkarlıq, ədalətlilik,
vicdanlılıq kimi vacib insani keyfiyyətləri əsas
götürmüşdür. Bu çərçivədə
görülən tədbirlər sırasında ozamankı Azərbaycan
Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul
prosesində şəffaf mühitin
formalaşdırılması Ulu Öndərin sayəsində
mümkün olmuşdu. O
zaman Hüquq fakültəsinin məzunu olan azərbaycanlı
gənclər Heydər Əliyevin kadr siyasətinin uğurlu təcəssümü
kimi məsul vəzifələrdə önə çəkildilər.
İllər ötsə də,
respublikamızın hüquqşünasları Ulu Öndərimizin
bu addımını böyük rəğbət və
ehtiramla xatırlayırlar.
Heydər Əliyev
böyük siyasi düha, görkəmli dövlət xadimi
idi. Ən əsası, vətənini sevən, xalqına
bağlı böyük vətənpərvər idi. Məhz
buna görə Heydər Əliyev Sov.İKP Siyasi Bürosunun
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsindən istefa verdikdən sonra
bütün təzyiqlərə, maneələrə rəğmən
Azərbaycana qayıtmış və ictimaiyyətin
çağırışı ilə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə və Azərbaycan Ali
Sovetinə deputat seçilmişdi. Naxçıvandakı
siyasi fəaliyyəti ilə Heydər Əliyev ilk növbədə
böyük uzaqgörənliklə xalqımızın
milli-azadlıq mücadiləsinin yeni mərhələyə
yüksəldilməsinə böyük təkan verdi. Təsadüfi deyil ki, həmin
illərdə Azərbaycanı dövlət müstəqilliyinin
bərpasına aparan yolda əsas nailiyyətlər öz mənbəyini
Ulu Öndərin Naxçıvanda həyata keçirdiyi tədbirlərdən
götürdü. Üçrəngli
bayrağımızın Naxçıvanda muxtar respublikanın
bayrağı kimi təsbit olunması, muxtar respublikanın
adından "sovet" və "sosialist" sözlərinin
çıxarılması, 20 Yanvar faciəsinə ilk dəfə
siyasi-hüquqi qiymətin verilməsi kimi cəsarətli
addımlar göstərirdi ki, Heydər Əliyev milli
mücadiləni həm də hüquqi sferada qətiyyətlə
həyata keçirir.
1993-cü ilin ağır iyun günlərində
xalqımızın Heydər Əliyevi böyük təkidlə
siyasi hakimiyyətə dəvət etməsinin də səbəbi
Ulu Öndərin Naxçıvanda həyata keçirdiyi
tarixi fəaliyyət, muxtar respublikanı işğaldan
qoruması, milli məsələlərdə qətiyyətliliyi,
prinsipiallığı və cəmiyyətin bütün
sosial zümrələrinin böyük şəxsiyyətə
olan inam və sevgisi idi. Bütün bunları dəyərləndirən
xalqımız əmin idi ki, respublikamızı üzləşdiyi
böhranlı vəziyyətdən yalnız Heydər
Əliyevin siyasi dühası xilas edə bilər.
Xalqın istək və arzusu ilə
hakimiyyət sükanının arxasına keçdikdən
sonra dövlətçiliyimizi və müstəqilliyimizi
bütün təhlükələrdən xilas edən Heydər
Əliyev respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş
hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunmasını özünün başlıca fəaliyyət
prinsiplərindən biri elan etmiş, bu ali
məqsədlərin gerçəkləşdirilməsinə
yönəlmiş çoxşaxəli tədbirlərin həyata
keçirilməsini daim diqqətdə saxlamışdır.
Ulu Öndərin ən
böyük tarixi xidmətlərindən biri Azərbaycanda
hüquqi dövlət quruculuğunu həyata keçirməsidir. Heydər
Əliyevin hüquqi dövlət quruculuğu yolunda ilk
addımlarından biri dövlətimizin hüquqi əsaslarını
müəyyən edən Konstitusiyanın qəbulu idi. Heydər Əliyevin
baş müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul
edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası
respublikamızda hüquqi dövlət quruculuğunun və
bütövlükdə bütün islahatların mükəmməl
hüquqi istinad mənbəyi olmuşdur. Ana
Qanun respublikamızın inkişafının əsas istiqamətlərini
müəyyənləşdirən prinsipləri özündə
əks etdirən fundamental sənəd olaraq Azərbaycanın
yüksəlişinə, o cümlədən hüquqi
islahatların həyata keçirilməsinə, dövlətin
hüquqi idarəetmə mexanizminin
formalaşdırılmasına yol açan təkmil bazaya
çevrilmişdir.
Müstəqil Azərbaycanın
ilk Konstitusiyası zamanın tələb və
çağırışlarından irəli gələrək
məhkəmə-hüquq islahatlarının da həyata
keçirilməsi üçün əlverişli zəmin və
şərait formalaşdırmışdır. Qanunçuluğun
güclü olması nə qədər mühümdürsə,
bundan irəli gələrək hüquqi mübahisələrin
ədalətli həlli də bir o qədər vacibdir. Bu
kimi məsələlər nəzərə alınaraq, Konstitusiyada hakimiyyətlərin
bölünməsi prinsipi əsasında məhkəmə
hakimiyyətinin dövlət idarəçiliyi sistemində
yeri müəyyənləşdirilmiş, müstəqil məhkəmə
hakimiyyəti ilə bağlı əsas müddəalar təsbit
olunmuşdur. Bu müddəalarla hər bir sahədə
yaranan münasibətlərin həlli məsələsi ədalət
mühakiməsini həyata keçirən məhkəmə
hakimiyyətinin səlahiyyətinə aid edilmişdir.
Ulu Öndər Heydər Əliyevin
yaratdığı Hüquq-İslahat Komissiyası tərəfindən
hazırlanan və 1997-ci ildə qəbul edilən "Məhkəmələr
və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi
haqqında" qanunlar respublikamızda məhkəmə-hüquq
islahatları çərçivəsində ilk addımlar
idi. Bu qanunların
hər biri dövrün
çağırışlarına cavab verən müstəqil
məhkəmə sisteminin formalaşdırılmasına və
fəaliyyətinə hüquqi təminat olmuşdur.
Məhkəmə
islahatları çərçivəsində mənəvi cəhətdən
təmiz, yüksək biliyə malik, peşəkar hakim
korpusunun formalaşdırılması da diqqət mərkəzində
saxlanılmışdır. Bunun üçün
1 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti
yanında məhkəmələrin təşkil edilməsi,
hakim vəzifəsinə namizədlərin seçilməsi,
habelə məhkəmələr və hakimlərlə
bağlı digər məsələləri öz səlahiyyətləri
dairəsində həyata keçirmək vəzifələrini
yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis
olunmuşdur. Bununla da hazırda məhkəmə
hakimiyyətinin müstəqil özünüidarə
orqanı olan Məhkəmə-Hüquq Şurasının
möhkəm bünövrəsi yaradılmışdır.
Ümummilli Lider Heydər Əliyevin
"Azərbaycan Respublikası məhkəmələrinin təşkili
və fəaliyyətinin təmin edilməsi haqqında" 17
iyun 1999-cu il tarixli fərmanına əsasən, qanunun aliliyi və
məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin
edilməsi, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin genişləndirilməsi
məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda
yeni - üçpilləli məhkəmə sistemi
yaradılaraq fəaliyyətə başlamış və
şəffaf prosedur əsasında hakim korpusu
formalaşmışdır. Həyata
keçirilən bütün bu tədbirlərin nəticəsi
kimi məhkəmə-hüquq sistemində köklü dəyişikliklər
praktik şəkildə özünü göstərməyə
başlamışdır.
Hüquq sistemi canlı
mexanizm kimi daim inkişafdadır və mütərəqqi təcrübə
göstərir ki, əgər bu sistem müasir
çağırışlarla uyğunlaşmasa,
qarşısında duran vəzifələrin yerinə yetirilməsində
ciddi axsamalar baş verər. Həm də
dövrün tələbindən irəli gələn
hüquqi islahatlar hüquqi cəmiyyətin
inkişafının fundamental şərtlərindəndir.
Bununla yanaşı, bütün istiqamətlərdə
aparılan çevik və səmərəli novator dəyişikliklər,
yeni trendlərin, informasiya kommunikasiyalarının həyatımıza
daxil olması məhkəmə-hüquq sferasında da
davamlı islahatları zəruri etmişdir. Ötən 20 ilə yaxın müddət ərzində
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət
həyatının bütün sahələrində baş
verən keyfiyyət dəyişiklikləri məhkəmələrdən
də yan ötməmişdir.
Xatırladım ki, hələ
2004-cü ildən Avropa Şurası ekspertlərinin
yaxından iştirakı ilə məhkəmə
orqanlarının fəaliyyətini tənzimləyən
mühüm normativ-hüquqi sənədlərin
hazırlanması - "Məhkəmələr və hakimlər
haqqında" qanuna əlavə və dəyişikliklərin
edilməsi, "Məhkəmə-Hüquq Şurası
haqqında" qanunun qəbulu, "Hakimlərin Seçki
Komitəsi haqqında Əsasnamə"nin, "Vakant hakim vəzifələrinə
hakim olmayan namizədlərin seçilməsi
qaydaları"nın təsdiqi, Hakimlərin Seçki Komitəsinin
yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq
sisteminin daha da təkmilləşdirilməsi baxımından
prinsipial siyasi iradə nümayişi kimi dəyərləndirilməlidir.
Cənab İlham Əliyevin
respublikamıza növbəti prezidentlik müddətinin ötən
5 ili bütün sahələrdə
olduğu kimi, məhkəmə-hüquq sistemində də
yeni islahatlarla əlamətdardır. Dövlət
başçısının "Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında" 3 aprel 2019-cu il tarixli fərmanı ilə
islahatlar bu sferanı da əhatə etmiş, mühüm
uğurların əldə olunması ilə nəticələnmişdir.
İslahatlara əsasən, 2020-ci il
yanvarın 1-dən inzibati-iqtisadi məhkəmələr ləğv
edilərək, onların yerində müvafiq inzibati məhkəmələr
təşkil olunmuş, həmçinin kommersiya məhkəmələri
yaradılmışdır.
Özəl ekspertizanın təsbit
olunması, mediasiya institutunun fəaliyyətə başlaması,
hakimlərin sayının üçdəbir qədər -
200 vahid artırılması, hakimlərin fəaliyyətinin
müasir tələblərə cavab verən yeni, şəffaf
qiymətləndirmə qaydalarının müəyyən
edilməsi islahatların uğurlu nəticələridir. Həmçinin
məhkəmə icraatı zamanı çevikliyin təmin
edilməsi, işlərə daha səmərəli
baxılması, bütövlükdə ədalət
mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə
bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklər
edilmiş, sadələşdirilmiş və yazılı
icraat genişləndirilmiş, proseslərdə videokonfrans,
habelə məhkəmə rüsumlarının
diferensiasiyası tətbiq olunmuşdur. "Elektron məhkəmə"
informasiya sisteminin bütün ölkəni əhatə etməsi
üçün tədbirlər görülmüş, cəza
siyasəti humanistləşdirilmiş, pandemiya zamanı
karantin şəraitində İKT-lər tətbiq olunmaqla, məhkəmə
proseslərində video formatdan geniş istifadə olunmuş,
vahid məhkəmə təcrübəsinin
formalaşdırılması üçün işlək
mexanizmlər yaradılmış, məhkəmələrin və
hakimlərin təminatı gücləndirilmişdir.
Bu gün möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
dövlətçilik tarixinin şərəfli
dövrünü yaşayır. İşğaldan azad
edilmiş torpaqlarımız sürətlə yenidən
qurulur, keçmiş məcburi köçkünlər tədricən
öz evlərinə geri dönür. Tariximizin
bu qürurverici mərhələsində məhkəmə-hüquq
sistemini də məsul işlər gözləyir. Çünki infrastrukturların yaradılması ilə
tezliklə Qarabağ və Şərqi Zəngəzurda məhkəmə
və ədliyyə qurumlarımızın da fəaliyyəti
təmin olunacaq, azad edilmiş hər bir şəhər və
rayonumuzda ədalət mühakiməsi sistemi
formalaşdırılacaq.
Azərbaycanda son dövrdə
həyata keçirilən islahatların ən təkmil
nümunələrindən biri məhkəmə-hüquq
sferasındakı keyfiyyət dəyişiklikləridir. Bütün
bunlar məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə,
nəticə etibarilə vətəndaş məmnuniyyətinin
yüksəldilməsinə xidmət edir. Əldə
olunmuş nailiyyətlər həm də ondan xəbər
verir ki, Ulu Öndər Heydər Əliyevin əsaslarını
yaratdığı mükəmməl hüquq sistemi Prezident
İlham Əliyev tərəfindən daha da gücləndirilir,
inkişaf etdirilir və dövrün nəbzini tutmaqla,
müasir hüquqi meyarlara uyğunlaşdırılır.
Mirzə
TAĞIZADƏ,
Bakı Apellyasiya
Məhkəməsinin hakimi