Azərbaycanın bugünkü iqtisadi uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur

 

Heydər Əliyev İli- 2023

 

Biz hamımız Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyini qoruduğu və etibarlı əllərə əmanət etdiyi Azərbaycanda yaşayırıq. Bu baxımdan "Heydər Əliyev mənim həyatımda" deməli olsaq, hər birimizin ürəkdolusu söyləməyə sözü var. Ümummilli Liderimizlə tanış olmaq, onunla söhbət etmək, üstəlik birlikdə işləmək, yəni çiyin-çiyinə eyni məqsəd və məramlar uğrunda çalışmaq özgə bir xoşbəxtlik idi. Belə bir xoşbəxtlik bizə - artıq yaşa dolmuş nəslin bir çox nümayəndəsinə qismət olmuşdur ki, onlardan biribu qeydlərin müəllifidir.

Dünya tarixində eyni şəxsiyyətin hər hansı bir ölkəyə, xalqa iki dəfə rəhbərlik etməsi tək-tək hallarda olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz həmin nadir şəxsiyyətlərdəndir. Həm də bu vəzifə Ulu Öndərimizin çiyinlərinə Azərbaycanın tarixinin bir-birinə bənzəməyən ayrı-ayrı dövrlərində, xalqın müxtəlif problemlər yaşadığı zamanlarda düşüb.

1960-cı illərdə keçmiş SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycanın iqtisadiyyatı bütövlükdə dərin böhran mərhələsinə qədəm qoymuşdu. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən çox geri qalırdı. Kənd təsərrüfatı da olduqca ağır vəziyyətə düşmüşdü. Bütün bu səbəblərdən əhalinin sosial vəziyyəti getdikcə ağırlaşırdı.

Məhz belə bir vaxt və şəraitdə - 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və respublikanı düşmüş olduğu ağır durumdan çıxarmaq üçün dərhal qəti tədbirlər görməyə başladı. Azərbaycan KP MK-nın 1969-cu ilin avqust ayında keçirilmiş plenumunda respublikada yaranmış vəziyyət ətraflı təhlil olundu.

Ulu Öndər dahiyanə uzaqgörənliklə hər məsələni dərindən ölçüb-biçərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını yaratdı. Respublika rəhbərinin tapşırığı və birbaşa nəzarəti ilə hərtərəfli dinamik inkişafı təmin edən kompleks inkişaf proqramları hazırlandı və tezliklə onların icrasına start verildi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın iqtisadi, siyasi, ictimai və mədəni həyatında intibah dövrü başlandı.     

Ümummilli Liderin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması da olduqca çətin bir dövrə təsadüf etdi. Bu dəfə ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının aradan qaldırılmasına, sakitliyə və sabitliyə yönəldildi. Cəbhədə atəşkəsə nail olundu. Sürətlə artmaqda olan inflyasiyanın qarşısı alındı. Dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə başlandı.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə gördüyü nəhəng işlərin nəticələrini bu günün özündə də digər rayonlarda olduğu kimi, bizim Göyçayda da görmək mümkündür. Göyçaylılar Ümummilli Liderin xatirəsinə böyük ehtiram bəsləyirlər və bu, səbəbsiz deyil. Belə ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə üç dəfə - 1972-ci, 1978-ci və 1981-ci illərdə rayonumuza səfər etmiş və hər gəlişindən sonra camaatımızın ciddi problemləri, taleyüklü məsələləri həll edilmişdir. Məsələn, Göyçayın mərkəzindən keçən Arvan çayının daşması nəticəsində şəhərə ciddi ziyan dəyir, evlər uçur, bəzi hallarda hətta insan tələfatı da olurdu. 1972-ci ildə Ulu Öndər Çöyçayda səfərdə olarkən ictimaiyyətlə görüşü zamanı həmin problem qaldırıldı. Heydər Əliyevin tapşırığı ilə Avran çayının başlanğıc hissəsində nəhəng bənd inşa edildi və sözügedən problem birdəfəlik həll olundu.

Ümummilli Liderin Göyçaya növbəti səfərlərindən sonra da rayonumuzda bir sıra mühüm yeniliklər baş verdi. Ulu Öndərin xüsusi tapşırığı ilə Qaraməryəm kəndi ərazisində Törə və Çərmədil dağlarına suvarma suyunun verilməsi məqsədilə tikilmiş böyük nasos stansiyası 800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaratdı. Bığır və İncə kəndlərində 75 çarpayılıq xəstəxanaların, Göyçayda nar emalı zavodunun tikilməsinə verilən göstərişlər də tez bir zamanda icra olundu.

Təəssüf ki, 1980-ci illərin sonu - 1990-cı illərin  əvvəllərində məlum səbəblərdən Azərbaycan iqtisadiyyatı tənəzzülə uğradı. Göyçay da çətin günlərini yaşayırdı. 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Heydər Əliyevin partiyanın sədri seçilməsi xəbərini rayonumuzun camaatı sevinc və rəğbətlə qarşıladı. Çünki Ulu Öndərin xalqa dayaq olduğunu heç kimheç vaxt unutmamışdı. Belə bir şəraitdə Göyçayda Heydər Əliyevin adı ilə bağlı olan bir partiyanın rayon təşkilatını təsis etmək çox şərəfli və eyni zamanda məsuliyyətli bir missiya idi. Odur ki, mənim kimi yüzlərlə insan Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının yaradılmasına ürəkdən qoşuldu. Bizə qarşı olanlar da var idi. Lakin xalqın məhəbbəti böyük qüvvədir, bunun qarşısına sədd çəkmək mümkün deyil. Təsis konfransımızı boykot etməyə çalışanların səylərinə baxmayaraq, R.Rza adına Mədəniyyət sarayında necə deyərlər, iynə atsan, yerə düşməzdi. Bütün yerlər dolmuşdu, ayaq üstə dayananlar da az deyildi. Təqvimdə 1993-cü ilin martı idi...

Bu dövrdə bütün respublikada olduğu kimi, rayonumuzda da vəziyyət dözülməz həddə çatmışdı. Hərc-mərclik, oğurluq, talançılıq baş alıb gedirdi. Aprelin son günlərində rayon icra hakimiyyətinin binası qarşısında mitinqlər keçirildi. Mitinq iştirakçıları yaranmış mövcud vəziyyətin aradan qaldırılmasını tələb edirdilər. Burada Heydər Əliyevin hakimiyyətə qayıtması barədə çağırışlar səsləndi.

Azərbaycan xalqının arzusu çin oldu. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. Qısa zaman kəsiyində Heydər Əliyevin böyük təşkilatçılığı, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi, ictimai-siyasi sabitliyi bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, mühüm qanunlar qəbul edildi. Beləliklə, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yaradıldı. Ümummilli Liderin qətiyyəti, prinsipiallığı, diplomatik səyi və böyük dövlətçilik təcrübəsi sayəsində dövlətçiliyimizə və müstəqilliyimizə qarşı edilən bütün qəsdlərin qarşısı alındı.

Bir daha deyim ki, Heydər Əliyev dühasının bu əvəzedilməz xüsusiyyətlərini əyani görmək, bu dahi şəxsiyyətlə görüşmək, söhbət etmək başqa bir aləm idi! Xoşbəxtəm ki, bunlar mənim qismətimə də düşüb. Mən YAP-ın Göyçay rayon təşkilatının təsisçisi və ilk sədri olduğumla da qürur duyuram.

2001-ci il aprelin 19-da Ulu Öndər məni Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin etdi. Bu, ömrümün ən unudulmaz günlərindən biridir. Ona görə yox ki, vəzifəyə təyin edilirdim, ona görə ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə həmsöhbət oldum. Ümummilli Liderimizin böyük ad-sanı, dünyadakı şöhrəti ilə yanaşı, necə maraqlı və səmimi bir insan olduğunu da əyani görürqürur duyurdum. Mənimlə xeyli söhbət etdi, o cümlədən rayonda Yeni Azərbaycan Partiyasının yaranma tarixini soruşdu, mövcud vəziyyəti xəbər aldı.

Ulu Öndərə o dərəcədə yaxınlıq hiss etdim ki, cəsarətlənib rayonun bir sıra problemlərini dilə gətirdim və bu məqam bölgənin sonrakı inkişafında mühüm rol oynadı. Mən həyəcanla danışır, o böyük insan isə diqqətlə dinləyirdi.

O zaman rayon mərkəzindən keçən çay şəhəri iki hissəyə bölürdüonun üzərində 1948-ci ildə tikilmiş körpü qəzalı vəziyyətdə idi, hər an uçmaq təhlükəsi vardı. Bu, baş versə, təkcə rayon üçün deyil, bütün ölkə üçün problem yaranardı. Bərgüşad-Ucar marşrutu ilə əlavə 75-80 kilometr məsafə qət etmək lazım gələrdi.

Bunu eşidəndə Heydər Əliyev soruşdu ki, bəs nə etmək lazımdır. Yenə də həyəcanla: "Körpü tikmək", - dedim.

Digər problemimizi xəbər aldı. Elə bunun da çayla bağlı olduğunu söylədim. Belə ki, yaz aylarında çay daşırdı. Güclü sel isə şəhərdə ən azı 200 evin su altında qalması demək idi. Odur ki, sahil-bərkitmə işləri tələb olunurdu.

Ulu Öndərin bu problemlərə necə reaksiya verdiyi indi də gözümdən getmir. Mənə bir söz demədən oturduğu kreslodan sola dönüb selektorun düyməsini basdı. Baş nazirlə danışırdı. Qoyulan məsələlərin həll edilməsini və əgər çətinlik olarsa, ona məruzə olunmasını tapşırdı.

O zaman ölkə çətin dövrünü yaşayırdı. Yeni tikiləcək körpünün dəyəri isə 950 min manat tuturdu. Odur ki, baş naziri də qınamalı deyildi. Lakin Ulu Öndərin dəstəyi ilə hər iki problem qısa bir vaxtda həll olundu. Yeni körpütikildi, çayın sahilində təhlükəli olan yarım kilometrə yaxın ərazidə 3 metr enində və 7 metr hündürlüyündə bənd də inşa edildi. Bu işlər yekunlaşmışdı ki, 2003-cü ilin iyun ayında Göyçay rayonuna gələn güclü sel nəticəsində köhnə körpü uçdu. Əvvəlcədən görülmüş işlər isə yüzlərlə evi seldən xilas etdi.

Bu yerdə məşhur bir bayatının iki misrasını xatırlatmaq yerinə düşür:

 

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

Ulu Öndərin özü deyirdi ki, gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür. Bütün fikirləri kimi, bu sözləri də dahiyanədir. Bu gün biz hər yerdə, hər sahədə Ümummilli Liderimizin həyata keçirdiyi, eləcə də təməlini qoyduğu işlərin bəhrəsini görürük. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil vətənimiz bütün çətinlikləri və maneələri dəf edərək zəfərdən zəfərə doğru gedirbu, tək bir sahəyə aid deyil. Ulu Öndərin əməllərinin yaşaması, arzularının çin olması, vəsiyyətlərinin yerinə yetirilməsi Azərbaycanımızı da, onun qürurlu vətəndaşları olan bizləri də yaşadır.

 

Nazim İSMAYILOV,

YAP Veteranlar Şurasının üzvü

 

Azərbaycan.- 2023.- 7 aprel.- S.5.