Yaxın qonşu həm də dost olanda...
İrakli Qaribaşvili: "Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm
strateji tərəfdaşımızdır"
Prezident İlham Əliyev və Gürcüstanın
Baş naziri İrakli Qaribaşvilinin Qəbələdə keçirilən
görüşünün nəticələri belə
qənaətə gəlməyə
əsas verir ki, Azərbaycanın sülh səyləri Qafqazda gedən bütün iqtisadi proseslərin aparıcı
qüvvəsidır.
Əvvəlcə onu qeyd edək ki, bu iki
dövlət bir-birinə
uzun illərdir ki, sıx dostluq,
müttəfiqlik əlaqələri
ilə bağlıdır
və müasir dövrdə ölkələrimiz
arasındakı diplomatik
əlaqələrin tarixi
1992-ci il noyabrın 18-dən başlayır.
Hazırda Gürcüstan regionda
Azərbaycanın ən
yaxın müttəfiqlərindən
biridir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
TRASEKA, Bakı-Tbilisi-Qars
və Trans-Anadolu Qaz Boru Kəməri
kimi qlobal enerji, nəqliyyat-kommunikasiya
layihələri birləşdirir
və ildən-ilə
bu əməkdaşlıq
dərinləşməkdədir. Gürcüstanın Azərbaycanla strateji
tərəfdaşlığını rəsmiləşdirən məqamlardan
biri də 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı "Trabzon razılaşması"dır.
Prezident İlham
Əliyev belə hesab edir ki,
Gürcüstan və
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi
üçün önəmli
rol oynayan ölkələrdir və
bu rol getdikcə
artmaqdadır: "Əlbəttə
ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə
əməkdaşlıq Avropanın
enerji təhlükəsizliyi
üçün də
böyük töhfədir".
Azərbaycanın Qafqazda uğurla tətbiq etdiyi sülh modeli Gürcüstan üçün
faydalı olmaqla yanaşı, həm də bizim təbii
qazımızın Avropa
istiqamətində stabil
ixracının təminatçısı
kimi çıxış
edir. Bu il dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac ediləcək.
Maraqlısı isə odur ki, bu rəqəm
ildən-ilə artmaqdadır.
2027-ci ilə qədər təkcə Avropaya nəql ediləcək qazın həcmi 20 milyard kubmetrə çatdırılmalıdır.
Artan iqtisadi qüdrətimiz imkan verir ki,
beynəlxalq iqtisadi layihələrin həllində
aparıcı qüvvəyə
çevrilək.
Məlum olduğu
kimi, Azərbaycan, Gürcüstan, Macarıstan
və Rumıniya
2022-ci il dekabrın
17-də Buxarestdə önəmli
sazişə imza atmış, bu ilin fevralında isə Bakıda "yaşıl enerji" layihəsinin birinci rəhbər komitəsinin
iclası keçirilmişdir.
Prezident İlham Əliyev bu layihənin xüsusi əhəmiyyət kəsb
etməsini Avropa İttifaqının artan diqqəti ilə izah edir: "Təsadüfi deyil ki, Avropa Komissiyasının
prezidenti imzalanma mərasimində də iştirak etmişdir".
Azərbaycan üçün bu gün ikitərəfli və həm də çoxşaxəli
əlaqələrin inkişafının
önəmli hissəsi
nəqliyyatla bağlıdır. Həm Azərbaycan, həm də Gürcüstan bu sahə üzrə
də uğurla əməkdaşlıq edirlər.
Bu səbəbdən Prezident
İlham Əliyevin proqnozları nikbindir:
"Beləliklə, yeni
yüklərin Orta dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz
həllini tapmalıdır,
tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda yüklərin
cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir".
Gürcüstan da özünü etibarlı
tranzit ölkəsi və tərəfdaşı
kimi sayır və bu istiqamətdə
daim fəaliyyətini
genışləndirir. Gürcülər Qara dənizin dibi ilə elektrik
kabeli çəkməyə
hazırlaşır, Orta
dəhliz məsələsini
inkişaf etdirirlər.
İrakli Qaribaşvili
"yaşıl enerji"ni Avropaya nəql etmək üçün Gürcüstanın
nəhəng potensiala
malik olduğunu və çox böyük perspektivlərin
mövcudluğunu bildirir:
"Bu bir gələcəkdir.
Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq.
Biz bunu da
müzakirə etdik".
Etibarlı tərəfdaş kimi Azərbaycanla Orta dəhliz layihəsində
Gürcüstanın məqsədi
yaxın gələcəkdə
bütün maneələri
aradan qaldıraraq infrastrukturu - dəniz limanlarını, dəmir
yollarını Azərbaycanla
birgə inkişaf etdirməkdir. Gürcüstanın Baş naziri
mətbuata açıqlamasında
həm də onu qeyd etdi
ki, onlar yeni limanın inşası üzərində
çalışır. Bir ildən sonra isə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişləndirilməsi layihələrini
həyata keçirəcəklər.
Bir sözlə, gürcülər
də onun marağındadırlar ki,
Orta dəhlizə daha çox yükün cəlb edilməsi reallaşsın. Qonşumuz üçün regionda sülhün və sabitliyin təmin edilməsi və qorunması xüsusi əhəmiyyət
kəsb edən məsələdir. Qaribaşvili belə hesab edir ki, sülh
regionda daha çox layihələrin həyata keçirilməsi
və qardaşlıq
mühitinin qorunması
üçün vacibdir.
Bu məqamda
onu demək yerinə düşərdi
ki, iki ölkənin
münasibətlərini gərginləşdirmək,
aralarını vurmaq istəyən qüvvələr
də var. Amma onların niyyətləri
baş tutan deyil. Bu gün Azərbaycanla Gürcüstan
arasında mövcud olan əməkdaşlıq
bütün sahələri
- ticarət, investisiya,
maliyyə, bank, enerji,
nəqliyyat, kənd təsərrüfatı, idman,
təhsil, mədəniyyət
və sair məsələləri əhatə
edir. Təsadüfi deyil ki, Gürcüstan Azərbaycanın
əsas ticarət tərəfdaşlarından biridir.
İki ölkə arasında ticarət dövriyyəsi
ildən-ilə artmaqdadır.
Bundan başqa, ölkəmiz Gürcüstanın ən
əhəmiyyətli investisiya
tərəfdaşlarındandır. İndiyədək Azərbaycan Gürcüstana
milyardlarla ölçülən
investisiyalar yatırmışdır.
Gürcüstana yatırılan investisiyaların
həcminə görə
ölkəmiz 2012-ci ildən
etibarən ilk yerdədir.
Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti
qeydiyyata alınıb.
700-dən çox Azərbaycan sərmayəli
şirkət, o cümlədən
SOCAR Gürcüstanda uğurla
fəaliyyət göstərir.
Bunu da xüsusi vurğulamaq lazımdır
ki, Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət
də SOCAR-dır.
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən
keçən dəmir
yolu xəttinin inşası üçün
Tbilisiyə 775 milyon
dollar həcmində kredit
ayırmışdı. Həmçinin "SOCAR
Energy Georgia" MMC Gürcüstanın qazla təmin edilməsində mühüm
rol oynayır. 2006-cı ildə qurulan bu şirkət
yalnız Gürcüstan
ərazisində fəaliyyət
göstərir. "SOCAR
Energy Georgia" MMC-nin əsas
fəaliyyət sahəsi
Gürcüstanda neftin
topdan və pərakəndə satışı,
neft və neft məhsullarının,
həmçinin mayeləşdirilmiş
qazın ölkəyə
idxalı, neft terminalı və anbarlarının tikintisidir.
Şirkət Gürcüstandakı neft satışının
72 faiz, dizel satışının isə
61 faizinə nəzarət
edir. Üstəlik,
Kulevi neft terminalı da bu
şirkətin ixtiyarındadır.
ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin
15.000 ton benzin ixrac edir.
Ölkələrimiz Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu, "Cənub-Qərb"
və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında
da fəal əməkdaşlıq edir.
Belə səmərəli münasibətlərin
nəticəsində hər
iki ölkənin ərazisindən keçən
tranzit yükdaşımaların
həcmi də artır. İqtisadi əlaqələrin perspektivləri isə nikbin gələcəyə
köklənir. Gürcüstanın
Baş naziri səmimi etiraf edir ki, Azərbaycanla,
Azərbaycan xalqı ilə bu sıx
dostluq və qardaşlıq münasibətləri
olduqca önəmlidir:
"Bizim dostluğumuzun
çox qədim tarixi var və
Azərbaycan təkcə
qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır.
Uzun illər ərzində biz müxtəlif sahələrdə
tarixi layihələri
həyata keçirmişik
və o layihələr
bizim xalqları, ölkələri daha da sıx birləşdirdi.
Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu belə
olacaqdır".
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2023.- 9 aprel.- S.1-2.