Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlıq məsələləri
müzakirə edilib
Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov və Buyar Osmani arasında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Geniş tərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub.
Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub. Ölkəmizin Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kibertəhlükəsizlik, kommunikasiya xətləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib.
İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb. Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda ATƏT-in üsul və vasitələrinin təşkilatın postmünaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi postmünaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Azərbaycan.- 2023.- 13 aprel.- S.2.