Azərbaycan-Qazaxıstan
müttəfiqlik münasibətləri dərin dostluğun və milli
maraqların vəhdəti zəminində inkişaf
edir
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici siyasət və beynəlxalq münasibətlər sahəsində ənənəvi olaraq apardığı intensiv fəaliyyət bu günlərdə də davam edir.
Dövlətimizin başçısı 7 apreldə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və onun başçılıq etdiyi nümayəndə heyətini Qəbələdə qəbul etmiş, Tacikistan və Qazaxıstana rəsmi səfərlərdə olmuşdur. Gürcüstanın Baş naziri ilə görüşdə müzakirə olunan əsas mövzular arasında Orta dəhlizin səmərəli fəaliyyət göstərməsi yolları, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin genişləndirilməsi və Gürcüstandan keçməklə Azərbaycandan Avropaya Qara dənizin dibindən çəkiləcək elektrik enerjisi xəttinin inşası kimi məsələlər mühüm yer tutmuşdur.
Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında münasibətlər tarixin sınaqlarından çıxmış və hazırkı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlmişdir. İki dost və qonşu xalq arasındakı münasibətlərin möhkəmləndirilməsində və inkişafında Ulu Öndər Heydər Əliyev önəmli və tarixi rol oynamışdır. Ulu Öndərin bu sahədəki xidmətlərini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də görüşdə xüsusi vurğulayaraq, onun xatirəsini ehtiramla yad etmiş və Heydər Əliyevin yüzillik yubileyini əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Prezident İlham Əliyevin aprelin 5-də Tacikistana etdiyi səfər də əlamətdardır. Səfər zamanı iki ölkə arasında 14 sənəd imzalandı. Bu sənədlər ikitərəfli əməkdaşlığın bir çox sahələrini, o cümlədən mədəniyyət, turizm, iqtisadiyyat, biznes, gömrük, hüquq-mühafizə, maliyyə və digər sahələri əhatə edir. Eləcə də Şuşa şəhəri və Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair protokol imzalandı. Bu da Vətən müharibəsində qazandığımız böyük zəfərin nəticələrinin beynəlxalq səviyyədə tanınmasının daha bir təzahürüdür. Tacikistan Prezidenti Emoməli Rəhmon Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında sıx dostluq münasibətlərinin əsasını qoyduğunu qeyd etdi və Heydər Əliyevin yüzillik yubileyinin Tacikistanda da yüksək səviyyədə qeyd ediləcəyini bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev növbəti rəsmi səfərini Qazaxıstana etdi. Ulu Öndər Heydər Əliyevə böyük hörmət və ehtiram dolu münasibət Qazaxıstanda xüsusilə nəzərə çarpırdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər.
Heydər Əliyev küçəsində türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayan elementləri ehtiva edən dərin mənalı bir monument də ucaldılıb. Monument üzərindəki QR kodu skan etməklə Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olur.
Prezident Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsinin açılışında deyib: "Heydər Əliyev kimi dünyamiqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir". Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Qazaxıstanda zəngin tədbirlər proqramı da həyata keçiriləcək.
Qardaş xalqlarımız arasında dərin dostluq münasibətləri var və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində böyük qazax bəstəkarı və mədəniyyət xadimi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması kimi nəcib təşəbbüsü bu münasibətlərin səmimiliyinə bir nümunədir.
Azərbaycan-Qazaxıstan münasibətləri artıq strateji tərəfdaşlıqdan qarşılıqlı müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlməkdədir. Ötən il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı iki dövlət arasında "Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında" Bəyannamə imzalandı. Bu bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə yeni inkişaf dövrünün başlanması deməkdir. Prezident İlham Əliyevin aprelin 10-da həyata keçirdiyi səfər də məhz bu missiyaya xidmət edir və müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirir. Bu məzmun iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi geniş sahələrdə konkret, nəticəyönümlü birgə fəaliyyətləri özündə ehtiva edir. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolun Prezident İlham Əliyevin 10 aprel səfəri zamanı imzalanması müttəfiqlik münasibətlərinin konkret məzmunla zənginləşdirilməsi prosesini sürətləndirəcək.
Beləliklə, Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətləri dərin dostluğun və milli maraqların vəhdəti zəminində inkişaf edir. Prezident İlham Əliyev deyir: "Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir."
Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini
Azərbaycan.- 2023.- 13 aprel.- S.1; 3.