Cənubi Koreya şirkətləri Qarabağda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdır

 

Maliyyə naziri Samir Şərifov aprelin 13-də Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb.

Səfir Li İn-Yonq Azərbaycanın iqtisadi potensialı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, AvropaAsiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirak etməyə marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə hər iki ölkənin müharibədən sonrakı dövrdə dağıntıların aradan qaldırılması, yenidənqurma və bərpa işlərində ortaq tarixi xüsusiyyətlərə və oxşarlığa malik olduğu ifadə olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub.

Sonda Samir Şərifov qlobal miqyasda maliyyə və biznes dairələri üçün ən nüfuzlu tədbirlərdən biri hesab edilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının cari il mayın 1-5-də 56-cı illik toplantısının keçirilməsi üçün İncheon şəhərinin seçilməsi münasibətilə səfiri təbrik edib, Cənubi Koreyanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.

 

Azərbaycan.- 2023.- 14 aprel.- S.8.