Səudiyyə Ərəbistanı ilə KOB sahəsində
əməkdaşlıq imkanları müzakirə edilib
Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi qrupunun 5-ci iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələrinin və iş adamlarının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilmiş iclasda hər iki ölkədən müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnahın və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həmsədrliyi ilə keçirilmiş iclasda İşçi qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən ticarət, investisiya, KOB sahələrində mövcud əlaqələr və əməkdaşlıq imkanları, müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi üçün birgə tədbirlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir.
Azərbaycan.- 2023.- 14 aprel.- S.8.