Orta dəhlizə
maraq artıb
İlham Əliyev: "Bu dəhliz təkcə
tranzit imkanlarının genişləndirilməsi
baxımından deyil, müxtəlif sahələrdə
biznesin inkişafı üçün də mühüm əhəmiyyət
daşıyır"
İkinci Qarabağ
müharibəsində əldə edilmiş böyük Zəfərdən
sonra yaranmış yeni reallıqlardan biri də Zəngəzur
dəhlizinin açılması ilə Azərbaycanın Orta
dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutu) fəaliyyətinə mühüm töhfə verməsidir.
Son illərdə beynəlxalq
miqyaslı transmilli layihələrin reallaşmasında da
aktiv rol oynayan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti
təqdir olunmaqdadır. Çünki Prezident İlham Əliyevin
qlobal təşəbbüsləri ilə Azərbaycan Avropa ilə
Asiya arasında ticarət körpüləri yaradır. "Şərq-Qərb", "Şimal-Cənub"
nəqliyyat dəhlizlərinin fəal aktorlarından biri kimi
Azərbaycan üzərinə düşən bütün
öhdəlikləri yerinə yetirir. Bütün
bunlarla yanaşı, Cənubi Qafqazın lider dövləti
Orta dəhlizin daha səmərəli və etibarlı
marşrut olması üçün mütərəqqi təkliflər
irəli sürür. Bunlardan biri də Zəngəzur
dəhlizinin açılması təklifidir.
Hazırda Orta dəhliz uzaq
Çindən yüklərin Avropaya və Yaxın Şərqə
daşınması üçün ən təhlükəsiz
marşrutlardan hesab edilir. Bu marşrut
"Şimal" dəhlizindən orta hesabla 2500 kilometr
qısadır və dəmir yolu ilə səyahət müddətini
yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O,
həmçinin keçdiyi ölkələr arasında ticarətin
inkişafına kömək etmək iqtidarındadır.
Bu dəhliz həm də
tarixi Böyük İpək yolunun yenidən
canlandırılmasını şərtləndirir.
Orta dəhliz vasitəsilə
yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan,
Gürcüstan, Türkiyə və daha sonra Avropaya
daşınacaq. Bu dəhlizin əhəmiyyətini
artıran digər məsələ isə Rusiya-Ukrayna
müharibəsidir. Çünki Rusiya
vasitəsilə Asiyadan Avropa İttifaqı (Aİ)
bazarlarına məhsulların tədarükündə problemlərin
yaranması Orta dəhlizə olan marağı daha da
artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin
gücləndirilməsi Qərb ilə Şərq arasında
təbii körpü rolunu oynayan Azərbaycan üçün
böyük əhəmiyyət daşıyır.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat
Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət
edən blok qatarı yükləri orta
hesabla 20-25 günə Çindən Avropaya
çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas
üstünlüklərindən biridir.
Yaxın zamanlarda
reallığa çevriləcək Zəngəzur dəhlizinin
həm bölgə, həm də ümumilikdə Avrasiya
arealı üçün böyük əhəmiyyəti
danılmaz faktdır. Artıq xeyli müddətdir ki, İlham
Əliyevin nəzarəti altında bu istiqamtdə
böyük işlər həyata keçirilməkdədir.
İndi əsas məsələ dəhlizin quru
yollarının açılışına istiqamətlənib.
Bu istiqamətdə də 2 layihə
reallaşdırılır - Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu.
Horadiz-Zəngilan-Ağbənd dəmir
yolu xətti bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.
2021-ci il fevralın 14-də Prezident
İlham Əliyev Zəngəzur dəhlizinin
açılması istiqamətində reallaşması nəzərdə
tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın
10 noyabr Bəyanatının müddəalarına sadiqliyini
bir daha göstərdi. Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu xətti Zəngəzur dəhlizinin bir
parçasıdır. Dəmir yolu xəttinin ox üzrə
uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata
keçirilir. Layihə çərçivəsində
8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4
yolötürücü və ümumilikdə 300-ə
yaxın süni mühəndislik qurğusunun tikintisi
planlaşdırılır. Artıq
onların böyük əksəriyyəti reallaşıb.
Ümumiyyətlə, bu dəmir
yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki
bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının
azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında
əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan
arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin
yaranmasına böyük töhfə verəcək.
Bu dəhlizin
açılması ilə eyni zamanda Rusiya-Türkiyə,
Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir
yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji,
iqtisadi və siyasi əlaqələrin yaranmasına
böyük töhfə verə bilər.
Zəngəzur dəhlizi ilə
həm də Avropaya enerji ixrac edilməsi nəzərdə
tutulur. Ağcabədidə 330 kV-luq yarımstansiyanın
tikilməsi və xəttin Zəngəzur dəhlizi vasitəsilə
Naxçıvana çəkilməsi və həmin xətt
vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da
Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.
Ən önəmlisi isə
bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan
keçməklə Avropa ilə Asiyanı birləşdirən
bir layihəyə çevriləcək. Bu da öz
növbəsində Qarabağın gələcəkdə
iqtisadi potensialına böyük töhfə verəcək.
2021-ci il
oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan və Prezident İlham Əliyevin birgə təməlini
qoyduqları, Zəngəzur dəhlizinin bir parçası
olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil
yolunun da tikintisi davam etdirilir. Uuzunluğu 123,8
km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa
çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, Zəngəzur
nəqliyyat dəhlizi ölkəmizin ərazisindən
keçməklə Asiya ilə Avropanı birləşdirən
"Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsinə
çevriləcək Azərbaycan Avropa iqtisadi halqasını
Asiya ilə birləşdirən yeni bir nöqtədir.
Bu dəhliz həmçinin
qardaş Türkiyə Respublikası üçün önəmli
istisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən
istifadə edərək əsas iqtisadi tərəfdaşlarından
biri olan Azərbaycana birbaşa quru yolla bağlanacaq. Bu da öz növbəsində ikitərəfli
iqtisadi və turizm əlaqələrinin daha sürətli
inkişafına şərait yaradacaq. Digər
tərəfdən, Zəngəzur dəhlizi həm də
Türkiyə üçün Orta Asiyaya bir ticarət
qapısı rolunu oynayacaq və bu ölkənin türk
dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə
imkan verəcək.
2022-ci il iyunun 29-da Türkmənistanda
Xəzəryanı Dövlətlərin Dövlət
Başçılarının VI Zirvə Toplantısında
çıxış edərkən İlham Əliyev bir daha
diqqəti Orta dəhlizin fəaliyyətinə yönəldərək
bildirib ki, Avrasiyanın mühüm nəqliyyat və logistika
mərkəzlərindən birinə çevrilən Azərbaycan
"Şərq-Qərb" və "Şimal-Cənub"
beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında
mühüm rol oynayır. Azərbaycan Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə
səy göstərir. Bu marşrut Xəzəryanı
dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə
istifadə etməyə imkan verəcək və nəqliyyat
infrastrukturunun inkişafına dair yeni layihələrin həyata
keçirilməsinə şərait yaradacaq: "Biz
"Şərq-Qərb" və "Şimal-Cənub"
marşrutları üzrə Azərbaycan ərazisindən
keçməklə yükdaşımaların hər il
artmasını müşahidə edirik. Yeni
Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn
tranzit yüklərin həcmi artır. Bu
limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə
nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə
Azərbaycanın daha bir mühüm töhfəsi olub".
Bu il aprelin 10-da
İlham Əliyev Qazaxıstana rəsmi səfəri zamanı
da Orta dəhliz müzakirə mövzusu olub. Dövlət
başçılarının mətbuata bəyanatı
zamanı Prezident Kasım-Jomart Tokayev bildirib ki, Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun, Orta dəhlizin
potensialının tam üzə çıxarılması
böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən,
vahid nəqliyyat operatorlarının yaradılmasından,
texniki və tarif şərtlərinin modernləşdirilməsindən,
inzibati maneələrin aradan qaldırılmasından və
qapalı logistik dövrənin formalaşmasından gedir.
2022-2027-ci illərdə Orta dəhlizin inkişafına dair yol
xəritəsinin səmərəli
reallaşdırılması da böyük əhəmiyyət
kəsb edir: "Biz razılaşdıq ki, bu marşruta artan
maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına
üçüncü ölkələri cəlb etmək
lazımdır. Bütün bu tədbirlər,
habelə beynəlxalq tərəfdaşlarımızla sıx
qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində
yüklərin çatdırılmasının sabitliyini və
operativliyini təmin etməyə imkan verəcək".
İlham Əliyev isə
vurğulayıb ki, Qazaxıstan neftinin Azərbaycandan
keçməklə tranzitinin başlanması, Orta dəhlizin
imkanlarını tam həcmdə səfərbər etmək
üçün iki ölkənin nəqliyyat-logistika
infrastrukturlarının birləşdirilməsi üzrə
ciddi işin başlanması barədə qərarlar qəbul
edilib: "Bu gün biz "Şərq-Qərb"
marşrutu üzrə yükdaşımaların
artırılması ilə bağlı konkret rəqəmləri,
konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin
ən yaxın vaxtda öyrənilməsi üçün
müvafiq strukturların rəhbərlərinə
tapşırıqlar verdik".
Dövlət
başçılarının Astana Beynəlxalq Maliyyə Mərkəzinin
fəaliyyət ilə tanışlığı zamanı
İlham Əliyev sərmayədarların sərbəst fəaliyyəti
üçün etibarlı və münbit investisiya
mühitinin əhəmiyyətini xüsusi vurğulayıb. Orta dəhlizlə
bağlı müzakirələrin aparıldığını
qeyd edən dövlət başçısı bildirib ki, bu dəhliz
təkcə tranzit imkanlarının genişləndirilməsi
baxımından deyil, müxtəlif sahələrdə
biznesin inkişafı üçün də mühüm əhəmiyyət
daşıyır. Prezident Qazaxıstan ilə birgə
istehsalatların yaradılması və investisiya layihələrinin
reallaşdırılması üçün nümayəndə
heyətlərinin səfərlərinin önəmini qeyd edib:
"Biz bir çox hallarda paralel kursla hərəkət edirik
və Orta dəhliz vasitəsilə artıq bütün
infrastrukturları tam birləşdiririk".
Göründüyü kimi, regionun
inkişafı, təhlükəsizliyin təmin olunması istiqamətində
mühüm işlər görən, təşəbbüslərlə
çıxış edən Azərbaycan Orta dəhlizin
imkanlarını genişləndirəcək Zəngəzur dəhlizinin
açılması ilə həm də bölgənin nəqliyyat
mərkəzinə çevrilə bilər. Beləliklə,
Azərbaycan üzərindən yükdaşımaların həcminin
artması isə ölkəyə daxil olan valyutanı
artıracaq ki, bu da iqtisadiyyatımızın inkişafına
mühüm töhfə olacaq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2023.- 18 aprel.- S.1; 6.