Yaxşılığımız Ramazanla bitməsin
Oruc nədir? Bu sualın cavabını Azərbaycanda
ibadət edən də, etməyən də bilir. Bəs Allah onu niyə vacib
buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai
bilgisi belə yoxdur.
Elə bilirlər ki, oruc tutmaq gün
çıxandan gün
batanacan ac-susuz qalmaqdır. Və bununla da onlar Allah qarşısında
olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsl mahiyyətinin
nə olduğunu bilməyə isə həvəs göstərmirlər.
Allah deyir: "Ey iman gətirənlər!
Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib edildiyi kimi, sizə də vacib edildi
ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz" ("Bəqərə" surəsi,
ayə 183). Əlavə şərhə
gərək varmı? Allahın dediyi hər
sözün öz çəkisi, öz məna tutumu var. Sadəcə, bunu oxuyub dərk etmək lazımdır.
"Siz pis əməllərdən
çəkinəsiniz" - ayədə belə deyir Allah. Bu o demək deyil ki, yalnız Ramazan ayında pis əməldən uzaq durmaq lazımdır,
yalnız oruc tutulan 30 gün müddətində yaxşılıq
etmək, mərhəmət
nümayiş etdirmək
vacibdir. Halbuki xeyirxahlıq, yaxşılıq
etmək Allahın
yaratdığı ali
varlığın ömür
boyu ən ali borcudur. Ramazan ayı
isə insanlar üçün sınaq müddətidir. İnsan
30 gün nəfsi
ilə sınağa çəkilir. Nəfs təksə yeməkdən
imtina etmək deyil ki?! Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi
aydır. Ramazanda edilən
yaxşılıq, diqqət
və qayğıkeşlik
ən böyük əməldir. Amma bu əməllər 30 günlə
məhdudlaşmamalıdır. Bu müddət ondan
ötrüdür ki, insan ayılsın, ətrafına baxsın, yaxşını-pisi ayırd
edə bilsin. Qəlbində azacıq da olsa mərhəmət
duyğusu varsa, ürəyində
bir balaca yaxşılıq gəzdirirsə,
ədalət hissini itirməyibsə onları
bir ömür "xərcləsin". Yoxsa ki,
on bir ay "əlini yumulu saxlayıb" Ramazan ayı gələndə açmasın.
Bəşər övladı yaxşılıqdan
yoğrulmuş duyğularla
"silahlanıb". Bu "silah"dan son nəfəsə
qədər istifadə
etmək, onu bir saniyə olsun belə əldən yerə qoymamaq lazımdır.
O zaman heç bir pislik ona
qalib gələ bilməz. Yaxşılıq "silah"ı çox güclüdür.
Amma biz bu gücdən davamlı istifadə edə bilirikmi? Təəssüf ki, bu, bizim yadımıza yalnız Ramazan ayında düşür.
Bəzilərimiz yaxşılıqları Ramazana saxlayıb, qalan on bir ayda
"kor atı minib köndələn çapırıq". Gözləyirik
ki, Ramazan ayı gəlsin, bir yetimin başına
sığal çəkək,
başqa bir acın qarnını doyuraq, kədərdən əyilmiş bir qaməti dikəldək, gözyaşı silək,
bir xəstəyə çarə qılaq, xoş sözlərlə könül oxşayaq və s. Sonrakı aylar, Allah böyükdür,
bağışlayar.
Əslində isə, yaxşılıqlar
içdən gələndə
(daha Ramazan xatirinə yox) insanı böyüdür,
ucaldır. Bu cür
yaxşı əməl
sahibləri nə qədər ucada olsalar da, heç
vaxt başqalarına yuxarıdan aşağı
baxmırlar. Onlar o ucalıqda
da daha yuxarı
boylanıb ehtiyac sahiblərinə nəsə
kömək etməyə
çalışırlar. Belə yaxşılıq
sahibləri Allah ucalığına
az da
olsa yaxınlaşa bilirlər.
Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən
keçib onu tapdalamaq da insan
övladının xislətində
yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən
anlaya bilmirlər.
Pis əməl törətmək
gözlərini o qədər
kor edir ki, dünyada yaxşılığın olduna
inana bilmirlər.
Bəzən çalışsalar
da ki, yaxşı
bir iş görsünlər, yenə
də alınmır. Çünki zalımlıq, qəddarlıq
onlarla bərabər doğulur, qanlarında, canlarında olur. Onlar xilaskarını sancan əqrəb kimidirlər.
Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidir.
Bu, doğrudan da, belədir. Yaxşılıq insanları bir-birinə
bağlayan qızıl
zəncirdir, boyunbağıdır.
Bu zəncirin bir halqası qırılsa da, onu bərpa etmək mümkündür.
Amma pisliklər nə bir-birinə bağlanır,
nə də bərpa olunur. Ona görə də yaxşılıq və xeyirxahlıq etmək təkcə Ramazanda deyil, ilin on iki ayında lazımdır. Belə olarsa,
pisliklər də ayaq açıb yeriməz.
Təəssüf ki, din adamları da yaxşılıqlar haqqında daha çox Ramazan ayında danışırlar. "Ramazan on bir ayın sultanıdır",
- deyib onu qalan on bir aydan
üstün tuturlar.
Əlbəttə, Ramazanın digər
aylardan fərqi var. Amma Quranda bu
ayın o biri aylardan üstün olması xüsusi vurğulanmır, sadəcə,
kitabın Ramazanda nazil olduğundan bəhs edilir.
Gəlin yaxşılığımızı "sandığa yığıb"
Ramazan ayına saxlamayaq, o xislətimizdədirsə,
ömür boyu özümüz olaq.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.- 2023.- 18 aprel.- S.11.