Ombudsman Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq
ictimaiyyətə müraciət edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə deyilir: “Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür.
İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı cinayəti nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi müxtəlif ağır işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Eyni zamanda, kənd sakinləri arasında girov götürülənlər də olmuş və bu günədək itkin düşmüş hesab olunan həmin şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.
Bununla belə Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, mədəni və dini obyektləri də daxil olmaqla bütün infrastrukturu işğal dövründə tamamilə dağıdılaraq məhv edilib.
Başlıbel kəndi işğal edilərkən həyatlarını xilas etmək üçün mağaraya sığınmaq məcburiyyətində qalmış 62 dinc sakinin yeri aşkarlandıqdan sonra onlar Ermənistan tərəfindən silahlı hücuma məruz qalaraq soyqırımı cinayətinin qurbanına çevriliblər.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi Ermənistan silahlı qüvvələrinin amansızcasına qətlə yetirdiyi həmin şəxslərin dəfn olunduğu yerin aşkar olunmasına zəmin yaradıb və onların qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirildikdən sonra ayrı-ayrı dəfn olunub.
Lakin çox təəssüflər olsun ki, dinc azərbaycanlıların Ermənistan tərəfindən məruz qaldığı bu kimi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək,
dinc azərbaycanlılara qarşı
çoxsaylı cinayət əməllərini, o cümlədən Başlıbel qətliamını
törətməklə fundamental insan hüquqlarının kobud
şəkildə pozulmasında təqsirkar olan
Ermənistan tərəfinin tezliklə beynəlxalq hüquqi məsuliyyətə
cəlb edilməsi ilə bağlı qəti addımların
atılmasını tələb edirik”.
Azərbaycan.- 2023.- 19 aprel.- S. 11.