Hayastanın növbəti hərbi cinayəti
Vətən müharibəsinin üzərindən ötən iki il yarımlıq müddət ərzində Hayastan bölgədə sülhə nail olunmasına maneçilik törətmək üçün bəzi xarici havadarlarının da dəstəyi ilə davamlı şəkildə Azərbaycana qarşı təxribatlara əl atır, barışığın əldə edilməsinə süni əngəllər törədir. Xüsusilə son dövrlər təcavüzkar Hayastanın ölkəmizə qarşı hərbi və siyasi təxribatlarının intensivləşdiyi müşahidə olunur.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ iqtisadi zonasında sərvətlərimizin talanmasına, eləcə də Laçın-Xankəndi yolundan təyinatına uyğun olmayan istifadəyə qarşı ekofəallarımızın sözügedən yoldakı dinc aksiyası ilə bağlı dünyada hay-küy salmağa çalışmaları, cari il aprelin 11-də ölkəmizə qarşı növbəti təxribat törətmələri, ötən həftə Azərbaycanın iki hərbçisini əsir götürmələri və əsirlərə qarşı fiziki zorakılıq tətbiq etmələri, o cümlədən aprelin 14-də Hayastanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində dünyanın gözü qarşısında Azərbaycanın Dövlət Bayrağının bir dığa tərəfindən yandırılması məkrli ermənilərin ölkəmizə qarşı həyata keçirdikləri hərbi və siyasi təxribatların sadəcə bəzi nümunələridir.
Ermənistan ombudsmanı utanmadan yalan danışır
Ötən həftə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni mediasında yayılmış videogörüntülərdə əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub. Hayların etnik zəmində azərbaycanlılara qarşı törətdikləri növbəti zorakılıq faktını özündə əks etdirən bu görüntülərdən də aydın olur ki, ermənilər əsgərimizi möhkəm döyərək ona fiziki işgəncə veriblər.
Lakin Hayastan dünyanın gözü qarşısında törətdiyi bu vəhşi əməllərindən utanmayaraq yalan danışmaqdan da əl çəkmir. Hətta hərbi qulluqçularımıza baş çəkən Ermənistan ombudsmanı onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə həqiqəti özündə əks etdirməyən açıqlama verir.
Həmçinin Ermənistan Baş Prokurorluğu dumanlı hava şəraitində azaraq sərhədi keçən hərbi qulluqçularımıza qarşı absurd ittihamlar irəli sürərək cinayət işi açıb.
Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü zamanı Ermənistanda saxlanılan iki hərbçimizin məsələsini müzakirə edib və Azərbaycanın hərbçilərinin əsir götürüldüyü, onlardan birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, əsirlərin dərhal azad edilməsinin vacib olduğunu bildirib.
Hərbi qulluqçularımızın geri
qaytarılmaları ilə bağlı beynəlxalq qurumlara çağırış edilib
Azərbaycan ictimaiyyətində dərin hiddət, narazılıq və narahatlıq doğuran Hayastanın sözügedən təxribatı, hərbi qulluqçularımızı qanunsuz olaraq əsir götürməsi ilə bağlı vətəndaş cəmiyyəti, eyni zamanda əlaqədar qurumlar aidiyyəti beynəlxalq təşkilatlara müraciət ediblər. Həmçinin Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.
Müraciətdə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.
Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.
Yekunda ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.
Lakin təəssüf ki, əlaqədar beynəlxalq təşkilatlar hərbçilərimizin qeyri-qanuni əsir götürülmələri, onlardan birinə qarşı haylar tərəfindən fiziki zorakılıq təbiq edilərək nümayişkaranə şəkildə mediada paylaşmaları ilə bağlı heç bir narazılıq bildirmir, vətəndaşlarımıza qarşı müəmmalı laqeydlik nümayiş etdirirlər.
Kəmfürsət hayların fürsətlərini kəsməyi
də bilirik
44 günlük müharibənin gedişində belə heç zaman düşməninə qarşı hərbi cinayətlərə yol verməyən Azərbaycandan fərqli olaraq Hayastan riyakarlığından və təxribat əməllərindən vaz keçmir. Kəmfürsət haylar xislətlərindəki namərdlik və xəbislik hisslərinə xas davranaraq xalqımıza qarşı etnik zəmində cinayətlər törədirlər.
Hazırda Hayastanda əsir saxlanılan iki hərbi qulluqçumuzun timsalında ermənilərin cinayət əməllərinin şahidi oluruq. Bu həm də hər kəsə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin illərlə qeyri-qanuni şəkildə Ermənistan tərəfindən girovluqda saxlanılması ssenarisini xatırladır. 2014-cü ildə öz dədə-baba torpaqlarında əzizlərinin məzarını ziyarət edən bu mülki şəxslərimizi də Hayastan beynəlxalq hüquqa zidd olaraq girov götürmüş, illərlə çəkən girovluqda onlara olmazın işgəncələr vermiş, ölkəmizə qaytarmaqdan imtina etmişdi.
Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbə qanunsuz şəkildə girovluqda saxlanılmış Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azadlığa qovuşdurdu.
Azərbaycan hər zaman barış tərəfdarı olub və hətta müharibəni də regionda əbədi sülhə nail olunması üçün aparıb. Buna görədir ki, dövlətimiz 44 günlük müharibədən dərhal sonra iki ölkə arasında normallaşma istiqamətində fəal şəkildə danışıqlara başlayıb. Görünən isə odur ki, Hayastan ölkəmizin sülh təşəbbüslərinə adekvat davranmayaraq, 44 günlük müharibənin özü üçün doğurduğu ağır nəticələri unudaraq və çox güman ki, beynəlxalq havadarlarına güvənərək revanşizm hisslərinə qapılır, Azərbaycana qarşı hərbi və siyasi təxribatlar etməyə cürətlənir, necə deyərlər, odla oynayır...
Lakin Azərbaycanın da səbri hüdudsuz deyil və sülh danışıqlarının süni yollarla, təxribatlarla əbədiyyətədək uzadılmasına göz yummayacaq. Lazım gələrsə, "dəmir yumruq" yenidən işə düşəcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2023.-19 aprel.- S.11.