ABŞ Dövlət
Departamentinin baş müşavirinə Azərbaycan-Ermənistan
danışıqlarının perspektivləri barədə
məlumat verilib
Avqustun 3-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə
olan ABŞ Dövlət
Departamentinin Qafqaz danışıqları üzrə
baş müşaviri
Lui Bononu qəbul edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
Azərbaycanla Ermənistan
arasında sülh prosesi, danışıqların
perspektivləri və
bölgədə cari
vəziyyət müzakirə
olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə
zidd olaraq, Azərbaycan ərazilərindən
erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının,
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qarşı
iddiaları davam etdirməsinin, kommunikasiyaların
açılmasına maneçilik
törətməsinin bölgədə
sülh və sabitliyə xidmət etmədiyini diqqətə
çatdırıb.
Bununla yanaşı,
guya Azərbaycanın
erməni sakinləri blokadada saxladığı,
Laçın sərhəd-buraxılış
məntəqəsinin “qeyri-legitim”
olduğu barədə
iddiaların əsassız
olduğu vurğulanaraq,
Ermənistanın Laçın
yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı
təxribatları nəzərə
alınaraq, Azərbaycanın
erməni sakinlərə
yardım üçün
Ağdam-Xankəndi yolundan
istifadə təklifinin
qüvvədə qaldığı
bir daha xatırlanıb. Həmçinin
Azərbaycan tərəfinin
erməni sakinlərin
reinteqrasiyası səylərinə
Ermənistanın müdaxiləsinin
qəbuledilməz olduğu
bildirilib.
Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2023.- 4 avqust.- S. 9.