Fransa portalı Şuşa
ilə bağlı reportaj yayımlayıb
Fransanın “Musulmans
en France” portalı Azərbaycanın Qarabağ
bölgəsi, o cümlədən
Şuşa ilə bağlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rus İcması
sədrinin birinci müavini, siyasi icmalçı, CBC telekanalının
müxbiri Anastasiya Lavrina tərəfindən
dünyaşöhrətli fotojurnalist
Rza Deqati ilə birlikdə hazırlanan reportajda birinci müharibədən
sonra Azərbaycanın
Qarabağ bölgəsində,
o cümlədən Şuşada
ermənilər tərəfindən
törədilmiş kütləvi
dağıntılar və
talanlar barədə danışılır, şahid
ifadələrinə geniş
yer verilir.
Reportajda 2020-ci ildə
44 günlük müharibədə
azad edilən Şuşanın Azərbaycanın
mədəniyyət paytaxtı
olduğu bildirilir. Qeyd olunur ki, Şuşanın azad edilməsi Prezident, Ali
Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə
Azərbaycan Ordusunun keçirdiyi uğurlu döyüşlərin nəticəsidir.
Şuşa şəhərinin
azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü
bərpa edilib.
Süjetdə, həmçinin
Şuşanın tarixi
haqqında məlumat verilir.
Anastasiya Lavrina və Rza Deqati
Birinci Qarabağ müharibəsinin
iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı,
1992-ci ildə Şuşa
özünümüdafiə batalyonunun yaradıcısı
Ramiz Qəmbərovun ailəsində
olub. Milli Qəhrəmanın
qardaşı Hafiz Qəmbərov
və digər yaxınları onunla bağlı xatirələrini
bölüşüblər. Bildirilib ki, R.Qəmbərov
Şuşanı bütün
qəlbi ilə sevirdi və doğma şəhəri uğrunda son nəfəsinə
qədər döyüşdü.
Hafiz Qəmbərov Şuşada
olan evlərinin dağıntıları qarşısında
göz yaşlarını
saxlaya bilmir, başlarına gələnləri
nəql edir. Bildirir ki, 1992-ci ildə şəhər işğal
olunanda bütün əhali mal-mülkünü
qoyaraq şəhəri
tərk edib.
Reportajda Rza Deqati də şəxsən tanıdığı
Ramiz Qəmbərovla son görüşü
barədə xatirələrindən
danışır. Qeyd
edir ki, 1992-ci ilin aprelində Şuşa mühasirəyə alınanda
o, Ramiz Qəmbərovla çay
süfrəsində bir
şəkil çəkib
və onu “Şuşada sonuncu çay” adlandırıb.
Sonradan bu şəkil nəinki Azərbaycanda, bütün
dünyada ən məşhur fotolardan birinə çevrilib.
Rza Deqati Ramiz Qəmbərovun qəhrəmanlığından
da danışıb. Bildirib
ki, o, Şuşadan çıxmayacağını,
şəhəri müdafiə
edəcəyini və
son damla qanına qədər döyüşəcəyini
deyib, həyatda olduğu müddətdə
buradan heç bir düşmənin keçə bilməyəcəyini
qeyd edib. R.Deqati Ramiz Qəmbərovun
çox zarafatcıl biri olduğunu, yoldaşları ilə daim deyib-güldüyünü
bildirib.
Süjetdə, həmçinin
diqqətə çatdırılıb
ki, işğal illərində
Şuşadakı məscidlər,
tarixi və mədəniyyət abidələri
dağıdılıb, tanınmış
şəxsiyyətlərin, o cümlədən Natəvanın,
Üzeyir Hacıbəyli
və Bülbülün
büstləri vandalizmə
məruz qalıb və satılıb. Yalnız Şuşa azad edildikdən sonra həmin heykəllər əvvəlki
yerinə qaytarılıb.
Sonda vurğulanıb ki, Şuşa
uğrunda canlarını
qurban verən şəhidlərin ruhu bu gün şaddır.
Çünki onların
uğrunda canlarından
keçdiyi Şuşa
bu gün azaddır.
Azərbaycan.- 2023.- 4 avqust.-
S. 9.