Hayastan yenə
müharibə istəyir?
Azərbaycan açıq təhdidə,
sərhədləri boyunca
qüvvə toplanmasına
göz yummayacaq
Ermənistanın Laçın
sərhəd-keçid məntəqəsi
ilə bağlı
"humanitar fəlakət"
şousunun əsl məqsədi yavaş-yavaş
ortaya çıxır.
Təcavüzkar ölkə
Laçın buraxılış
məntəqəsinə Azərbaycanın
icazəsi olmadan humanitar yük adı altında maşınları gətirib
yığaraq növbəti
təxribat törədir.
Həmçinin son günlərdə tez-tez mövqelərimiz Ermənistan
silahlı qüvvələri
tərəfindən atəşə
tutulur. Bu onu göstərir ki, Hayastan nəyəsə
hazırlaşır.
Azərbaycan Müdafiə
Nazirliyinin yaydığı
məlumatda da qeyd olunub ki,
son günlər Rusiya sülhməramlı
kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan
ərazilərindəki qeyri-qanuni
erməni silahlı birləşmələrinin və
Ermənistan silahlı
qüvvələrinin qalıqlarının
aktivliyi müşahidə
olunur. Bildirilib ki, qanunsuz hərbi
birləşmələrin üzvlərinin
Qarabağ iqtisadi rayonunun bir neçə
yaşayış məntəqəsində
müxtəlif təyinatlı
döyüş texnikası,
xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi,
mülki əhalinin kütləvi şəkildə
silahlandırması faktları
da məlum olub. Planlaşdırılmış
şəkildə atəş
mövqeləri bir çox hallarda yaşayış evlərinin
yaxınlığında yerləşdirilir.
Qeyd olunan fəaliyyətlərin dayandırılması
barədə Azərbaycan
tərəfinin tələblərinin
dəfələrlə Rusiya
sülhməramlı kontingenti
vasitəsilə Ermənistana
bildirilməsinə baxmayaraq,
qeyri-qanuni erməni silahlı birləşmələrinin
daha da aktivləşməsi
və Azərbaycan ərazilərində intensiv
döyüş hazırlığı
tədbirlərini həyata
keçirməklə yeni
təxribatlara hazırlıq
işlərini görməsi
müşahidə olunur.
Nazirlik bəyan edib ki, baş
verə biləcək
istənilən hadisələrə
görə bütün
məsuliyyət məhz
Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə
düşəcək.
Ermənistan nə qədər silahlansa da, xeyri yoxdur
Milli Məclisin deputatı Sahib
Alıyev qəzetimizə
açıqlamasında deyib
ki, Azərbaycanın Müdafiə
Nazirliyinin yaydığı
məlumatda Ermənistan
silahlı qüvvələrinin
qalıqlarının yeni təxribat
hazırlıqları gördüyü
bildirilir və qarşı tərəfdən
belə hallara son qoyulması tələb edilsə də, nəticə yoxdur. Onlar bunun əksinə davranırlar.
Deputat vurğulayıb ki, sözügedən
ünsürlər yeni müdafiə
hədləri, səngərlər,
uzunmüddətli fortifikasiya
qurğuları yaradır,
yeni minalar basdırır,
intensiv döyüş
hazırlığı tədbirləri
həyata keçirir,
yaşayış məntəqələrində
müxtəlif təyinatlı
hərbi texnika, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirir,
hətta mülki əhalini də kütləvi şəkildə
silahlandırırlar: "Müdafiə
Nazirliyinin "baş
verə biləcək
istənilən hadisələrə
görə bütün
məsuliyyətin məhz
Ermənistanın hərbi-siyasi
rəhbərliyinin üzərinə
düşəcəyi" xəbərdarlığı onu
göstərir ki, işğalçı,
terrorçu və separatçı ünsürlərə
yaxşı heç nə vəd etməyən o "istənilən
hadisə" hər
an gözlənilir. Düşmən
özünü yenə
də bizim bir məsəldəki keçi kimi aparır. Ermənistan ordusu son günlər
Sədərəyin Heydərabad
və Kəlbəcərin
Mollabayramlı kəndlərindəki
mövqelərimizi də
atəşə tutur. Özü də o yerlərdən atəşə tutur ki, onlar bir zamanlar
azərbaycanlılar yaşamış
kəndlərdir".
Sahib Alıyev vurğulayıb
ki, haylar bir gün geri dönəcəyimizi
yaxşı bildiklərindən
Qərbi Azərbaycandakı
onlarla kəndi yaşayış üçün
tam yararsız hala salıblar. Amma bu gün işğaldan azad olunmuş torpaqlarımızda necə
quruculuq işləri aparılırsa, Qərbi Azərbaycandakı kəndlərimiz
də o cür abadlaşdırılacaq. İrəvandakılar
öz davranışlarıyla
o günü daha da yaxınlaşdırırlar: "Əgər düşünürlər
ki, Azərbaycan ərazi
bütövlüyünü açıq təhdidə,
Hindistandan 750 milyon
dollar dəyərində silah-sursatın
alınıb gətirilməsinə,
Fransayla İrandan hərbi texnika və avadanlıqların ötürülməsinə, sərhədlərimiz
boyunca qüvvə toplanmasına göz yumacaq, çox yanılırlar".
Rusiyanın xarici işlər nazirinin müavini Qaluzinin Ermənistanın səfiri
Harutyunyanla görüşərək
Qarabağdan danışdığını
xatırladan deputat əlavə edib ki, əgər Moskva regionda sülhün yaranmasında
maraqlıdırsa, onda
Qaluzinlə Harutyunyan arasında
söhbətin predmeti
"blokada", "humanitar
fəlakət" deyil,
Qarabağdakı qanunsuz
silahlı birləşmələrin
və terrorçu ünsürlərin oradan çıxarılması olmalıdır.
O xatırladıb
ki, Rusiya üçtərəfli
Bəyanatda üzərinə
belə bir öhdəlik götürsə
də, indiyədək
yerinə yetirilməyib.
Hayastanın əməlləri
növbəti müharibəyə
hazırlaşdığını göstərir
Milli Məclisin deputatı
Aydın Hüseynov qeyd edib
ki, Ermənistan sözdə
sülh danışıqları
aparsa da, əməlləri
növbəti müharibəyə
hazırlaşdığını göstərir.
İrəvanın Azərbaycanla
müharibə aparacaq
gücü olmadığını
vurğulayan deputat bildirib ki, amma bu xəyanətkar ölkə
həmişə başqalarına
arxalanıb, qonşu xalqlarla apardığı
müharibələrdə daim
onların silahından,
imkanlarından istifadə
edib: "İkinci Qarabağ müharibəsində
Azərbaycan təkcə
Ermənistanı məğlub
etmədi, həm də onun arxasında
duran gücləri məhv etdi. Bugünkü hay-küy də həmin məğlubiyyətdən qaynaqlanır.
Ermənistan uğursuzluqlarına
baxmayaraq, yenidən
BMT Təhlükəsizlik Şurasını
siyasi, hərbi və informasiyayönümlü
manipulyasiya kampaniyası
üçün alətə
çevirməyə cəhd
göstərir. Hayastan otuz
ilə yaxın müddət ərzində
BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
olunmuş dörd qətnaməsinin icrasına
və Təhlükəsizlik
Şurası sədrinin
işğalçı qüvvələrin
Azərbaycan ərazisindən
tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edən bir sıra bəyanatlarına
məhəl qoymayan bir ölkədir".
Bu qətnamələri qəbul
edən, altına imza atan ölkələrin
sonra yaradılan
ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri olduğunu
xatırladan A.Hüseynov
deyib ki, hər üçü dünyada
nüfuzlu, sayılan ölkə imicini itirənə qədər
Azərbaycan-Ermənistan münaqişəsində
ədalətin yanında
durmadılar, ermənilərin
işğalçı əməllərini
dəstəklədilər. "Həmin ölkələr
məsələyə yanaşmada
forma və üslublarını
dəyişsələr də,
mahiyyətlərini dəyişməyiblər.
Bu gün Ermənistanın
BMT Təhlükəsizlik Şurasına
müraciəti tam əsassızdır,
çünki etiraz predmeti Azərbaycan torpaqları, əraziləridir.
Rəsmi Bakı suveren ərazilərində
baş verənləri
özünün daxili
məsələsi hesab
edir, separatçılığı,
təxribat əməlləri
törədənləri və
onun arxasında duranları cəzalandırmağın
yollarını da bilir.
Dünya birliyi, nəhayət,
həqiqətin yanında
yer almalıdır. Əks təqdirdə çox şey itiriləcək".
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 16 avqust.-
S.1; 7.