Beynəlxalq təşkilatlar Ermənistanın
nazı ilə oynayırlar
Avropa İttifaqının
İrəvandakı missiyasının
ədalətsiz davranışları
heç bir məntiqə sığmır
Son günlər Ermənistanın siyasi manipulyasiyalarına inanan bəzi beynəlxalq təşkilatlar yenə də regionda baş verən prosesləri araşdırmadan
Azərbaycanın əleyhinə
müxtəlf fikirlər
səsləndirməkdədirlər.
İkinci Qarabağ müharibəsindən əvvəlki
dövrlərdəki ikili
standartlar prinsipi yenə işə düşüb. Hətta savaşdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması
üçün vasitəçilik
missiyasını üzərinə
götürən Avropa
İttifaqının Ermənistandakı
missiyası da onların sırasına qoşulub.
Qərbi Azərbaycan İcmasıın avqustun
14-də yaydığı bəyanatda
da bu məsələyə
toxunulub. Avropa İttifaqının Ermənistandakı
missiyasının ədalətsiz
davranışları ilə
bağlı yayılan
sənəddə bildirilir
ki, 30 il ərzində Azərbaycan
ərazilərinin işğalına,
yüz minlərlə
azərbaycanlının öz
doğma yurdlarından
qovulmasına laqeyd yanaşan təşkilatların
bu gün revanşist Ermənistana kömək etmək üçün dəridən-qabıqdan
çıxmaqları bir
daha özlərini
"hüquq müdafiəçisi"
kimi qələmə verən bir çox beynəlxalq qurumların, eləcə də Aİ missiyasının
Ermənistanın təbliğat
vasitəsinə çevrildiyini
sübut edir.
Həmin təşkilatların
belə qərəzli
və qeyri-obyektiv davranışları etimadsızlıq
mühitinin yaranmasına
səbəb olur, Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşmasına, regionda
sülh və sabitliyin təmin edilməsinə əngəl
yaradır.
Ümumiyyətlə, Vətən
müharibəsindən ötən
üç ilə yaxın müddətdə
Azərbaycan ərazilərində
erməni silahlı qüvvələrinin mövcudluğuna,
ərazilərimizin hər
fürsətdə minalanmasına,
təxribatlara məruz
qalmasına, məcburi
köçkünlərin öz
evlərinə geri qayıtmasına əngəl
yaradılmasına göz
yuman bir sıra təşkilatların
bu gün Ermənistanın manipulyasiyalarına
aldanıb qərəzli
bəyanatlar vermələri
riyakarlıq göstəricisidir.
Bu beynəlxalq qurumlar Ermənistanın
10 noyabr üçtərəfli
Bəyanatla müəyyən
olunmuş öhdəliklərinə
zidd olaraq, silahlı tör-töküntülərini
torpaqlarımızdan çıxarmamasına
nəinki qarşı
çıxmır, hətta
Laçın yolu vasitəsilə onların
silah-sursatla təchiz edilməsinə dolayısı
ilə şərait də yaradırlar. Qərbi Azərbaycan İcmasının bəyanatında
da qeyd edilib
ki, Aİ-nin icmanın müraciətlərinə
əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə
və prinsiplərə
fərqli yanaşma nümayiş etdirdiyini göstərir.
BMT-nin ermənipərəst mövqeyi göz önündədir
Ermənistan digər təşkilatlar kimi BMT Təhlükəsizlik Şurasını
da hərbi-siyasi və informasiyayönümlü
manipulyasiya alətinə
çevirməyə cəhd
göstərir. BMT Təhlükəsizlik
Şurası da 30 il ərzində dörd qətnaməsinə
və işğalçıların
Azərbaycan ərazilərindən
tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına
məhəl qoymayan Ermənistanın nazını
çəkir. Bu qurum bədnam qonşumuzun BMT TŞ-yə
əsassız iddialarla
müraciətinə həssas
yanaşmaqla, əslində
separatçılıq, işğal
və quldurluğa haqq qazandırır. Nəzərə almaq lazımdır ki, Laçın sərhəd
buraxılış məntəqəsindən
Xankəndiyə humanitar
yük adı ilə daşımaların
həyata keçirilməsinə
icazə verməmək,
əvəzində isə
ermənilərə daha
sərfəli, alternativ
Ağdam-Xankəndi yolunu
təklif etmək Azərbaycanın suveren hüququdur.
BMT-nin İnsan Hüquqları Şurasının
bəzi xüsusi məruzəçiləri və
müstəqil ekspertləri
də təxminən bir həftə əvvəl guya Azərbaycan tərəfindən
Laçın dəhlizinin
"blokadada" saxlandığı
və Qarabağ bölgəsində "gərgin
humanitar vəziyyət"
yarandığı iddiası
ilə çıxış
ediblər.
Azərbaycan ərazilərinin
işğalına düz
30 ilə yaxın göz yuman təşkilatın nümayəndələrinin
belə qərəzli
fikir səsləndirməsi
BMT orqanlarının, doğrudan
da, siyasi manipulyasiya alətinə çevrilməsini sübut
edir. Bu bir daha göstərir
ki, BMT-nin əslində yenidən, səlahiyyətli orqan kimi təşkil olunmasına ciddi ehtiyac var. Aİ və BMT də daxil olmaqla beynəlxalq
qurumlar, hansısa saxta və naməlum
ekspertlərə deyil,
həqiqi faktlara istinad etməli, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən
şəxslərə və
ya qurumlara inanmamalıdırlar.
Ədaləti bərpa
etmək üçün
şəffaf beynəlxalq
müdaxilə zəruridir
Qərbi Azərbaycan İcması həmçinin
"Human Rights Watch" və "Amnesty
International" təşkilatlarına da məktublar göndərərək Ermənistanın
etnik təmizləməsinə
məruz qalan, öz ata-baba yurdlarından didərgin düşən azərbaycanlıların
pozulmuş hüquqlarının
bərpasında iştirak
etmələrini istəyib.
Məktubda bildirilib ki, azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl
gətirməklə, beynəlxalq
konvensiya və müqavilələrə zidd
olmaqla, insan hüquqlarının çoxsaylı
və kobud pozuntularına səbəb
olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı
qırğın, terror,
hədə-qorxu törətməklə,
əmlaklarını qanunsuz
ələ keçirməklə
onların hərəkət
azadlığını və
resurslara çıxışını
məhdudlaşdırmaqla etnik
təmizləmə aparıb.
Həmçinin icma tərəfindən qeyd olunub ki, "Sizin müdaxilənizin, Ermənistandan qovulmuş azərbaycanlıların məruz
qaldıqları böyük
haqsızlıqların aradan
qaldırılmasında və
onların pozulmuş hüquqlarının bərpasında
mühüm rol oynayacağına inanırıq".
Danılmaz faktdır ki, Ermənistanın davranışları Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsi, "Mülki
və siyasi hüquqlar haqqında"
Beynəlxalq Pakt,
"İrqi ayrı-seçkiliyin
bütün formalarının
ləğv edilməsi
haqqında" Konvensiya
və digər beynəlxalq sənədlərdə
təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə
yol verməmək və insan ləyaqəti
prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu pozuntuları aradan qaldırmaq, zərərçəkmiş soydaşlarımızın
hüquqlarını bərpa
etmək, eləcə
də insan haqlarına, ədalət və bərabərliyə
sadiqliyi təsdiqləmək
üçün şəffaf
və güclü beynəlxalq müdaxilə
zəruridir.
Azərbaycan bölgənin
ən nüfuzlu ölkəsinə çevrilib
Görünən odur ki, uzun illər
boyunca Ermənistanın
ölkəmizə qarşı
törətdiyi müxtəlif
formalı təxribat və cinayətlər sözügedən beynəlxalq
təşkilatlar, eləcə
də tarixin arxivinə yola salınmış Minsk qrupunun keçmiş həmsədrləri tərəfindən
susqunluqla qarşılanıb.
Lakin Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə
edilən hörmətsizlikləri
unutmur, beynəlxalq qurumların ölkəmizin
daxili işlərinə
qarışmaq cəhdlərini
və ikili yanaşmalarını qəbul
etmir. Elə İkinci Qarabağ müharibəsində şanlı
zəfər çalan,
torpaqlarını hərbi
yolla işğaldan azad edən Azərbaycan BMT-nin 28 illik qətnamələrini
təkbaşına icra
etməklə də məhz bunu sübut edib. Artıq regionda yeni reallıqlar yaranıb, Azərbaycan bölgənin ən nüfuzlu və diktəedən ölkəsinə
çevrilib.
Ona görə də bu gün
bölgədə davamlı
sülhü və təhlükəsizliyi təmin
etmək, Ermənistanla
münasibətlərdə təmiz səhifə açmaq məqsədilə
Azərbaycanın təklif
etdiyi təkmil sülh modeli qəbul olunmalıdır.
Bu mənada Ermənistana ən yaxşı təsir göstərə biləcək
qüvvələr həm
də beynəlxalq təşkilatlardır. Belə
qurumların Ermənistanı
düz yola gətirməsi regionda əmin-amanlıq mühitinin
formalaşmasına gətirib
çıxara bilər.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 16 avqust.- S. 1; 7