Şuşa qəhrəmanlıq simvoludur
Azərbaycan əsgərinin qəhrəmanlıq
simvolu Şuşa həm də özündə şəhər
mədəniyyətinin qədim
incilərini yaşadan,
tarixi abidələri ilə zəngin olan bir şəhərdir.
Şəhər 549 qədim
bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş
küçələr, 17 məhəllə
bulağı, 17 məscid,
6 karvansara, 3 türbə,
2 mədrəsə, 2 qəsr
və qala divarları ilə məşhurlaşıb. O cümlədən
Şuşada dövlət
xadimlərinə və
tanınmış şəxslərə
aid, eləcə də mühüm sənət və tarixi əhəmiyyət daşıyan 72 tarixi bina qorunur.
Erməni işğalçıları
1992-ci ildə Şuşanı
işğal etdikdən
sonra bu tarixi şəhərin möhtəşəm abidələrinə
ciddi ziyan vurub, qədim mədəniyyət nümunələrini
məhv etməyə çalışsalar da, buna tam nail
ola bilməyiblər. Ordumuz Şuşanı düşmən işğalından
azad etdikdən sonra şəhərin infrastrukturu ilə bərabər, tarixi-memarlıq
abidələri də
bərpa edilərək
onlara yenidən həyat verilir.
Tədqiqatlar zamanı məlum olub ki, bu
abidələrin əksəriyyəti
XIX əsrdə yaşamış
memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən tikilmiş
və həmin dövrün ən məşhur nəqqaşı
Kərbəlayi Səfərəli
tərəfindən bəzədilmişdir.
Xatırladaq ki, nəinki Şuşada, Qarabağda olan bir çox tarixi abidə, xüsusilə məscidlərin
yaradılması memar
Kərbəlayi Səfixan
Qarabağinin adı ilə bağlıdır.
Şuşa şəhəri,
onun tarixi abidələrinin qorunması
həmişə dövlətimizin
diqqət mərkəzində
olub. Xüsusilə Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Şuşa şəhərinə
olan diqqət daha da artırılıb.
1970-ci illərdə Azərbaycan
hökuməti Şuşa
haqqında iki tarixi qərar qəbul edib. Şuşanın tarixi-memarlıq
abidələrinin yüksək
bədii əhəmiyyəti
nəzərə alınaraq,
1977-ci ildə Azərbaycan
hökumətinin qərarı
ilə Şuşa tarixi-memarlıq qoruğuna
çevrilmişdir. Həmin
qərarın icrası
Şuşanın sosial
və mədəni inkişafında böyük
əhəmiyyət kəsb
edərək şəhərdə
yeni sənət ocaqlarının yaranmasına,
bərpa, tikinti və yaşıllaşdırma
işləri sahəsində
yüksək nəticələrə
səbəb olmuşdur.
Bir sözlə, hər ötən il Şuşa gözəl bir yadigarı ilə yaddaşlara iz qoya bilib.
Təsadüfi deyil ki, 44 günlük
Vətən müharibəsindən
sonra Müzəffər
Ali Baş Komandanın işğaldan
azad olunmuş torpaqlara ilk səfəri məhz Şuşadan başlanmışdır.
2022-ci il "Şuşa
ili", daha sonra Şuşa türk dünyasının
mədəniyyət paytaxtı
elan edilmişdir.
Hazırda mədəniyyətimizin
paytaxtı, tarixi memarlıq abidələr muzeyi olan Şuşada
sürətlə bərpa-quruculuq
işləri aparılır.
Erməni vandalizminin hər cür eybəcərliklərini yaşamış
şəhərin tarixi
abidələrinə yenidən
can verilir. Tarixi-dini abidələr, Aşağı Gövhər
ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri bərpa edilərək ikinci həyatlarını yaşayırlar.
"Qazançı" kilsəsində
təmir-bərpa işləri
davam edir.
Şuşada
bərpa edilən tarixi abidələr sırasına şair və ictimai xadim Molla Pənah
Vaqifin muzey-məqbərə
kompleksini, onun yenidən qurulmuş büstünü, Azərbaycan
mədəniyyətində, incəsənətində müstəsna
yeri və rolu olan görkəmli
bəstəkar Üzeyir
bəy Hacıbəylinin,
Bülbülün, Natəvanın
heykəllərini, Milli
Xalça Muzeyinin Şuşa filialını,
Yaradıcılıq Mərkəzinin
əsaslı yenidənqurma
və bərpa işlərindən sonra açılışını, Cıdır düzündə
Mir Möhsün Nəvvab Qarabağinin bərpa olunan məzarını, Mehmandarovların
malikanə kompleksini, Sadıqcanın ev-muzeyini və digər abidələri əlavə
etsək, böyük
bir siyahı alınar.
Şuşa Azərbaycan
əsgərinin canı,
qanı ilə ucalan bir qəhrəmanlıq
abidəsidir. İndi bu abidəyə baxdıqca daha çox qürurlanır, iftixar duyuruq.
Elşən
QƏNİYEV
Azərbaycan.-
2023.- 24 avqust.- S.11.