Qəzəl ədəbiyyatının
ustadlarından biri
XIX əsrin sonu
- XX əsrin əvvəllərində
Şuşada, sonra isə Bakının zəngin ədəbi mühitində özünə
layiqli yer tutmuş İbrahim Məşədi Əbdül
oğlu Musayev dövrünün tanınmış
simalarından idi. O, daha çox İbrahim Tahir Qarabaği təxəllüsü
ilə şöhrət
tapmışdı. Zəngin
və çoxcəhətli
yaradıcılığa malik
İbrahim Tahirin poetik irsi, publisistikası
sağlığında kitab
halında nəşr
olunmayıb. Yalnız
2013-cü ildə, ölümündən
düz 70 il sonra ayrı-ayrı poetik əsərləri müxtəlif mətbuat orqanları və arxivlərdən toplanaraq
"Elm və təhsil" nəşriyyatında
işıq üzü
görüb.
İbrahim Tahir
Qarabaği 1869-cu ildə
Şuşa şəhərində
anadan olub. İlk təhsilini şuşalı Molla Əli Xəlifənin məktəbində alıb.
Burada ərəb və fars dillərini
mükəmməl öyrənib.
Elə bu məktəbdə təhsil
aldığı illərdə
də onda ədəbiyyata dərin həvəs yaranır. Fars şairlərinin əsərləri ilə yaxından tanış olur. 20 yaşından isə özü də Tahir (ərəbcə pak, təmiz) təxəllüsü
ilə şeir yazmağa başlayır.
XIX əsrdə Qarabağ ədəbi mühitində böyük
nüfuz sahibi olan Mir Möhsün
Nəvvabın "Təzkireyi-Nəvvab"
əsərində o zaman
hələ 22-23 yaşlarında
olan bu gənc
şair haqqında ətraflı söhbət
açılır, onun
fars dilində 22, Azərbaycan dilində isə 4 şeiri verilir.
İbrahim Tahir
Qarabaği gənc yaşlarından elmə, maarifə dərin rəğbət bəsləyir,
mətbuat orqanlarına
böyük maraq göstərirdi. Məhz bu marağın nəticəsi olaraq o, XX əsrin əvvəllərində
Bakıda nəşr olunan əksər qəzet və jurnallarla əlaqə yaradır. Ardıcıl olaraq həm publisistik məqalələri,
həm də kəskin ruhlu, ictimai məzmunlu şeirləri ilə həmvətənlərini cəhalətə,
geriliyə qarşı
mübarizəyə səsləyir.
Onların istiqlal arzularını tərənnüm
edir.
Zəmanəsinin tanınmış maarifpərvərlərindən
biri kimi şair müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq
dövlət qurumlarından
icazə alır.
1926-cı ilə qədər
Şuşadakı "Nərimaniyyə",
"Bünyadiyyə", "Kamaliyyə" və Şuşa birinci qızlar məktəbində
tarix müəllimi kimi çalışır.
Bakıya köçdükdən
sonra isə nəşriyyat sistemində
işləyir. Daha çox tərcüməçilik
fəaliyyəti ilə
məşğul olur.
O dövrdə Azərbaycan ziyalıları
müəyyən qütblərə
bölünmüşdülər. Məsələn, "Füyuzat"
jurnalı ilə
"Molla Nəsrəddin"çilər
arasında müxtəlif
məsələlərə münasibətdə kəskin
fikir ayrılığı
var idi.
İbrahim Tahir
Qarabaği isə bütün qütblərdən
olan ziyalılarla yaxın münasibət saxlayırdı. Onun Cəlil Məmmədquluzadə,
Əhməd bəy Ağaoğlu kimi görkəmli ziyalılarla
sıx dostluq əlaqələri vardı.
Şairin irsini ardıcıl şəkildə
nəzərdən keçirən
tədqiqatçılar ötən
əsrin 20-ci illərinin
ortalarından başlayaraq
Bakı mühitinin onun yaradıcılığına
müsbət təsir
göstərdiyini yazırlar.
Məhz bu dövrdən etibarən onun fəaliyyət çevrəsi genişlənir,
mövzu dairəsi çoxşaxəli istiqamətlərə
yönəlir. Bu həm də elə bir dövr
idi ki, ötən
əsrin 30-cu illərinə
doğru klassik Şərq və Azərbaycan şairlərinin
irsinə münasibət
müsbət mənada
dəyişir, tərcümə
sənətinin inkişafına
təkan verilir və fars dilini
mükəmməl bilən
tərcüməçi şairlərə
böyük ehtiyac yaranırdı. İbrahim
Tahir Qarabaği də bu prosesin
fəal iştirakçılarından
idi. Təsadüfi deyil ki, həmin
illərdə dahi fars şairi Əbülqasim Firdovsinin
"Şahnamə" əsərinin
ilk tərcüməçilərindən
biri məhz o olmuşdu. İbrahim Tahirin mükəmməl fars dili biliklərinə,
şairlik istedadına
və tərcüməçilik
bacarığına bələd
olan müəyyən
təşkilatların rəhbərləri
son dərəcə məsuliyyətli bir dövrdə "Şahnamə"nin
iki irihəcmli hissəsinin, "Zöhhak"
və "Gavə",
eləcə də "Səyavuş" hissəsinin
hərfi tərcüməsi
ilə yanaşı, onların Azərbaycan dilində nəzmə çəkilməsi işini
də İbrahim Tahirə həvalə etmişdilər.
O, üzərinə düşən
vəzifəni uğurla
yerinə yetirmiş,
1934-cü ildə həmin
dastanlar Ruhulla Axundovun elmi redaktorluğu ilə 5000 tirajla nəşr edilmişdi. Bu tərcümə işinin
yüksək uğurundan
irəli gəlirdi ki, "Şahnamə"nin
müvafiq hissələrinin ardınca
Ömər Xəyyam,
Xaqani Şirvani, Nizami Gəncəvi, Hafiz Şirazi, Əlişir Nəvai və başqa klassik Şərq şairlərinin əsərlərinin
Azərbaycan dilinə
tərcüməsi də
məhz ona etibar edilmişdi.
İbrahim Tahir
Qarabaği öz zəmanəsini qabaqlamış
şair idi. Şeirlərində ictimai-siyasi
motivlər xüsusi yer tuturdu. O, dünyaya, insana, cəmiyyətə açıq
bəsirət gözü
ilə baxırdı.
Bütün ictimai bəlaların kökünü
insanların cəhalətdə
yaşamasında, irfana,
elmə, mədəniyyətə
nifrətlə yanaşmasında,
qəflət yuxusuna qapılıb qalmasında
görürdü. Yalnız
öz mənfəətini
düşünən, başqalarının
fəlakətinə zərrə
qədər də acımayan cılız xislətli insanları qınayırdı.
Zahirdə millət adından
danışan, özünü
millətsevər kimi qələmə vermək
istəyən insanları
da şair satira atəşinə tuturdu. Onları heç olmasa müsəlman adətlərinə riayət
edərək möhtacı
olanlara kömək göstərməyə çağırır,
bunu savab iş kimi dəyərləndirirdi.
Üslub etibarilə romantiklərə,
daha çox romantizmin maarifçilik qanadına yaxınlaşan
İbrahim Tahir Qarabağinin əsərlərinin böyük
bir qismini qəzəllər təşkil
edir. Tədqiqatçıların
fikrincə, şairin məhəbbət mövzusunda
yaratdığı qəzəllər
həm dil-üslub, həm də məzmun və sənətkarlıq cəhətdən
klassik poeziyanın qəliblərinə yüksək
səviyyədə cavab
verir. Qəzəllərinin
parlaq bədii xüsusiyyətləri ilə
İbrahim Tahir Qarabaği Azərbaycanın
zəngin ənənələrə
malik qəzəl ədəbiyyatının
ustadlarından biri sayılır.
Əfsuslar olsun ki, şairin
əsərlərinin bir
qismi itib-batıb. Bir qismini isə məlumatlara görə, repressiya illərində təzyiqlərdən qorunmaq
üçün özü
yandırıb. Çünki
repressiya dalğası
İbrahim Tahir Qarabağinin də ailəsindən yan keçməmişdir.
Şairin böyük
oğlu Cəmil Berlində təhsilini bitirib, 1926-cı ildə Vətənə qayıdaraq
çalışmağa başlayıb.
Kiçik oğlu Əli Musayev Azərbaycanın görkəmli
rejissorlarından olmuş,
çəkdiyi qısametrajlı
sənədli filmlərlə
tanınmışdı. Ortancıl
oğlu Əzizin isə taleyi çox faciəli olmuşdu. 1929-cu ildə G.V.Plexanov adına
Xalq Təsərrüfatı
İnstitutunun Mühəndis-iqtisad
fakültəsini bitirən
Əziz "Azneftzavodlar"
trestinin rəis müavini vəzifəsinə
qədər yüksəlmiş,
amma sonra günahsız yerə tutularaq 1941-ci ilin 28 iyulunda güllələnmişdi.
Deyilənə görə,
şair də əlyazmalarının bir
qismini oğlu tutulan dövrdə sobada yandırmışdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2023.- 24 avqust.- S.11.