Sənətkarlar şəhəri
Bu qədim,
əsrarəngiz şəhər
salındığı ilk
illərdən diqqət
mərkəzində idi.
Təməli 1752-ci ildə
Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan
Şuşa şəhəri
xanlığın paytaxtı
oldu. Həmin dövrdə - XVIII əsrdə
Azərbaycanın ən
mühüm şəhərlərindən
biri kimi tanınmağa başladı,
Şuşa tezliklə
əhəmiyyətli iqtisadi
mərkəzə çevrildi.
Qarabağ xanlığının
ayrı-ayrı yerlərindən
Şuşaya sənətkarlar
dəvət olundu. Sənətkar məhəllələri
yaranmağa başladı.
Araşdırıcılar o zaman Şuşaya gələn silah ustalarına, dəmirçilərə,
xalçaçılara və
digər ustalara işləmək üçün
lazımi şərait
yaradıldığını qeyd ediblər. Belə ki, onlar
şəhərin ən
gözəl məkanlarında,
ən yaxşı evlərdə yaşayırdılar.
Zaman keçdikcə Şuşada sənətkarlar
şəhərin ən
zəngin sakinləri hesab olundular.
Şuşada Pənahabadi adlanan gümüş sikkə zərb olunurdu. Araşdırmalara görə,
Şuşa İbrahimxəlil
xan və Mehdiqulu xanın hakimiyyəti illərində
iri sənətkarlıq
və ticarət mərkəzinə, Qafqaz,
Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya və digər ölkələrdən
idxal, eləcə ixrac üçün iri bazaya çevrilib.
Şuşa sənətkarlarının
hazırladıqları məmulatlardan
almaq üçün
bir çox ölkədən tacirlər
gəlirdilər. Yüksələn
tələbat şəhərdə
kiçik müəssisələrin,
sənətkarlıq sexlərinin
çoxalmasına, keyfiyyətli
məhsullar hazırlayan
ustaların, usta köməkçilərinin sayının
artmasına təkan verirdi. Məlumata görə, XX əsrin əvvəllərində Şuşada
870 emalatxana, 2 minə
yaxın dükan var idi. 1830-cu ildə Şuşada 200 tacir ailəsi, 266 sənətkar yaşayırdı.
1897-ci ildə 1 416 tacir,
2 738 sənətkar qeydiyyata
alınmışdı. Sənətkarların
sayı 10 dəfə,
tacirlərin sayı
7,5 dəfə artmışdı.
Şuşanın təbii sərvətləri,
zəngin florası və faunası da burada müxtəlif
sənət sahələrinin
inkişafına şərait
yaradırdı. Sıx
meşələrindən seçilən
müxtəlif növ
ağaclardan mebel və musiqi alətləri hazırlanırdı.
Yamaclarında, dağlarında,
meşələrində bitən
gül-çiçəyinin hərəsi bir gözəllik nümunəsi,
can dəmanı idi. Xalçaçılara
isə həmin çiçəklər, otlar,
kollar, ağaclar həm də təbii boyaq hazırlamaq üçün
lazım idi.
Şuşada sənətkarlığın inkişafı
kənd təsərrüfatının
da genişlənməsinə
təsir göstərirdi.
Xalçaçılıq qoyunçuluğun, dabbaqlıq
maldarlığın inkişafına
təkan verirdi.
XIX əsrin əvvəllərində
Şuşa artıq sənətkarlar şəhəri
kimi tanınırdı.
Şuşa nəqqaşları,
bənnaları, daşyonanları,
memarları, dulusçuları,
sərracları, xəttatları,
silah ustaları, zərgərləri, toxucuları,
papaqçıları, çəkməçilərı,
dərzilərı, oyma
ustaları, dülgərləri,
dabbaqları və başqa peşələrdə
ixtisaslaşmış ustaları
ilə məşhur idi.
Araşdırıcıların
qənaətincə, bu
unikal şəhərdə
xalçaçılığın və toxuculuğun inkişafı xüsusilə
yüksək səviyyədə
idi. XIX əsrin əvvəllərində Şuşada
müxtəlif növ
parçalar istehsal edən 500 toxucu dəzgahı var idi. İpəkçiliyin
inkişafı fabriklərin
açılması ilə
nəticələnirdi. Məlumata
görə, artıq
XIX əsrin 60-cı illərində
şəhərdə illik
istehsal gücü 78 min rubla bərabər
olan 16 ipəksarıma
fabriki fəaliyyət
göstərirdi ki, bu, o zaman üçün
böyük nailiyyət
sayılırdı.
Şuşada az qala bütün
ailələrdə tikiş,
xalçaçılıq və toxuculuq dəzgahları var idi. Rəngkarlıq, dəri emalı, sabun bişirmə, eləcə də xırda dülgərlik işləri evlərdə
görülürdü. Zaman
keçdikcə mahir,
işgüzar ev ustaları peşəkar sənətkarlar kimi püxtələşirdilər.
Şuşalı zərgərlərin yüksək
əyarlı qızıl
və gümüşdən
hazırladıqları müxtəlif
məmulatlara - üzük,
sırğa, boyunbağı,
bilərzik, toqqa və başqa məmulatlara xarici bazarlarda tələbat var idi və
baha qiymətə satılırdılar.
Hələ yüzillər
öncə Şuşada
və ətraf ərazilərində zəngin
daş yataqlarının,
karxanaların olması
burada daşişləmə
sənətinin inkişafına
imkan yaradıb. XX əsrin əvvəllərində
Şuşada daşişləmə
sənətinin ayrı-ayrı
sahələri - bənnalıq,
heykəltaraşlıq, şəbəkəçilik,
oymakarlıq və digər sahələrdə
çoxlu usta var idi. Sənətkarlar
daşdan hörgü
daşı, tac və sütun daşı, bəzək daşı, künc və zeh daşı,
tavan daşı, minarə və günbəz üçün
daş, su daşı, kirkirə daş, xırman daşı, duz daşı, darvaza daşları, dəyirman daşları, məzar daşları və digər məmulatlar hazırlayırdılar. Tədqiqatlar
nəticəsində o da
məlum olub ki, Şuşada istehsal edilən daşlar
İran bazarında çox
yüksək alıcılıq
qabiliyyətinə malik
idi.
Tədqiqatçılar Qarabağda papaqçılıq
sənətinin mərkəzinin
Şuşa şəhəri
olduğunu qeyd ediblər. Şuşa sənətkarlarının hazırladıqları
"Girvənkə", "Qarabağı", "Dairəvi",
"Buxara", "Şirazi"
papaqları Azərbaycanın
müxtəlif bazarlarında,
eləcə də Şərq ölkələrində
satılırdı.
Şuşada sənətkarlığın boyaqçılıq,
xalçaçılıq, keçəçilik, papaqçılıq,
misgərlik, dəmirçilik,
başmaqçılıq, şərabçılıq, dəriçilik,
dərziçilik, sərraclıq,
nalbəndlik, daşişləmə
və digər qədim sənət sahələri XX əsrin ikinci yarısında da fəaliyyət göstərirdi.
Şuşa XIX əsrin axırları və XX əsrin əvvəllərində Qafqazın
musiqi mərkəzi kimi də şöhrətləndi.
Azərbaycanda tar, kamança, ud, nağara və başqa musiqi alətləri istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki məhz Şuşada açıldı.
100-dən çox ustanın
çalışdığı fabrikin məhsulları yalnız respublikamızda deyil, Orta Asiya,
Gürcüstan, Qazaxıstan,
Dağıstan və başqa sovet respublikalarına, həmçinin
Hindistan və Yaxın Şərq ölkələrinə ixrac
edilirdi. 1992-ci ilin mayında Şuşa təcavüzkar ermənilər
tərəfindən işğal
olunduqdan sonra vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, eyni zamanda Qafqazda yeganə Şərq Musiqi Alətləri Fabrikini də uçurub dağıtdılar,
nadir sənət nümunələrini taladılar...
2020-ci il noyabrın
8-dən - müzəffər Azərbaycan Ordusunun zəfərindən bəri
Şuşa azaddır.
Qədim və özünəməxsus, zəngin
ənənələrə malik Şuşanın sənətkarlıq müəssisələrinin
fəaliyyətləri tezliklə
bərpa olunacaq.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2023.- 24 avqust.- S.11.