Ruhlar şəhəri ruhumuzun şəhərinə
çevrilir
"Ağdam" günəş şüaları
ilə nurlanmış
işıqlı, ağ
ev deməkdir. Düz 30 il əvvəl Ağdam işğal olundu. 27 il sonra isə
azadlığa qovuşdu. Rayonun 204 min nəfər əhalisi var idi və onların
əksəriyyəti işğal
dövründə respublikanın
müxtəlif şəhər
və rayonlarında məcburi köçkün
kimi məskunlaşmışdı.
İndi hər
şey dəyişib.
Artıq üçüncü
ildir ki, Ağdam illərlə tamarzı qaldığı
azadlığın həzzini
yaşayır, evindən-eşiyindən
didərgin düşmüş
126 mindən çox ağdamlının
vətən, torpaq həsrətinə
son qoyulub. 30 ilə yaxın bir zaman kəsiyində
övladlarının əlindən
tutaraq Ağdama gedib onun gözəlliklərini
göstərib öyünə
bilməyənlər, ağrılı
və qürurlu yaddaşlarında ağdamlı
günlərinin xatirə
işığını yaşadanlar
bu gün Ağdama qovuşurlar. Qarabağın aranı ilə dağlıq hissəsini birləşdirən
Ağdam şəhəri
vaxtilə qədim tarixi və mədəniyyəti ilə
seçilirdi. Və bu seçkinlik də hər zaman ox olub mənfur erməninin gözünə batırdı.
Düşmən fürsət
gözləyirdi. Günlərin
bir günü həmin fürsət əllərinə düşdü. Müharibənin
qan-qadası ağdamlıların
sevincinə su qatdı, arzuları gözlərində qaldı. Bəşəriyyətin
ən ağrılı
prosesi olan işğal ağrısına
tuş gəldi ağdamlılar.
İşğal nəticəsində Ağdamın
1094 kvadratkilometr sahəsinin
846,7 kvadratkilometrini düşmən
viran qoydu. Bütöv 1 şəhər,
1 qəsəbə, 82 kənd
talan olundu, 27 il erməni vandallarının
tapdağı altında
inlədi. Bütün
bunlar azmış kimi işğal
illərində azğın
ermənilər Ağdamı
"özəlləşdirməyə"
çalışdılar. Gah
adını dəyişdirib
Tiqranakert qoydular, gah şəhərdə muzey
açdılar, gah da saxta dəlillərlə,
guya, bu yerlərdə vaxtilə ermənilərin yaşadığını
söylədilər. Bir
yandan da Ağdamdakı maddi-mədəniyyət abidələrini
dağıtdılar, şəhəri
yerləyeksan etdilər.
Bu, əslində, erməni faşistlərinin
bəşəriyyətə yönlənmiş cinayəti idi. Xislətində dağıdıcılıq,
talançılıq yuva
qurmuş erməni, "Ağdam mənimdir" dediyin nədir, Ağdamı viranə qoyduğun nə? Halbuki Ağdamdakı abidələr təkcə
Azərbaycanın qədim
dövrünü yox,
bütövlükdə Qafqazın
tarixini öyrənmək
baxımından çox
əhəmiyyətli idi.
İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi,
79 mədəniyyət ocağı,
15 şərab zavodu,
1 şampan zavodu, 10 istirahət mərkəzi var idi. Qarabağın
ən böyük musiqi məktəbləri bu rayonda fəaliyyət
göstərirdi. Ağdamın
təhsil ocaqları, xüsusilə ötən
əsrin ortalarında
fəaliyyətə başlayan
Dram teatrı, İkiillik Müəllimlər
İnstitutu, Kənd Təsərrüfatı, Tibb
və Musiqi texnikumlarında bütün
ətraf rayonlar üçün kadrlar hazırlanırdı. Ağdam
Azərbaycana görkəmli
dövlət, elm, mədəniyyət xadimləri
bəxş etmişdi:
Xudu Məmmədov, Adilə Namazova, Rəşid və Ziyəddin Göyüşovlar
və bir çox başqaları.
Sovetlər zamanı Ağdam təkcə Qarabağın
deyil, bütövlükdə
Azərbaycanın iqtisadi
potensialı böyük
olan rayonlarından idi. Rayonda ağır, yüngül və qida sənayesi inkişaf etmişdi. Zavodlar və kombinatlar, dəmiryol stansiyası və hava limanı günümüzə dağıntılar
altında gəlib çıxıb. Şəhərin
mərkəzində el
arasında "Od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan
Ağdam Çörək
Muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Bol məhsul verən münbit torpaqlarında kənd
təsərrüfatı inkişaf etmişdi. O torpaqlar 20 nəfər Sosialist Əməyi Qəhrəmanı
yetişdirmişdi.
Bu sadalananlar
və sadalanmayanların
fonunda təsadüfi deyil ki, Birinci
Qarabağ müharibəsində
Ağdam xalq arasında "Qəhrəman
rayon" adlanırdı. 6570 şəhid
verən Ağdamın
16 Milli Qəhrəmanı,
4950 qazisi var. Bir zamanlar var-dövləti
ilə seçilən
Ağdam şəhəri 2008-ci ildə "Lonely
Planet" jurnalı tərəfindən
"Qafqazın Hirosiması"
adlandırılıb. 2010-cu ildə ərəb
dünyasının ən
nüfuzlu televiziya kanalı olan "Əl-Cəzirə"
Ağdamı "Ruhlar
şəhəri" siyahısına
salıb. 2014-cü ildə alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan " Dağıdılmış
Ağdam" əsərini
bu şəhərə
həsr edib.
44 günlük Vətən müharibəsindən
sonra Ağdam canlanmağa başladı. "Biz elə bir şəhər,
elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır", - deyən
Prezident İlham Əliyevin birbaşa göstərişi və nəzarəti ilə Qarabağa qayıdış
proqramı çərçivəsində
Ağdamda dərhal bərpa-quruculuq işlərinə
başlandı. Öncə
yol tikintisindən başlayan bərpa-quruculuq
işlərinin bir qolu olan 4 zolaqlı Bərdə - Ağdam avtomobil yolu regionun 20-dən çox yaşayış
məntəqəsini əhatə
edir. Bu nəhəng yolun inşası,
demək olar ki, tamamlanmaq üzrədir. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər, həmçinin yol boyunca dairəvi suötürücü boru,
düzbucaqlı su keçidi və zəruri yerlərdə yeraltı keçidlərin
tikintisi 100 faiz yerinə yetirilib. Yolboyu beton bardyorların
və yaşayış
məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası və tamet daşlarının qoyuluşu sona çatdırılıb. Bu
yol Qarabağ torpağına yeni nəfəs, yeni ab-hava gətirəcək və regionda iqtisadiyyatın sürətli
inkişafına təkan
verəcək.
Qarabağa nəfəs
verəcək ikinci bir struktur da
azad edilmiş
ərazilərdəki sənaye
parklarıdır. Cəbrayıl
logistika və ticarət, Şuşa mədəniyyət və
turizm, Kəlbəcər
mədənçilik və
turizm mərkəzləri
olduğu kimi, Ağdam da sənaye
mərkəzi olacaq. Ağdam Sənaye Parkının təməlini 2021-ci ildə Prezident İlham Əliyev qoyub. Qarabağın dirçəldilməsi və
sənaye potensialının
inkişafı məqsədilə
yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini
əhatə edir. Sənaye parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial
və texniki zonalar, TIR parkı, tikinti materiallarının
satışı bazası
kimi hissələrə
bölünüb. Burada
tikinti materiallarının
istehsalı müəssisələri
yaradılır. Kənd
təsərrüfatı məhsullarının
qablaşdırılması ilə yanaşı, meyvə-tərəvəz konservləri,
ət və süd məhsulları, eləcə də şərab,
yem və gübrə istehsal olunacaq. Parkda xidmət sahələrinin, soyuducu kameraların təşkili
də planlaşdırılır.
Hazırda sənaye parkında 19 rezident fəaliyyət göstərir.
Avqustun ilk günlərindən rezidentlərin
sırasına qoşulan
sonuncu şirkət
- "AS İstehsal"
MMC 5,5 hektar
ərazidə investisiya
həcmi 5,4 milyon manat olan inşaat materiallarını istehsal
edəcək. 95 nəfəri
işlə təmin edən şirkətin məhsulları daxili bazarın tələbatının
ödənilməsinə yönəldiləcək.
Beləcə, viran
edilmiş Ağdam daha da böyüyəcək,
genişlənəcək. Vaxtilə
700-800 hektar ərazisi
olan Ağdam şəhəri baş plana əsasən, 100 min sakin üçün planlaşdırılır. Plana
görə, şəhərə
onun tarixi hüdudlarından başqa
əlavə olaraq bir neçə kənd də birləşdirilib. Əhalinin
70 faizi şəhər
ərazisinin 30 faizində
yaşayacaq.
Erməni vandallarının
viran qoyduğu Ağdamın bərpasını
gözləri ilə görmək, onun böyüyərək inkişafa gedən yolunda yaradılan şəraitə
şahid olmaq üçün avqustun
16-da Azərbaycanda akkreditasiya
olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdama
səfər etdilər.
Səfər zamanı
45 ölkə və
12 beynəlxalq təşkilatı
təmsil edən 100-ə
yaxın diplomat və hərbçiyə
30 ilə yaxın davam etmiş dağıntılar haqqında
məlumat verilib. Sonra onlar Ağdamdakı
genişmiqyaslı quruculuq
işləri, o cümlədən
yol tikintisi, kommunikasiya və şəhərsalma prosesləri
ilə yaxından tanış olublar.
Bu gün
Ağdamda hər daş üstünə daş qoyulduqca Ağdamın gələcək
ağ günləri üçün bir addım atılır. Bu addım Prezidentin 2020-ci ilin 23 noyabrında - qələbədən 15 gün sonra Ağdama səfəri zamanı söylədiyi sözləri
təsdiq edir: "Biz Ağdam şəhərini bərpa
edəcəyik. Heç
kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə
ki, böyük zəhmət tələb edir. Amma necə
ki, biz 44 gün ərzində birlik göstərmişik,
əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası üçün
də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərləri bərpa
edəcəyik, daha da gözəl şəhərlər olacaqdır".
Züleyxa ƏLİYEVA
Azərbaycan.- 2023.- 24 avqust.- S.10.