Başlıca şərt hasilat olsa da...
Qaz ixracının
artması üçün
həm də geniş nəql infrastrukturu vacibdir
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib.
Ötən ilin müvafiq dövrünə
nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb. Bu barədə Energetika Nazirliyindən operativ məlumatlara əsasən bildirilib.
Məlum olduğu
kimi, hazırda ölkəmizin əsas qaz hasilatı mənbəyi "Şahdəniz"
yatağıdır. Həmçinin
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarından neftlə
bərabər səmt
qazı da əldə edilir ki, onun xeyli
hissəsi təmənnasız
olaraq Azərbaycan dövlətinə təhvil
verilir - Səngəçal
terminalından SOCAR-a məxsus
kəmərlə "Azəriqaz"
sisteminə ötürülür.
SOCAR özü də
böyük həcmdə
mavi yanacaq hasil edir. Ölkəmizin
qaz mənbələrinin
sırasına indi daha bir yataq
da qoşulub. Keçən aydan Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən
100 kilometr cənub-şərqdə
yerləşən "Abşeron"
qaz-kondensat yatağının
işlənməsinin İlkin
Hasilat Sxemi (İHS) mərhələsi üzrə
hasilata başlanıb.
İHS mərhələsinin hasilat gücünü gündəlik 4 milyon kubmetr qaz və
12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı
nəzərdə tutulur.
Beləliklə, ilin əvvəlindən ölkədə çıxarılan
qazın 15,4 milyard kubmetri "Şahdəniz"in,
7,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin,
5,1 milyard kubmetri SOCAR-ın və 0,1 milyard kubmetri "Abşeron"un payına düşüb. "Azəri-Çıraq-Günəşli"
və "Şahdəniz"
yataqları istismara veriləndən cari il avqustun 1-dək isə AÇG-dən 211 milyard kubmetr, "Şahdəniz"dən 198 milyard
kubmetr qaz hasil edilib. Bu
dövrdə "Şahdəniz"
yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə qədəri ixraca yönəldilib.
İxracdan söz
düşmüşkən, qeyd edək ki, Energetika Nazirliyi cari ilin ötən 7 ayında xaricə qaz satışı barədə də məlumat verib. Bu göstərici 13,8 milyard kubmetr təşkil edib. Başqa sözlə, xaricə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox qaz ixrac olunub.
Hazırda Azərbaycan
6 ölkəyə - Gürcüstana,
Türkiyəyə, İtaliyaya,
Yunanıstana, Bolqarıstana
və Rumıniyaya mavi yanacaq göndərir.
Xatırladaq ki, Gürcüstan Azərbaycan
qazını 2006-cı ilin
sonlarından Cənubi
Qafqaz Boru Kəməri (CQBK) ilə alır. Türkiyəyə
qaz bu ölkənin
Gürcüstanla sərhədində
CQBK-yə birləşdirilən
280 kilometrlik borularla (bütövlükdə Bakı-Tbilisi-Ərzurum
adlanan kəmərlə)
2007-ci ilin yayından çatdırılır. 2018-ci ilin ortalarından Azərbaycan qazı qardaş ölkəyə
həm də TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri)
nəql edilir.
3500 kilometrlik "Cənub qaz dəhlizi"nin birinci qoluna - genişləndirilmiş
CQBK-yə bağlanan
TANAP digər tərəfdə
TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Dəhlizin sonuncu seqmenti TAP qazı 2020-ci ilin son günündən Avropaya ixrac edir.
Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard
kubmetr, Gürcüstana
isə 1,4 milyard kubmetr qaz satılıb.
Bu müddətdə Türkiyənin
TANAP-la aldığı qaz
3,3 milyard kubmetr təşkil edib.
Bu gün Azərbaycan qaz hasil edən
və onun ixracı üçün
mükəmməl infrastruktura
malik olan ölkə kimi diqqət mərkəzindədir. Avropanın
mavi yanacağa tələbatı artdığından
ölkəmizdən qaz
idxal etmək istəyənlərin sayı
getdikcə çoxalır.
Keçən il Azərbaycan
və Avropa İttifaqı arasında imzalanmış anlaşma
memorandumuna əsasən,
2027-ci il üçün qaz
təchizatımız iki
dəfə artırılacaq.
İxracın həcminin artırılması
və coğrafiyasının
genişləndirilməsi isə
kompleks tədbirlərin
həyata keçirilməsini
tələb edir. Hasilatın artırılması
ilə yanaşı, nəql infrastrukturu da təkmilləşdirilməlidir, yeni interkonnektorlar tikilməlidir
və s. Bir sözlə,
zaman "Cənub qaz dəhlizi"nin genişləndirilməsi
məsələsini gündəmə
gətirib. Bu dəhlizin
Avropa qolu olan TAP-ın ötürücülük gücü
artırılmalıdır. TANAP genişləndirilmədən
isə bu, mümkün deyil. Keçən il Yunanıstan-Bolqarıstan
Qaz İnterkonnektorunun
(IGB) istifadəyə verilməsi
ixrac coğrafiyasının
genişlənləndirilməsinə bir töhfə oldu. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri
olacaq ki, üç
Balkan ölkəsini əhatə
edəcək. Mövcud infrastukturun,
eləcə də inşa edilən əlavə xətlərin
yeganə məqsədi
enerji təhlükəsizliyinin
təmin olunmasıdır.
Bu il mayın
10-da Prezident İlham Əliyev
Ulu Öndər Heydər
Əliyevin 100 illiyi ilə bağlı müraciətində həmin
məsələyə bir
daha toxunaraq demişdir: "Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin
geosiyasi önəmi böyük dərəcədə
artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə,
bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha
da geniş coğrafiyanı
əhatə edəcək.
Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı
artırır".
İxracı artırmaq üçün
potensialımız da var. "Şahdəniz" yatağından
gözlənilən əlavə
hasilat, AÇG-nin vəd etdiyi "dərin qaz" bunu deməyə əsas verir. Artıq məhsul verən "Abşeron"un
ardınca hasilatını
gözlədiyimiz "Qarabağ"
və bir sıra digər perspektivli karbohidrogen mənbələrimiz də
var. Azərbaycanın
təsdiqlənmiş qaz
ehtiyatları 2,6 trilyon
kubmetrdir. Proqnozlaşdırılan
ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Başqa
sözlə, qarşıdakı
100 ildə Azərbaycan
həm özünü,
həm də bir sıra digər
ölkələri qazla
təmin etmək imkanına malikdir.
Flora SADIQLI
Azərbaycan.- 2023.- 24 avqust.- S.10.