XİN: Kanada tərəfinin bəyanatları bölgədə
sülhə və sabitliyə xidmət etmir
Kanadanın xarici
işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı
zamanı Azərbaycanın
Qarabağ bölgəsinə
istinadən ölkəmizin
ərazi bütövlüyünə
və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə
pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Xarici İşlər
Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə
Melani Jolinin erməni icmasının tədbirində çıxışı
zamanı səsləndirdiyi
fikirlərə dair şərhində bildirib.
“İlk dəfə
deyil ki, Kanadanın xarici işlər naziri bölgədə separatçılığı
və revanşist qüvvələri dəstəkləyən,
ermənipərəst hisslərin
açıq şəkildə
ifadə olunduğu birtərəfli bəyanatlar
səsləndirir.
Azərbaycan ərazilərinin Ermənistan
tərəfindən 30 ilə
yaxın davam edən işğalını
və yüz minlərlə azərbaycanlının
insan hüquqlarının
pozulmasını qınayan,
bu illər ərzində aparılan danışıqlar prosesinə
töhfə verəcək
və BMT Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrinin həyata
keçirilməsini dəstəkləyəcək
hər hansı bəyanatla çıxış
etməyən Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız
şəkildə bəyanatlar
verməsi qarşı
tərəfdən nümayiş
etdirilən qərəzli
yanaşmanın nümunəsidir.
Kanada tərəfinin bu kimi bəyanatları
bölgədə sülhə
və sabitliyə xidmət etmir və qəbuledilməzdir.
Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil”, - deyə Ayxan Hacızadə vurğulayıb.
Azərbaycan.- 2023.- 24 avqust.- S.6.